ABŞ Dövlət Departamenti iyunun 2-də “2021-ci il Beynəlxalq Din Azadlığı” hesabatını yayıb.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, konstitusiya dini dövlətdən ayrı, bütün dinləri hüquq qarşısında bərabər tutur. Qanun hökumətin dini fəaliyyətə müdaxiləsini yasaqlayır.
Müsəlman Hərəkatı Birliyi
İyunun 16-da Prezident İlham Əliyev dini azadlıq qanununa 14 dəyişikliyi təsdiqləyib. Dəyişikliklər valideynlərin uşaqlara zorla dini tərbiyə verməsini, dini ekstremizmin təbliğini yasaqlanır. Hökumət bu və digər dəyişiklikləri təhlükəsiliklə izah etsə də, vətəndaş cəmiyyəti təşkilatları dini qrupları daha artıq nəzarətə almaq niyyətilə izah ediblər.
Ötən ilin martında Prezident Əliyevin xeyli sayda inanclı fəalı əfv etdiyi yada salınır. İlboyu 2018-ci ildə Gəncə şəhər icra başçısının güllələnməsi və sonradan iki polis zabitinin öldürülməsində təqsirli bilinənlərin apellyasiya şikayətlərinə baxılıb.
“Hökumət məhkum edilmiş şəxslərin ölkədə sabitsizlik yaratmaq istəyən şiə “ekstremist konspirologiyası”nın bir hissəsi olduqlarını deyib. Hakimiyyət qeydiyyata alınmamış Müsəlman Hərəkatı Birliyinə bağlı fərdlərə qarşı cinayət işləri açmaqdadır. Hökumət bu hərəkatı ekstremist qrup sayır, İrandan pul almaqda suçlayır. Vətəndaş cəmiyyəti və insan haqları fəalları hərəkat üzvlərinin həbsini siyasi motivli hesab edirlər”, – hesabatda deyilir.
İşğaldan azad olunmuş ərazilərdə...
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. AŞPA-nın ötən sentyabrda uzunmüddətli münaqişənin “regionda mədəni irsə və əmlaka faciəvi təsiri”ndən söz açılır, bunun üçün “həm Ermənistan, həm də Azərbaycanın məsuliyyət daşıdığı” vurğulanırdı. Azərbaycanın nümayəndə heyəti həmin qətnamənin əleyhinə səs verib.
Dövlət Departamenti Ermənistan Apostol Kilsəsinin yepiskopuna istinadla bildirir ki, hökumət ötən ilin mayından erməni zəvvarları 2020-ci ildən öz nəzarətinə qaytarılmış ərazidəki monastıra buraxmır. “Azərbaycanlılar isə müharibədən sonra minalı ərazilərdə çoxsaylı məscidləri və dini məkanları ziyarət edə bilmirlər”, – hesabatda deyilir.
AzadlıqRadiosu erməni zəvvarların Azərbaycan ərazisində monastıra buraxılması məsələsinə rəsmi mövqe ala bilməyib. Ancaq ötən ilin əvvəlində yayılmış məlumatlarda Azərbaycan hərbçilərinin zəvvarların rus sülhməramlılarının müşayiəti ilə Kəlbəcər ərazisindəki Xudavəng monastır kompleksinə buraxıldığı deyilirdi. Kəlbəcər rayonu müharibə bitəndən sonra atəşkəs razılaşmasının şərtinə uyğun olaraq Azərbaycana qaytarılıb. Ancaq Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib.
Hesabatda deyilir ki, ümumi ictimaiyyət bəzi dini azlıq qruplarını “ənənəvi” (yəni, tarixən ölkədə mövcud olanlar) hesab edir, buraya yəhudilər, rus pravoslar və katoliklər daxildir. Ölkədə nisbətən az tarixi mövcudiyyəti olan dini qruplara isə bəzi fərdlər tərəfindən şübhə və inamsızlığın olduğu deyilir.
Qeydiyyat problemləri, alternativ xidmət
Dövlət Departamenti qeyd edir ki, ABŞ səfiri və səfirliyin əməkdaşları, vətəndaş cəmiyyəti qruplarının dini baxışlarına görə həbs olunduğunu dediyi fərdlərin buraxılmasımdan ötrü hökumətlə işləyib. Səfir və səfirlik əməkdaşları hökuməti nisbətən kiçik dini icmaların qeydiyyat prosesindəki çoxdankı problemləri həll etməyə, dini, yaxud digər baxışlarına görə hərbi xidmətdən imtina edənlər üçün alternativ xidmət öhdəliyini icra etməyə çağırıb.
“Səfir hökumətin ən yüksək səviyyələrində 2020-ci il döyüşlərindən sonra Azərbaycanın nəzarətinə qaytarılmış ərazilərdə dini və mədəni məkanların qorunmasını təbliğ edib… Səfir və səfirlik əməkdaşları ölkədə din azadlığını müzakirə etmək üçün qeydiyyatlı və qeydiyyatsız dini qrup və vətəndaş cəmiyyəti təmsilçiləri ilə mütəmadi görüşüb”, – hesabatda deyilir.
Azərbaycan hakimiyyəti bu hesabata hələlik, münasibət açıqlamayıb. Ancaq hökumət ölkədə digər təməl azadlıqlar kimi din azadlığının da tam təmin olunduğunu bildirir.