Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 12:36

Pedaqoq: 'Dərslər formal keçilir, uşaqlar oxumur...'


Pedaqoji elmlər doktoru, Əjdər Ağayev

“Təhsil sistemində islahatlara məktəblərin təmirindən və dərslik yazılmasından deyil (baxmayaraq ki, bu da vacibdir - Ə.A), yeni pedaqoqların hazırlanmasından başlamaq lazım idi”.

Respublika Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayev belə deyir.

O, qeyd edir ki, Təhsil Nazirliyinin strateqlərinə görə, məktəbin gözəl interyeri, yeni mebel elə islahatdır, müəllimlərin peşəkarlığı isə ikinci dərəcəlidir.

“Təəssüf ki, təhsildə nələrin baş verdiyi haqqında çoxlarının dəqiq anlayışı yoxdur. Bizdə təhsil problemini təhsilin özünün daxilində həll etməyə çalışırlar. Amma biz məktəb daxilində nə etsək də, o, öz-özünə yaxşılaşa bilməz. Digər ölkələrin təcrübəsi də göstərir ki, müasirləşmə məktəbdə deyil, müəllimlərin hazırlandığı pedaqoji institutda başlamalıdır. Bunun üçün isə geri qayıtmaq və gələcək ali məktəb müəllimlərini, hələ məktəbdə hazırlamaq lazımdır. Burada biz bu prosesin bütün iştirakçılarını döndürən qapalı dairəyə düşürük”.

Buna da bax:​ İyunun 1-dən 14-nə qədər uşaqlar məktəbə elə-belə gedir”

"Buraxılış siniflərinin bəzi şagirdləri dərslərə getmir, repetitorlarla məşğul olur"

Ə.Ağayev müəllimlərin biliklərinin və peşəkarlıq keyfiyyətlərinin diaqnostik qiymətləndirilməsini vacib sayır. Ancaq əlavə edir ki, növbəti addımlar da proses iştirakçılarının öz səviyyəsini artırmasına, potensialını həyata keçirməsinə, müasir təhsil metodlarını tətbiq etməsinə təkan verməlidir.

“Dərslər formal keçilir”

“Bu, baş vermir. Niyə? Çünki heç də bütün müəllimlər yüksək əməkhaqqına iddia etmək üçün 18 saatlıq dərs yükü ala bilmir. Nəticədə dərs saatları eyni qalır, aşağı əməkhaqqı da. Bundan başqa, diaqnostikada aşağı qiymətlər alan müəllimlər əvvəlki kimi dərs deməyə davam edir. Nazirliyin bu layihəsi ümumilikdə məktəblərdə uşaqların təhsil səviyyəsinə təsir etməyib. Dərslər formal keçilir, uşaqlar oxumur, buna görə ölkədə repetitorluğun miqyası bu qədər böyükdür”, – pedaqoq vurğulayır.

"Əsas rolu məktəb direktoru oynayır..."

Şagirdlərin az qala beşinci sinifdən əlavə repetitorlara müraciət etdiyini deyən Ə.Ağayev bildirir ki, buraxılış siniflərinin bəzi şagirdləri dərslərə getmir, repetitorlarla məşğul olur.

Buna da bax: 'Dərs ilinin əlavə iki həftə uzadılmasına ehtiyac yoxdur'

“Beləliklə, məktəb əsas funksiyasını - uşaqlara bilik vermək, onlara bu bilikləri təcrübədə tətbiq etməyi öyrətmək funksiyasını itirir”, – deyən Ə.Ağayev Azərbaycan məktəblərinin problemlərinin müəllimlərin peşəkar olmaması ilə bitmədiyini qeyd edir. Onun fikrincə, əsas rolu məktəb direktoru oynayır.

Qeyri-formal pul yığımları, rüşvətxorluq...

“Bəzi məktəb direktorları vakansiyaları, dərs yüklərinin müəllimlər arasında bölüşdürülməsini nazirlikdən gizlədirlər. Bu cür faktların üstü açıldıqda isə, sanki direktorun bununla heç bir əlaqəsi yoxdur, müəllimi isə imtahan verməyə məcbur edirlər. Qeyri-formal pul yığımları bilavasitə məktəb direktorları ilə bağlıdır. Onlar məktəbə gəlir əldə edə biləcəkləri biznes malikanəsi kimi baxırlar . Valideynlərdən və müəllimlərin özlərindən hər bəhanə ilə pul yığılır. Baxmayaraq ki, büdcədən təmir, inventar və texnika alışı üçün vəsait ayrılır. Bu yaxınlarda bir müəllim mənə zəng etdi və məktəblərində direktora hədiyyə almaq üçün pul yığıldığını bildirdi. Mən ona bu barədə prokurorluğa və Təhsil Nazirliyinə məlumat verməyi məsləhət gördüm. Cavabda o, işini itirməkdən qorxduğunu, bu instansiyalara müraciət etmək və adını açıqlamaq istəmədiyini dedi. Ölkənin məktəblərində vəziyyət, bax, belədir”.

12 illik tədris ilinə keçmək lazımdır...

"Qeyri-formal pul yığımları bilavasitə məktəb direktorları ilə bağlıdır"

Problemlərdən çıxış yollarına gəlincə, pedaqoq deyir ki, ilk növbədə, 12 illik tədris ilinə keçidi təmin edilməlidir.

Buna da bax:​ Nazir Ali məktəblərə qəbulu artırmağı təklif edir

“Məktəb fənlərinin məzmununun yenilənməsi, elmin müasir inkişafına uyğunlaşdırılması, yüksək səviyyəli dərsliklərin hazırlanması, müəllimin zəruri metodik tədqiqatlarla kompleks şəkildə təmin edilməsi üçün bu vacibdir. Həmçinin, profilli yuxarı məktəb tətbiq edilməlidir. Hələlik bizdə orta məktəb başlanğıc, təməl və yuxarı məktəblərə zəif bölünüb. Amma məlumdur ki, uşağın yaşı nəzərə alınmaqla, onların hər birində tədris xeyli fərqlənməlidir. Uşaq 11 ili eyni məkanda və eyni kollektiv arasında keçirirsə, şərtlərin dəyişməzliyinə öyrəşir. Böyüyəndə insanın ətrafı hər zaman dəyişir və hər dəfə kollektivdə özünü yenidən isbat etməlisən”, – Ə.Ağayev bildirib.

Direktorlar adətən məktəblərdə pul yığılması ilə bağlı şikayətlərin həqiqətə söykənmədiyini bildirirlər. Bu məsləyə dəfələrlə Təhsil Nazirliyinin rəhbərliyindən də münasibət bildirilib.

Buna da bax:​ Azərbaycanda 55 minə yaxın uşaq təhsildən kənar qalıb

Nazirlik rəsmiləri deyiblər ki, əgər məktəblərdə valideynlərdən pul yığılması halları varsa bu barədə onlara məlumat verilməlidir. Ancaq bir qayda olaraq valideynlər rəsmi şəkildə şikayətlərə üstünlük vermirlər.

Təhsil Nazirliyindən o da bildirilib ki, əgər pul yığılmasına aid şikayətlər təsdiqlənərsə, həmin məktəbin direktoru və digər cavabdeh şəxslərlə bağlı ölçü götürülməsindən ötrü müvafiq qurumlara müraciət ediləcək.

Hətta təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində deyib ki, orta məktəblərdə pul yığılması inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də yaradacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG