Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:34

'Dərs ilinin əlavə iki həftə uzadılmasına ehtiyac yoxdur'


Azərbaycanda orta məktəb (arxiv fotosu)
Azərbaycanda orta məktəb (arxiv fotosu)

“Azərbaycanda təmiz 41 tədris həftəsi var. Bu da dünyada qəbul edilmiş bütün dərs müddətlərindən artıqdır. Biz tədris ilində şagirdlərimizə çox az tətil veririk, bu da məqbul deyil”

Tədris ili daha iki həftə uzadıla bilər. Belə bir təkliflə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov çıxış edib.

Bir çox mütəxəssislər, valideynlər dərs ilinin iyunun 15-dək uzadılmasından narazı olduğu halda bu müddətin daha iki həftə artırılması Azərbaycan şagirdlərinə nə verəcək?

Buna da bax:​ Dərslərin iyunun 14-də bitməsi narazılıq yaradıb

Cəsarət Valehov fikrini belə əsaslandırıb: “Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi, hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən, ən azı, 3-4 həftə geridəyik”. Və bu yerdə nazirlik rəsmisi sual edir: “Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq 2 həftə çox öyrənmək istəyirik”.

AzadlıqRadiosu “Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədovla bu yöndə müsahibəni təqdim edir:

Buna da bax: Məktəblərdə dərs ilinin müddəti artırılıb

Kamran Əsədov
Kamran Əsədov

– Kamran bəy, sizcə, başqa ölkələrlə müqayisə etsək, Azərbaycanda dərs ilinin uzadılmasına, Cəsarət Valehovun dediyi kimi, “iki həftə çox öyrənməyə” ehtiyac varmı?

– İlk növbədə qeyd edim ki, Azərbaycanda təhsil müddətinin dünya standartları ilə uyğunluğu çox azdır. Mən sizə bir neçə misal deyim. Məsələn, İngiltərədə bizdən fərqli olaraq, dini bayramların qeyd edilməsindən çəkinmirlər və buna yetərincə vaxt ayırırlar. Milad bayramına 15 gün, fevralda 5 gün, Pasxa bayramına 19 gün, mayın sonunda 5 gün tətil verirlər. Yay tətili isə iyulun 17-dən sentyabrın 5-ə qədərdir. Oktyabrda isə yenə 10 gün payız tətilinə çıxırlar. Biz bunları toplayanda görərik ki, İngiltərədə uşaqlara daha çox tətil verilir. Bununla belə, dərsin müddəti heç də az deyil. Ancaq biz tətilləri tədris ilinin gedişində vermirik, onu ilin sonuna saxlayırıq. Sualınıza gəlincə, Azərbaycanda dərs ilinin əlavə iki həftə uzadılmasına ehtiyac yoxdur. İlk növbədə ona görə ki, bizdə dərs proqramı, dərsliklər yetərincə yüklüdür. Bizdə aktiv dərs müddəti sentyabrın 15-dən iyunun 14-ə qədər götürülür. Azərbaycanda təmiz 41 tədris həftəsi var. Bu da dünyada qəbul edilmiş bütün dərs müddətlərindən artıqdır. Biz tədris ilində şagirdlərimizə çox az tətil veririk, bu da məqbul deyil.

Buna da bax:​ Nazir Ali məktəblərə qəbulu artırmağı təklif edir

– Kamran bəy, dediniz ki, Azərbaycanda tədris müddəti 41 həftədir, bu da başqa ölkələrlə müqayisədə çoxdur. Bu bölgü necə aparılmalıdır?

– Bu, tədris proqramının ağırlığına görə bölünür. Avropa ölkələrində ibtidai, yəni birinci təhsil pilləsində tədris müddəti 34-36 həftə arasında dəyişir. Yuxarı siniflərdə bu müddət 36-38 həftə arasında, maksimum 39 həftə arasında davam edir. Bundan artığı yoxdur! Tədris müddətinin isə müxtəlif vaxtlarda başlaması mümkündür. Məsələn, Yaponiyada dərs ili apreldə başlayır. Burda milli tarix də əsas götürülməlidir. Biz ilk dəfə orta məktəbə getməyimizi, bilik gününü sovetlər dönəmində qeyd etməyə başlamışıq. Ona qədər bizdə oxuyanların 90 faizi təhsilini dini mərkəzlərdə alırdı, orda da tədrisin başlama müddəti qeyri-müəyyən idi. Amma sovet dönəmində və daha sonra, yəni 80-90 ildə sentyabrın 1-ni bilik günü kimi qeyd etmişik. Valideynlər, tədris işçiləri arasında buna psixoloji hazırlıq olub. Bu da önəmli nüansdır.

Kamran Əsədov: "Azərbaycanda təhsil müddətinin dünya standartları ilə uyğunluğu çox azdır"
Gözlə

No media source currently available

0:00 0:06:15 0:00
Direct-ə keçid

– Qayıdaq tədrisin iki həftə uzadılması təklifinə. Dərs ili daha iki həftə artırılmaqla tədrisdə nə dəyişəcək? Bu, illərdir keyfiyyəti tənqid edilən təhsildə dönüş yaradacaqmı?

– Əslinə qalsa, Təhsil Nazirliyi dərs ilini iki həftə uzatmaqla pis məqsəd güdmür. Onları məcburi əməyə deyil, tədrisə cəlb edir. Amma vacib olan başqa məqamdır, həmin müddətdə faydalılıq əmsalı nə qədər olacaq? Danılmaz faktdır ki, Azərbaycanda mayın sonundan etibarən şagirdlərin məktəbə getməsi boş xarakter daşıyır. Yəni onlar tədrisi, demək olar, başa çatdırır, bundan başqa, çoxsaylı məktəblərdə dərsliklər məktəb rəhbərliyi və kitabxanaçılar tərəfindən yığılır. Həmin vaxt şagirdlər məktəbə boş-boşuna gedirlər, ya da dərsləri təkrarlamaqla məşğuldurlar. Yenə də deyirəm, Avropada yay tətili qısa ola bilər, amma ilboyu tətillər elə bölünüb ki, şagird bölünmür, əziyyət çəkmir. Bundan başqa, həmin ölkələrlə Azərbaycanin iqlimi müqayisəolunmaz dərəcədə fərqlidir. Məsələn, bizdə Neftçala, Salyan, Kürdəmir, Yevlax kimi yerlərdə artıq mayın sonlarından kəskin istilər düşür. İyunda Avropada maksimal istilik 28 dərəcədirsə, Azərbaycanda 35-40 dərəcəyə yaxındır. Bizim məktəblərimizin qışda isitmə sistemi ilə bağlı problemi olduğu kimi, yayda da kondisioner sistemi problemi var. İsti aylarda uşaqlar istirahətə getməlidirlər, nəinki isti sinif otaqlarında qalmalıdırlar. Bilirsiniz, biz dərs ilini artırmaqla qaş düzəltdiyimiz yerdə vurub göz də çıxara bilərik. Uşaqlarımıza daha çox tətil verməklə daha çox nəticə ala bilərik. Bir vacib məsələ də var. Avropa məktəblərindən fərqli olaraq, bizdə şagirdləri məktəbə avtobus daşımır. Xüsusən kəndlərdə uşaqlar uzaq məsafə qət edərək məktəbə gedirlər, günorta qızmar havada dərsdən geri qayıdırlar. Ona görə də isti aylarda tədris prosesinin uzadılmasını məqbul saymıram.

Buna da bax:​ Tədris müddətinin uzadılması nəyi dəyişəcək? [Video]

– Bu durumda tədris müddəti nə qədər olmalıdır, sizcə?

– Hesab edirəm ki, dərslər sentyabrın 1-dən başlayıb mayın 31-də bitməlidir. Qalan müddətdə şagirdlərə mütəmadi olaraq ay ərzində azı 5-6 gün əlavə istirahət verməliyik. Apardığımız sorğular və araşdırmalar nəticəsində bəlli olur ki, şagirdlər 1-4-cü günlər dərsə rahat gedirlərsə, sonrakı günlərdə dərsə həvəssiz gedirlər. Ona görə də dərs yükünü artırmağa ehtiyac görmürəm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG