Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 14:38

Qarabağda Azərbaycan rəsmiləri ilə yerli nümayəndələr arasında görüş olduğu bildirilir


Azərbaycan, Xankəndi şəhəri, arxiv foto
Azərbaycan, Xankəndi şəhəri, arxiv foto

Fevralın 24-də Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlılarla ermənilər arasında görüş olduğu bildirilir.

AzadlıqRadiosu erməni xidmətinin "Armenpress"ə istinadla verdiyi məlumatına görə, görüş bölgədə olan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.

Qeyd olunur ki, görüşdə bölgənin qaz və elektrik təminatının fasiləsiz verilməsi məsələsi müzakirə olunub.

Həmçinin bildirilir müzakirələr nəticəsində Ermənistandan Qarabağa gələn qaz kəməri və yüksək gərginlikli hava-elektrik xəttinin təmiri ilə bağlı razılıq əldə olunub.

Hələki bu görüş və müzakirələrlə bağlı məsələyə Azərbaycan rəsmilərinin mövqeyi bəlli deyil.

***

Bakı Ruben Vardanyanın vəzifədən getməsini şərh edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qarabağdakı separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyanın vəzifədən azad edilməsinə münasibət bildirib.

AZƏRTAC-ın xəbərinə görə, nazir deyib ki, Azərbaycan sülh gündəliyi çərçivəsində Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi müstəvidə inteqrasiyasına hazır olduğunu dəfələrlə bildirib:

“Amma haradansa gələn, kiminsə oyununu oynayan Vardanyan kimilər bizim tərəf-müqabilimiz ola bilməz.”

Nazir əlavə edib ki, bu layihənin arxasında dayananlar da sonunda bundan bir nəticə çıxmayacağını anladılar.

"Reinteqrasiya məsələsinə gəldikdə, dəfələrlə vurğulanıb ki, bu, beynəlxalq hüququn normalarına uyğun formatda aparılmalıdır”, - deyə Ceyhun Bayramov diqqətə çatdırıb.

Vardanyan vəzifəsindən azad edilib

Qarabağda separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan fevralın 23-də tutduğu vəzifədən azad edilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, “Qarabağ prezidenti” Araryik Arutyunyanın bu barədə qərarında Vardanyanın vəzifəsindən azad edilməsinin səbəbləri göstərilmir.

Amma Arutyunyan qeyd edib ki, Vardanyanın bu vəzifəyə təyin olunduğu vaxtdan keçən 4 ay müddətində xarici və daxili situasiya son dərəcə dəyişib.

O, Vardanyana Qarabağ əhalisinin vəziyyəti barədə “beynəlxalq agahlığı” artırdığna və blokada şəraitində bir çox daxili problemləri həll etdiyinə görə təşəkkürünü bildirib.

Keçən həftə Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakilə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev Qarabağ erməniləri ilə dialoqun keçirilməsi üçün Ruben Vardanyanın Qarabağdan getməsini şərt kimi irəli sürmüşdü.

Arutyunyan deyib ki, o “dövlət naziri” vəzifəsinə “Qarabağın baş prokuroru” kimi təqdim olunan Qurgen Nersisyanın namizədliyini təklif edib.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG