Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:37

Taleh Bağırovun daha bir tərəfdarı həbs olunub


Nardaran məhbuslarının məhkəməsi davam edir

Bərdə sakini Elşən Abbasov həbs olunub. Daxili İşlər Nazirliyinin bu haqda məlumatında deyilir ki, Elşən Abbasovun üzərindən 1.9 qram heroin, «Naqan» tapançası, maşınından da qumbara, bıçaq və dəmir ling tapılıb.

Elşən Abbasova CM-nin 228 (qanunsuz silah saxlama) və 234-cü (narkotik əldə etmə, gəzdirmə) maddələri ilə ittiham verilib. İlkin istintaq dövrü üçün onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Amma Elşən Abbasovun yaxınları bu ittihamların yalan olduğunu, onun şərlənərək həbs edildiyini deyirlər. AzadlıqRadiosuna bildiriblər ki, onun həbsinin əsl səbəbi ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olmasıdır.

«Elşən «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Müxalifətin mitinqlərində də iştirak edirdi. Savadlı adamdır, Bərdədə kifayət qədər nüfuzu var. Onu şərləyiblər», - yaxınları belə deyir.

XATIRLATMA

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov Nardaran hadisələri ilə bağlı həbs edilib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bir müddət öncə əlavə iki nəfərin məhkəməsi başlanıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Bu yaxınlarda «Nardaran məhbusları»ndan 18-i vaxtından əvvəl azadlığa buraxılıb. Onların bəzilərinin azadlığa çıxmasına sayılı günlər qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG