Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 12:42

Derjavinskə Kenesarı xanın adının verilməsi təklifi narazılıq yaradıb


Kenesarı xanın Astanada heykəli
Kenesarı xanın Astanada heykəli

Qazaxıstanın şimalındakı Derjavinsk şəhərinin mərkəzi meydanı yaxınlığında yerləşən, əqrəbləri daim 3:45-i göstərən saat bu şəhərdə zamanın dayandığına işarə edir.

Derjavinskin küçələrinin adları sovet dövründən qalıb. Elə şəhərin özü də SSRİ-nin dağılmasından bəri çox da inkişaf etməyib. Sovet vaxtı burada SSRİ-nin 38-ci strateji raket qüvvələri diviziyası yerləşirdi.

Hazırda şəhərin əhalisi 6 min nəfərdir. Bu, sovet dövründəki əhali sayının 1/5-i deməkdir. Çoxları şəhərin köhnəlmiş yolları və keyfiyyətsiz infrastrukturundan narazıdır.

"İşimizə-gücümüzə baxın. Biz ya nəsə satırıq, ya da taksi sürürük. Yaşamırıq, sadəcə həyatda qalmağa çalışırıq”, – yerli sakin Yelena Xabarova deyir.

Ancaq son həftələr sakinlər üçün yeni mövzu tapılıb. Yerli hakimiyyətin nümayəndələri şəhərin adının dəyişdirilməsini, ona XIX əsrdə Rusiya imperiya qüvvələrinə qarşı silahlı müqavimətə rəhbərlik etmiş qazax xanının adının verilməsini təklif edib.

Şəhərin adının dəyişdirilməsinə səs veriblər

Bu təklif qarışıq etnik tərkibli şəhərin sakinləri arasında bölünməyə səbəb olub. Hökumət təkliflə bağlı hər hansı hərəkət etməmək qərarına gəlib.

“Derjavinsk” adı rus dilindəki “derjava” sözündəndir. Bu söz güc və dövlət mənasını verir. 1956-cı ildə salınan bu yaşayış məntəqəsinə on il sonra şəhər statusu verilib.

İyunun 19-da Derjavinsk sakinləri yerli bələdiyyə binasına toplaşaraq 192-125 nisbəti ilə şəhərin adının dəyişdirilərək Kenesarı qoyulmasına səs veriblər. Bu, qazax torpaqlarında Rusiya işğalına qarşı ən böyük üsyanın liderinin adıdır. Kenesarı xan 1847-ci ildə öldürülüb.

Kremlin Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamasından və Rusiyanın tanınmış ictimai simalarının Qazaxıstanın şimal əraziləri üzərindəki suverenliyini sorğulayan çıxışlarından sonra Astana Rusiyadan uzaqlaşmağa çalışır. Rusiya ilə həmsərhəd bu ərazilərdə çox sayda etnik rus yaşayır.

Səsvermədən narazılıq

Qazaxıstandakı bütün başqa demokratik tədbirlər kimi Derjavisnkdəki səsvermə də tezliklə sorğulanmağa başlayıb.

Şəhərin keçmiş meri, nüfuzlu iş adamı Sergey Yerin yerli hökuməti gərginlik yaratmaqda suçlayıb. Etnik ruslar və digər slavyan xalqlarının nümayəndələri kampaniya başlayaraq şəhərin adının dəyişdirilməsinə qarşı çıxıblar.

"Yerli qəzetdə şəhərin adının dəyişdirilməsi məsələsinin qaldırılacağı haqda balaca bir elan var idi. Yığıncağa gələnlərin xeyli hissəsi elə bilib ki, adın dəyişdirilməsinin zəruri olub-olmadığı və başqa hansı seçimlərin olduğu müzakirə ediləcək.

İnsanları dinləmək lazımdır. Onlar əsasən yaxşı mənada mühafizəkardırlar: onlar qəfil hərəkətləri və əndirəbadi hoqqaları sevmirlər”, – Yerin AzadlıqRadiosunun qazax xidmətinə deyib.

“Öz adımızı da unuduruq”

Ancaq etnik qazaxlar arasında təklifə güclü dəstək var.

Derjavinskə 10 yaşında köçən Tolegen İbrayev deyir ki, yerlilər öz ənənələrini unudublar. O iddia edib ki, ad dəyişikliyinə qarşı çıxanlara “nə tarix lazımdır, nə də vətən”.

"Biz nəinki ərazi və kəndlərin adını, hətta öz adımızı da unuduruq”, – 77-yaşlı İbrayev deyib. O əlavə edib ki, bəzi etnik qazaxlar özlərinə rus adları qoyurlar.

Təklifin əsas dəstəkçilərindən olan İbrayev bildirir ki, xalq hələ müstəqilliyin əldə edildiyi 1991-ci ildən bəri Derjavinskin adının dəyişdirilməsini tələb edir. Ancaq onun sözlərinə görə, Rusiya ilə sıx bağlı olan “köhnə siyasətçilər” buna imkan verməyiblər.

Yerli hökumət bildirir ki, şəhər əhalisinin yarısı etnik qazaxlardan, qalanı isə ruslar da daxil olmaqla “digər xalqlardan” ibarətdir.

“Açıqca yazırlar ki, rus dilindən heç nə qalmamalıdır”

Yerli kafelərin birində aşpaz işləyən Yekaterina Çibikova ad dəyişikliyi təşəbbüsünü artan millətçiliklə əlaqələndirib.

"Anlamıram, niyə son günlər millət söhbətləri bu qədər artıb. Bilmirəm bütün bunlar haradan gəlir. Əvvəllər belə deyildi. Elə adamlar var ki, açıqca yazırlar ki, rus dilindən heç nə qalmamalıdır. Niyə belədir?”, – o söyləyib.

Ancaq ad dəyişikliyini dəstəkləyən Amangeldı Suleymenov deyir ki, şəhərə yeni adın verilməsi tarixi ədalətsizliyin düzəldilməsi yönündə mühüm addım olardı.

"Sovet hakimiyyəti dövründə bizdən heç kim soruşmurdu şəhərimizin adını nə qoyaq. İndi biz ayrıca dövlət olandan sonra … şəhərlərin adları qazax adları olmalıdır”, – o vurğulayıb.

Yaranan gərginliyi görən Derjavinsk rəsmiləri şəhərin adı ilə bağlı hər hansı yekun qərarın verilmədiyini bildiriblər.

Yerli fəal Qalina Rojkovskayanın başladığı etiraz petisiyasını 400 nəfərə yaxın sakin imzalayıb.

Kenesarı xanın tarixdə yeri

Derjavinsk adı etnik qazaxlarda müstəmləkəçiliklə assosiasiya olunur. Ancaq Kenesarı da neytral siyasi fiqur olmayıb.

Qazaxların son xanı sayılan Kenesarı Ablay xanın nəvəsi idi. Qazax tarixçilərinə görə, Ablay xan Rusiya Qazax xanlığını XVIII əsrdə ilhaq edəndən öncə onu idarə edən son lider idi.

Astanalı tarixçi Jambıl Artıkbayev deyir ki, Kenesarı xanın Rusiya idarəçiliyinə qarşı üsyanı çox əziyyətli olub. Onun sözlərinə görə, Qazaxıstanın hər yerində heykəlləri ucaldılmış Kenesarı qazaxların milli şəxsiyyətidir.

Rojkovskaya deyir ki, onlar Kenesarıya qarşı deyillər: “O, keçmişdə bizim Qazaxıstanı hansısa qüvvələrdən müdafiə edib. Ancaq Kenesarının silahlı müqaviməti Derjavinskə yaxın ərazilərdə olmayıb”.

Tarixçi Artıkbayevsə bu fikirlə razılaşmır. O deyir ki, Kenesarı Qazaxıstanın şimalında bir çox rus istehkamına hücum edib və onları yandırıb. Onun sözlərinə görə, Kenesarının ordusu məğlub olanda müasir Jarkain bölgəsi ərazisinə çəkilib. Derjavinsksə bu bölgənin inzibati mərkəzidir.

"[Ruslar] tarixin bu ərazidə qala tikdikləri 1848-ci ildən başlamasını istəyirlər. Ancaq bizim tariximiz qədim zamanlara gedib çıxır. Sizə deyirəm, hətta o [rus] qalası da orta əsrlərdən qalma şəhərin qalıqları üzərində tikilib”, – Artılbayev bildirir.

XS
SM
MD
LG