Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:39

Məşhur romanlar ustası son romanının qəhrəmanıdırmı?


Paulo Coelho
Paulo Coelho

Paulo Coelho-nun son kitabı məna axtarışında ona kömək etmiş yol haqdadır. “Hippi” oxucunun üzünə Rabindranath Tagore-un “Gitancali” şeirlər toplusundan götürülmüş bu sətirlərlə açılır:

“Və dildə köhnə dünyalar ölüb gedəndə,
Ürəkdən yeni nəğmələr gəlir.
Köhnə yollar itiriləndə
Yeni ölkə bütün ecazkarlığı ilə üzə çıxır”.

Rabindranath Tagore Paulo Coelho-ya çox böyük təsir göstərib. Əslində, müəllif yaşadığımız dövrdə insanların poeziya və şeirə yetərincə diqqət yetirməməsindən gileylənir. O, kitabın əvvəlində Tagore-dan sitat gətirməklə oxucuların diqqətini şairin yaradıcılığına yönəltməyə çalışır.

“İndi oxuyacağınız əhvalatlar şəxsi təcrübəmdən qaynaqlanır. Hadisələrin ardıcıllığını, insanların adlarını və onlar haqda detalları dəyişdirmişəm… Ancaq oxuyacağınız hər şey həqiqətən mənim başıma gəlib”, – müəllif yazır.

“KÖHNƏ YOLLAR İTİRİLƏNDƏ”

Maraqlıdır ki, müəllif öncə kitabın adını yuxarıdakı şeirin misrasındakı kimi “Köhnə yollar itiriləndə” qoymaq istəyirmiş. Ancaq sonradan bu misranın mənasının tərcümədə itiriləcəyini anlayaraq bu fikrindən daşınıb.

“Hippi”də Coelho – gənc, arıq, gur saçlı və kiçik saqqallı braziliyalı, Boliviyadan Peru, Çili və Argentinaya, oradan da 1970-ci illərdə hippilərin paytaxtlarından biri sayılan Amsterdama səyahət edir. Burada o, Nepala getməyə hazırlaşan və özünə səyahət yoldaşı axtaran Karla adlı hollandiyalı gənc qızla tanış olur. İkisi birlikdə Avropa və Asiyadan keçib Kətmənduya gedən Sehrli Avtobusla yola düşürlər. Oxucu iki gəncin münasibətləri və onlarla birlikdə yola çıxan digər səyahətçilər haqda da öyrənir. Gələcəklə bağlı hər hansı ənənəvi plan olmadan düzəldiyi bu yol Coelho-nun həyatını zənginləşdirir, ona məna axtarışında kömək edir.

Sevgi və mənəviyyat “Hippi”nin iki əsas mövzusudur. Coelho-nun “yeni sevgisi” Karla sərbəst, müstəqil qadın kimi təsvir olunsa da, oxucu onun daxilən bədbəxt və depressiyada olduğunu anlayır. Kitabı daha çox oxuduqca, Karlanın Coelho-ya əməlli-başlı aşiq olduğunu anlayırıq. Halbuki əvvəl o, Coelho-nun onun macəralarından biri olacağını düşünürdü.

Ancaq Coelho-nun həqiqi sevgisi mənəviyyatdır. Özü də biz bunu yalnız kitabın son fəslində öyrənirik. “Ətrafdakı dünyaya daha yaxın olmaqdan ötrü mənə intizam, güc və Tanrıya xidmət etməyə yer lazım idi. İndi isə istəyirdim ruhum mənimlə rəqs etsin”, – o deyir.

Kitabın sonunda Coelho mənəviyyatla sevgi macərasını davam etdirmək üçün Sehrli Avtobusun dayanacaqlarından biri olan İstanbula qayıdıb orada qalır. Karla isə Nepala səyahətini davam etdirir.

HƏM ROMAN, HƏM MEMUAR

Siz Paulo Coelho-nun sadiq oxucususunuzsa, gənc Paulonun Karladansa mənəviyyata üstünlük verməsinə təəccüblənməyəcəksiniz. Çünki müəllifin daha öncəki kitablarına da (“Kimyagər” və “Zahir” kimi) mənəviyyat mövzusu hopdurulub.

Coelho Braziliyada hər hansı səbəb olmadan həbsxanaya salınmasından da söz açır. O, bir hippi üçün sağçı və solçu partizanlarla dolu Braziliyada yaşamağın nə demək olduğunu izah etməyə çalışır.

Müəllif “Hippi”nin baş qəhrəmanının şəxsi kamilləşmə yolunda qarşılaşdığı məqamları əks etdirən filmi xatırlatdığını deyir.

“Hippi” eyni zamanda həm roman, həm də memuar janrını əhatə edir. Kitaba roman kimi baxsaq, hekayəni nəql edənin 1970-ci illərin dünyasına naşı baxışı anlaşılandır.

Ancaq kitaba memuar kimi yanaşılanda 71 yaşlı Coelho-nun belə sadəlövh fikirlər yazması bir az qəribədir.

Coelho-nun gəncliyində hippilər - qadınlar, qida, səyahət və moda ilə bağlı qeyri-normativ dəyərlərə malik cəmiyyət qurmağa can atırdılar. Təəssüf ki, onlar status-kvonu dəyişdirə bilməyiblər. Ancaq dünyanı fərqli gözlə görməyi və özlərini daha yaxşı istiqamətdə dəyişdirməyi bacarıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG