Keçid linkləri

2026, 03 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 19:02

Norveç vəliəhd şahzadəsinin oğlu məhkəmə qarşısında. Parlament monarxiyanı saxlamağa səs verir

Kral ailəsi: (soldan sağa) Şahzadələr Sverre Maqnus, Marius Borq Höybi, İnqrid Aleksandra, vəliəhdlər Mette-Marit və Hokon.
Kral ailəsi: (soldan sağa) Şahzadələr Sverre Maqnus, Marius Borq Höybi, İnqrid Aleksandra, vəliəhdlər Mette-Marit və Hokon.

Fevralın 3-də Norveçin vəliəhd şahzadəsinin oğlunun ilk məhkəmə prosesi keçirilib. 29 yaşlı Marius Borq Höybi zorlamada və məişət zorakılığı ittihamları üzrə özünü təqsirli bilməyib, amma bəzi daha yüngül ittihamları etiraf edib.

Marius vəliəhd şahzadə Hokonun ögey oğlu, onun xanımı Mette-Maritin oğludur. Ona 38 ittiham irəli sürülüb, təqsirli bilinərsə, bir neçə il həbs cəzası ilə üzləşə bilər.

Höybinin kral titulu yoxdur, varislik sıralamasına da daxil deyil. Amma bu hadisə kral ailəsini sarsıdıb.

İttihamlar

Bugünkü prosesdə Höybi dörd zorlanma epizodu və bir məişət zorakılığı ittihamı üzrə özünü təqsirli bilmədiyini deyib. Digər ittihamlara gəlincə, təhqiramiz cinsi davranışda, sürət həddini aşmaqda, etibarlı sürücülük vəsiqəsi olmadan avtomobil sürməkdə təqsirini etiraf edib.

Məhkəmə başlamazdan öncə Höybinin anası da qalmaqal mərkəzinə gəlib. O, ABŞ-dən seksual cinayətkar Ceffri Epşteynlə əlaqə saxlamasını "səhv qərar" adlandıraraq üzr istəyib. Onlar Epşteyn 2008-ci ildə uşaqlarla bağlı cinsi cinayətlərə görə məhkum edildikdən sonra əlaqə saxlayıblar.

Höybinin işi üzrə aparıcı prokuror Sturla Henriksbö deyib ki, Höybi ilə istənilən norveçli kimi davranmaq lazımdır: "Bu ailənin üzvü olduğuna görə ona daha sərt, yaxud daha mülayim münasibət göstərilməməlidir".

İttihamnaməyə görə, Höybi bir halda cinsi əlaqə vasitəsilə, üç halda isə cinsi əlaqə olmadan zorlamada ittiham olunur, bəzi halları telefonuna çəkdiyi bildirilir. Yanvarda ona 3.5 kq marixuana saxlama və daşıma ittihamı da verilib.

Parlament monarxiyanı dəstəkləyib

Avropanın həyatda olan ən yaşlı monarxı – Kral Harald 2024-cü ildə infeksiyadan müalicə üçün xəstəxanaya yerləşdirilib.

Norveç parlamenti isə fevralın 3-də ölkədə monarxiyanın saxlanmasına səs verib, respublika idarə quruluşunu rədd edib. Ölkədə rəy sorğusu da kral ailəsinə ictimai dəstəyin azaldığını göstərir.

Monarxiya tərəfdarlarının fikrincə, bu quruluş sabitlik deməkdir, 1905-ci ildə İsveçdən ayrılıb müstəqillik qazanandan ölkədə özünü doğruldub.

Respublika tərəfdarları isə kral ailəsinin irsi imtiyazlarının demokratik cəmiyyətə xas olmadığını deyirlər.

XS
SM
MD
LG