Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:02

Təndir ustası: 'Rusiyadan da təndir almağa gələnlər var'


Uşaqlar hazır təndirin üstündə oturublar. Astaranın Züngüləş kəndi, sentyabr 2019

Astara rayonunda təndir hazırlayıb satmaqla dolanan ailələr çoxdur. Rayonun İranla sərhəddə, dağ ətəyində yerləşən Züngüləş kəndinin sakini Bəşir Baxşiyevin ailəsi də belələrindən biridir.

Onun həyətində hazır təndirlər düzülüb. Evin qarşısında olan təndirdə çörək bişirilir. Evin altında isə təndir hazırlamaq üçün yer hazırlanıb.

Orada da iş gedir. Evin sahibi Bəşir Baxşıyev deyir ki, ailənin bütün üzvləri təndir hazırlamaq prosesində iştirak edirlər. Təndir düzəltmək sənəti isə onlara ata-babadan qalıb:

“Evimizdə atam da, anam da bununla məşğul olub. İndi bu işi biz davam etdiririk. Sənət əldən ələ keçir. Əvvəllər idarədə işləyirdik, maaş alırdıq, pula bir o qədər də ehtiyac yox idi. Pensiyaya çıxandan sonra gördük ki, pensiya ilə yaşamaq olmur. İşləməli olduq. Əlavə xərcləri təndirdən əldə etdiyimiz qazancla ödəyirik ”.

Bəşir Baxşıyev
Bəşir Baxşıyev

Onun sözlərinə görə, təndirə tələbat da artır:

“Gəlib evdən alırlar. Özümüz də kəndlərə aparırıq. Azərbaycanın bölgələrindən, Rusiyada yaşayan soydaşlarımız gəlib aparırlar. Bizim Talış təndir çörəyi ləzzətli çıxır. Kənddə yaşayanlar meyvəçiliklə, heyvandarlıqla məşğuldurlar. Biz də bu işlə məşğuluq. Başqalarına kömək üçün, çörək üçün ağız açmırıq ”.

“Təndirin maya dəyəri qalxır”

Kənd sakini bahalaşmanın onların da işlərinə mənfi təsir göstərdiyini dilə gətirir:

“Xərc artır. Xüsusən odun tədarük etmək çətin olur. Meşədən quru ağacları toplayıb gətiririk. Buna əsasən quru odun lazımdır. Təndir üçün gil özümzdə var. Bir təndirin maya dəyəri çıxır 15-20 manata. Biz də onun üstünə 5-6 manat qoyub satırıq. Təndirin maya dəyəri qalxır. İndiki halda pensiya ilə yaşamaq çətindir. Oğlumun ailəsi var, onunla qalıram. O da heç yerdə işləmir. Nizamin əsərində kərpickəsən kişi kimi gecə-gündüz hərəkətdəyik ki, başqalarına əl açmayaq”.

“Çox çətindir, ağır zəhmətdir”

Nərminə Əhmədova
Nərminə Əhmədova

Bəşir Baxşıyevin həyat yoldaşı Nərminə Əhmədova yaş gili əli ilə yumşaldır. Sonra gili dairəvi düzür... Dəqiqələr ötür. Arabir əli ilə alnındakı təri silir.Təngənəfəs olur. Dikələrk gülümsəyir, deyir ki, bölgüyə görə, ən ağır iş ona düşüb:

“İş bölgüsünə görə, mən təndiri hörürəm, yoldaşım isə onu yandırır. Çox çətindir, ağır zəhmətdir. Təndiri bişməmiş gillə hörmək ustalıq istəyir. Gili 5-6 dəqiqə əlimdə yumaşldıram. Yumşaltmasam təndir yaxşı alınmır. Qarış-qarış hörürəm. Bir təndiri hazırlamaq 2-3 gün çəkir. Bərkiməlidir, bir az qurumalıdır. Bir neçə gün də gün altında qalır. Sonra yandırırıq, satırıq, çörək pulu edirik”.

“Təndir kasıbın malıdır”

Bişirilmə üçün yığılan təndirlər
Bişirilmə üçün yığılan təndirlər

Həyətə bir nəfər daxil olur. Məlum olur ki, qonşu kəndən olan Şamil Şabanov təndir almğa gəlib. O diqqətlə təndirləri nəzərdən keçirib, birini seçir. Qiymətdə də razılaşırlar:

“Qonşu kəndə yaşayıram. 11 uşaq olmuşuq ailədə. Evdə həmişə təndir olub, təndir çörəyi yemişik. Çünki təndir çörəyi sərf edib. Təndir çörəyi bizim üçün ücuz başa gəlir. Böyük ailələr üçün əl verir. Astara rayonun yüzə yaxın kəndi var. Elə kəndlər var ki, mərkəzdən 20-25 kilometr uzaqda, dağda yerləşir. Onlar hər dəfə çörək üçün mərkəzə gələ bilməzlər. Təndirə üstünlük verirlər. Dağda yerləşən hər bir evdə təndir var. 1-2 ədəd 50 kiloqramlıq un kisəsi alır, qışı yola verir. Kəndimiz dağ ətəyində yerləşir. Görürsən qışda qar yağır, yollar keçilməz olur. Onda təndir əvəzsiz rol oynayır.Təndir kasıbın malıdır...”

Çörəyi təndirdən çıxanlar

Züngüləş kəndinin əhalisi 2 min nəfərə yaxındır. Kənddə sakitlikdir.
69 yaşlı Bəşir Baxşıyev deyir ki, ilin bu vaxtında hərə bir işlə məşğul olur :

“Qarşıdan qış gəlir. Odun tədarük edirlər. Kəndin cavanları iş dalınca başqa yerlərə gedirlər. Mənim bir oğlum da Rusiyadadır. Ailəmizin bəxti onda gətirib ki, pensiyaçı da olsaq, təndir hazırlayıb satırıq. Çörəyimizi də elə əsasən təndirdən çıxarırıq...”

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG