Keçid linkləri

2026, 24 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:19

Keçmiş səfir 'Epşteyn işi' üzrə tutuldu, buraxıldı

Piter Mandelson
Piter Mandelson

Britaniyanın ABŞ-dəkı keçmiş səfiri Piter Mandelson fevralın 24-də polis nəzarətindən azad edilib. Onun girov qarşılığında azadlığa buraxıldığı bildirilib.

"Reuters" Mandelsonun vəkillərindən şərh ala bilmədiyini yazır.

+++

Fevralın 23-də Londonda ölkənin ABŞ-dəkı keçmiş səfiri, Lordlar Palatasının keçmiş üzvü, Leyboristlər Partiyasının tanınmış siması Piter Mandelson həbs edilib. Məlumatı polis yayıb, amma saxlanılan şəxsin adını rəsmən açıqlamayıb.

72 yaşlı Mandelson vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir. İş onun mərhum amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə aiddir. ABŞ-də istintaq Epşteyni geniş insan alveri şəbəkəsinin təşkilatçısı sayır, onun qızları, azyaşlıları fahişəliyə cəlb etdiyini bildirir.

Mandelson ötən ilin sentyabrında ABŞ-də səfir postundan azad edilib. Belə ki, onun Epşteynlə əlaqələrinin bilindiyindən xeyli geniş olduğu üzə çıxıb. Onun adı FTB-nin dərc etdiyi "Epşteyn dosyesi"nin çoxsaylı materiallarında yer alır. Mandelsonun Qordon Braun hökumətində nazir işlədiyi vaxt Epşteynlə məlumat bölüşdüyü bildirilir.

Fevralın 19-da "Epşteyn işi" üzrə Böyük Britaniya kralı III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Endrü da həbs olunub, 12 saat sonra sərbəst buraxılıb. Endrü ilə bağlı istintaq davam edir.

Fevralda "Epşteyn işi" üzrə dərc edilmiş sənədlərdə adı keçən yüksəkvəzifəli britaniyalılara yeni ittihamların araşdırılması üçün xüsusi koordinasiya qrupu yaradılıb.

C.Epşteyn 2019-cu ilin yayında ABŞ-də saxlanılıb, 14 yaşlı qızlar daxil, qızların alveri və onların fahişəliyə cəlb olunması ittihamı ilə üzləşib. Həmin ilin avqustunda 66 yaşlı milyarder həbsxanada intihar edib. Onun dostu, məhkəmənin qərarına görə şəriki Gisleyn Maksvell insan alverinə və seksual istismar məqsədilə vasitəçiliyə görə 20 illik həbs cəzası çəkir.

Bir çox yüksəkvəzifəli şəxslər, siyasət və biznes adamları Epşteynlə tanış olub, onunla yazışıb. Sənədlərdən görünən odur ki, Endrü və Mandelsonun Epşteynlə dostluq əlaqələri olub.

XS
SM
MD
LG