Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:23

Bu yaz müharibə başlaya bilər... [video]


Müharibə yenidən qızışa bilər - Ekspertlər danışır
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Müharibə yenidən qızışa bilər - Ekspertlər danışır [A-Live]

Bu bahar Qarabağda yenə silahlar danışa, münaqişə yenə qızışa bilər. Münaqişə ətrafında son vaxtlar baş verənləri analiz edən şərhçilər Qarabağda bu yaz da qan töküləcəyini istisna etmirlər.

Səbəblər nədir? Nəticə nə ola bilər?

Fevralın 24-də Milli Məclisin iclasında deputat Zeynəb Xanlarova deyib ki, müharibə başlasın. Müğənni deputatın öz arqumentləri olub, vitse-spiker Bahar Muradova da ona cavab verib.

Buna da bax:​ Vitse-spikerin müharibəyə çağıran Zeynəb Xanlarovaya cavabı

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, münaqişənin qızışmasını Rusiya istəyir. Azərbaycanda da, Ermənistanda da rusiyameylli qüvvələr bunu dəstəkləyir:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Yazın ortası, yayın əvvəlində, genişmiqyaslı, keçən ilki aprel döyüşlərindən qat-qat geniş miqyasda döyüşlərin başlanması istisna edilmir. Bu, Rusiyaya əl verir. Necə ki o, aprel döyüşlərində siyasi uğur qazandı. Ən azı Ermənistan dedi ki, Rusiya sülhməramlılarının gəlməsinə etiraz etmirik. Özümüz çağırmırıq, amma etiraz da etmirik. Və əvəzində Ermənistanı həvəsləndirmək üçün onlara İsgəndər raketləri verdilər. İndi də daha geniş miqyaslı müharibə başlaya bilər və Rusiya öz ordusunu gətirib sərhəddə yerləşdirə bilər”.

Zərdüşt Əlizadə deyir ki, bu dəfəki müharibədə itki minlərlə ola bilər.

Buna da bax: Məmmədyarov Qarabağ görüşlərinə optimist yanaşmır

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün - fevralın 24-də deyib ki, o, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə nikbin yanaşmır, ermənistanlı həmkarı çıxışlarında müsbət bir şey müzakirə etməyə yer qoymur.

Məmmədyarov deyib ki, bu məsələləri gələn ay Moskvada, Minsk qrupunun həmsədri kimi Rusiya ilə görüşlərdə müzakirə edəcək, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Qarabağ münaqişəsinin həlli kimin əlindədir? Biz bunu Bakı sakinlərindən soruşmuşuq.

Qarabağ münaqişəsinin açarı kimin əlindədir?
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Bəs döyüşlərin yenidən başlanacağının göstəriciləri nədir? ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri bu haqda nə yazır?

Buna da bax:​ Nalbandian:“Dağlıq Qarabağın iştirakı olmadan həll mümkün deyil"

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da deyir ki, keçən ilin aprel döyüşlərindən sonra gözlənti var idi ki, vəziyyət dəyişəcək, amma belə olmadı, danışıqlar başlamadı. Keçmiş nazir deyir ki, danışıqlara Ermənistan mane olub:

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

"Problem həll olunmayıbsa, demək təhlükəli vəziyyət yaranıb"

Münaqişənin başlama ehtimalının olduğunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Kerri Kavano da yazır. Kentucky Universitetinin diplomatiya və münaqişə üzrə professor olan Kavano bu ay dərc olunmuş məqaləsində yazır ki, Qarabağ ətrafında münaqişə yenilənib və qarşıdakı 12 ay ərzində qarşıdurma yarana bilər.

Buna da bax:​ BMT Dağlıq Qarabağ danışıqlarını bərpa etməyə çağırıb

Kavano düşünür ki, davanı hər iki tərəf başlaya bilər:

"İlham Əliyev özü üçün belə bir nəticə çıxardı ki, real güzəştlərə getmədən də torpaqlar azad oluna bilər və o, Azərbaycanın hərbi üstünlüyündən qoşunların təmas xəttində strateji dəyişiklik etmək üçün istifadə edə bilər. Azərbaycan həmçinin kiçik miqyaslı hərbi əməliyyatlara başlaya, bununla xalqın etimadını qazana, pis idarəçilik və davamlı iqtisadi geriləmə ilə bağlı şikayətləri səngidə bilər. Aprel döyüşləri bu strategiyanın effektivliyini göstərdi".

Sergey Minasyan
Sergey Minasyan

Ermənistanda da münaqişənin başlanması müzakirə mövzusudur. Yerevanda, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan deyir ki, cəbhədə son günlər gərginliyin artması və itkilərin çoxalması onlarda belə bir rəy yaradır.

“Yerevanda fərqli fikirlər var. Amma ümumiyyətlə rəy belədir ki, keçənilki aprel hadisələrindən sonra bu cür hadisənin yenidən baş verməsi tamamilə mümkündür. Əgər Azərbaycan münaqişəyə başlayarsa, həm Ermənistan, həm də Dağlıq Qarabağ icması cavab verməyə hazırdır”.

Buna da bax:​ Cəbhədə yenə ağır silahlar eşidilir

Azərbaycanın müdafiə nazirliyi saytında “Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb” adlı videolar yerləşdirilib.

Orda bir neçə nəfərlik dəstələrin mərmi ilə məhv edilməsi əks olunub. Amma bu videoların nə vaxt çəkildiyi qeyd edilməyib. Müdafiə Nazirliyindən AzadlıqRadiosu-na deyiblər ki, bu videolar fevralda qeydə alınıb.

Keçən ilin aprel döyüşlərində hər iki tərəf onlarla itki verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG