Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistan üzrə müşahidəçiləri fevralın 17-19-da bu ölkəyə səfərlərinin ardınca bəyanat yayıblar.
AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri - finlandiyalı Kimmo Kilyunen (Kimmo Kiljunen) və isveçli Boryana Aberqin (Boriana Åberg) bəyanatında deyilir:
“Laçın dəhlizindəki vəziyyət təcili hərəkət tələb edir. Bugünə olan vəziyyətə görə Dağlıq Qarabağ sakinləri regiondan kənara sərbəst hərəkət edə bilmirlər. Bizə məlumat verilib ki, onlardan 954-ü hələ də dəhlizin bu və ya digər basında ilişib qalıb. Dəhliz boyunca yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlılarının maşınlarının hərəkətinə imkan verilir ki, bu da əhalinin ehtiyaclarının təmin olunması üçün aşkar yetərsizdir”.
Həmməruzəçilər bildirirlər ki, səpin mövsümü ərəfəsində bütün növ nəqliyyatın hərəkətinin bərpasına ehtiyac var.
Qaz və elektrikin tez-tez kəsilməsi
Bu da qeyd olunur ki, qaz və elektrikin tez-tez kəsilməsi yerli sakinlərin hüquqlarının pozulması ilə nəticələnib.
Həmməruzəçilərin sözlərinə görə bir çox insanlar işlərini itiriblər, uşaqlar isə məktəbə gedə bilmirlər.
Bəyanatda 2022-ci ilin 22 dekabrında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri ilə verilmiş birgə bəyanat, Avropa İnsan Haqları Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı, Haaqa məhkəməsinin 22 fevral tarixli qərarı yada salınır.
Bu sənədlərin hamısı Azərbaycan hökumətini Laçın dəhlizi ilə hər iki tərəfə sərbəst hərəkətin təmin edilməsinə çağırır.
Kassetli sursat iddiaları
Kimmo Kilyunen və Boryana Aberqin bəyanatında habelə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunulur:
“...Biz Azərbaycan qoşunlarının Cermuk şəhərinə və Zod kəndinə hücumlarının nəticələrini müşahidə etdik. Biz qeydə aldıq ki, burada mülki zonalarda kassetli sursatdan istifadəyə aid sübutlar toplanıb və daha sonrakı ekspertiza üçün saxlanıb. Bizə Ermənistanın suveren ərazisi daxilində Azərbaycanın, bəzi hallarda mübahisəli sərhəd xəttindən çox içəridə olan hərbi mövqelərini göstərdilər.”
Daha sonra bəyanatda hər iki tərəfə sərhədin delimitasiyası ilə bağlı danışıqların sürətləndirilməsinə, habelə qoşunların təcili etimadyaratma məqsədilə sərhəddən simmetrik geri çəkilməsinə çağırış edilir.
Bu da qeyd olunur ki, Kimmo Kilyunen və Boryana Aberq müşahidələri barədə AŞPA Monitorinq Komitəsinin gələn iclasına məruzə edəcəklər.
Xəbər verilir ki, bu səfər zamanı həmməruzəçilər Ermənistanın Cermuk, Gorus və Vardenis şəhərlərinə baş çəkiblər.
Onlar habelə Gorusda Qarabağa qayıda bilməyən yerlilərlə görüşüblər.
Xatırlatma
Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.
Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.
Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.
Azərbaycan erməni tərəfini Laçın dəhlizi ilə minalar və başqa qanunsuz yüklər daşımaqda ittiham edir.
Azərbaycan öz qoşunlarının Ermənistan ərazisinə girməsi ilə bağlı ittihamlara cavab olaraq bildirir ki, delimitasiya olunmayan sərhəddə heç bir suveren ərazidən söhbət gedə bilməz.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.