Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:28

Coelho Bryant ilə yazdığı kitabın qaralamasını pozub


Paulo Coelho
Paulo Coelho

1988-ci ildə yazdığı «Kimyagər» romanı ilə dünya şöhrəti qazanmış braziliyalı yazıçı Paulo Coelho ötən ayın sonları mərhum basketbolçu Kobe Bryant-la birgə yazdıqları uşaq kitabının qaralamasını pozduğunu elan edib. Yazıçı bu xəbəri 41-yaşlı NBA çempionunun helikopter qəzasında həlak olmasından bir neçə saat sonra yayıb.

«Mən qaralamanı sildim, çünki kitabı onsuz çap etdirməyin mənası yox idi. Bu ona, yaxud da onun ailəsinə mənalı bir şey verməyəcəkdi», – deyə Coelho Cenevrədəki evindən «The Associated Press» agentliyinə telefonla bildirib.

«Bu məni bir gün Kobe-dən öyrəndiyim şeylər, onun həyatın özündən də genişqəlbli bir insan olması haqda yazmaqdan saxlamır. Ancaq uşaq kitabının artıq heç bir mənası yox idi», – o deyib.

«Sən təkcə böyük oyunçu deyildin»

Coelho-nun qərarı Bryant-ın bir çox fanatını məyus edib. Onlar yazıçının sosial media kanallarına axışıb qaralamanı silməməsini xahiş ediblər.

Paulo Coelho-nun yanvarın 26-da paylaşdığı tvitdə deyilir: «Sən təkcə böyük oyunçu deyildin, əziz Kobe Bryant. Mən səninlə ünsiyyətdən çox şey öyrəndim. Qaralamanı elə bu dəqiqə siləcəyəm, bu kitab öz səbəbini itirib».

Kobe Bryant
Kobe Bryant

72-yaşlı yazıçı «The Associated Press» agentliyinə bildirib ki, onlar Kobe Bryant-la birlikdə bu layihəni hələ 2016-cı ildən müzakirə edirlərmiş. 2016-cı ildə Bryant özünün 20 illik NBA karyerasını yeni bitirmişdi. Ancaq kitabı yazmağa bir neçə ay bundan əvvəl başlayıblarmış.

Kitablarının on milyonlarla nüsxəsi satılmış Coelho deyib ki, kitabın məqsədi maddi və s. imkanları məhdud uşaqları idman yolu ilə çətinlikləri aşmağa ilhamlandırmaq olub.

«Kobe hər zaman uşaqlara, xüsusən də məhdud imkanlarla başlayan uşaqlara müsbət nümunə göstərə biləcək kitab yazmaq haqda düşünürdü», – Coelho deyib.

Bryant-ın 13-yaşlı qızı Gianna da helikopter qəzasında həyatını itirən doqquz nəfər arasında olub. Bryant-ın həyat yoldaşı və üç digər övladı həyatdadır.

«Gəl o kitabı birlikdə yazaq»

Sözügedən kitab layihəsi çox sadə imiş. Bir neçə ay əlaqə saxlamayan Bryant avqustda Coelho-ya mesaj yazıb ki, «Gəl o kitabı birlikdə yazaq». Coelho onların bu yazışmasını Twitter-də paylaşıb.

«Hər şey buradan başladı. Yavaş-yavaş irəli gedirdik», – Coelho deyib. Ancaq o, neçə səhifənin hazır olduğunu, yaxud kitabın ad qoyub-qoymadıqlarını açıqlamayıb.

Bryant-a məxsus Granity Studios orta siniflərin şagirdləri və yeniyetmələr üçün romanlar çap edirdi. Şirkət Bryant-ın özünün avtobioqrafiyasını da çap edib. 2018-ci ildə çıxmış kitabın adı belədir: «Mamba mentaliteti: mən necə oynayıram» (The Mamba Mentality: How I Play).

O, yazıçı Wesley King-lə birlikdə yeniyetmələr üçün «The Wizenard series» adlı fentezi janrında romanlar silsiləsi də buraxmışdı.

Kobe Bryant «Kimyagər» romanını çox sevirmiş. «The Washington Post» yazır ki, o bu kitabı Kyrie Irving də daxil olmaqla oyunçulara və öz agenti Rob Pelinka-ya da tövsiyə edib. Rob Pelinka hazırda «Los Angeles Lakers» basketbol klubunun baş meneceridir.

«Onunla görüşlərimə əsasən deyə bilərəm ki, onun ağlını məşğul edən təkcə idman, rəqabət deyildi. Onun faciəvi ölümü artıq onun təkcə ABŞ üçün deyil, bütün dünya üçün nə qədər əhəmiyyətli olduğunu göstərib. Biz onun qoyub getdiyi mirası hələ illərlə müzakirə edəcəyik. Bu miras təkcə idmanla bağlı deyil», – Coelho «The Associated Press»ə deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG