Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:57

'Ayatollah Putin' və Çeçenistan müftisinə brilyant hədiyyə


Vladimir Putin və Çeçen muftisi Salah Mezhiev
Vladimir Putin və Çeçen muftisi Salah Mezhiev

Aprelin sonlarında Çeçenistan müftisi Salah Mezhiyev Suriyaya səfər edərək burada yerli hökumət, o cümlədən prezident Bashar Al-Assad-la görüşüb.

Görüşlərdə islam təhsili sahəsində müxtəlif layihələr, müharibənin viran qoyduğu Hələb şəhərində Əməvi məscidinin Akhmat Kadyrov fondunun vəsaiti hesabına bərpası məsələləri müzakirə olunub. Müftiyə verilmiş qəribə hədiyyə olmasaydı, bu səfər, sadəcə, adi quru məlumatla yadda qalacaqdı.

Buna da bax:​ Putin və müəmmalı ölümlər

"Hamımız fərqli insanlarıq – gümüş, qızıl, mis. Təkcə sən brilyantdan dəyərlisən", – Mezhiyev-ə hədiyyə edilmiş, qızıl suyuna batırılmış sandıqçanın qapağının alt tərəfinə ərəbcə həkk edilmiş yazıda deyilir. Hədiyyəni Mezhiyev-ə Suriyanın dini işlər naziri Abdel-Sattar as-Seyyid təqdim edib. Sandıqçada ətir qabı və ətir flakonları olub.

“ŞƏKİL ÇƏKDİRMƏZDİ”

Suriya danışıq dilində yazılmış bu ifadəni ərəbdilli auditoriya marşrut taksilərində sürücülərin asdıqları yazılara bənzədiblər. Onlara bir tərəfdən bu səviyyəli görüşlərə xas olmayan qeyri-ciddi ifadə tərzi, digər tərəfdənsə, hökumətin Rusiyaya və sosial şəbəkə istifadəçilərinin diliylə desək, "Abu Ali Putin"ə açıq-aşlar yaltaqlanması gülməli gəlib.

Buna da bax: Merkellə Putin Ukrayna və Suriya böhranını müzakirə ediblər

Ərəb istifadəçilər muftiyə hədiyyə edilən sandıqdan yazıblar
Ərəb istifadəçilər muftiyə hədiyyə edilən sandıqdan yazıblar

Bəzi KİV-lər hədiyyənin fotoşəklinin həqiqiliyinə şübhə ilə yanaşaraq, onun "təsdiqini tapa bilmədiklərini" yazıblar. Ancaq Suriya dini işlər nazirliyinin rəsmi saytında Çeçenistandan gəlmiş qonaqlarla görüşdən söz açan hissədə məhz bu görüntü yerləşdirilib. Çeçenistanın Müsəlman Ruhani İdarəsi də öz “Instagram” səhifəsində həmin sandıqçanın şəklini yayıb. Ancaq qapağın altındakı yazının izahı verilməyib.

"Görünür, Mezhiyev hədiyyə ilə tanış olaraq onun üzərində əslində nə yazıldığını anlamağa vaxt tapmayıb. Əks halda, onunla şəkil çəkdirməkdən imtina edərdi", – deyə Suriyanın müxalif "Zaman ul-Uasl" qəzetində çıxmış məqalənin müəllifi yazır.

Buna da bax:​ Çeçenistanda 'Əl-Əzhar' Kadyrov-un nəyinə lazımdır?

“KAZİROV”

Səudiyyə Ərəbistanının dövlət KİV-ləri Mezhiyev-lə Al-Asadın görüşünü işıqlandırmayıblar. Ərəb monarxiyalarında ictimaiyyətin bu hadisəyə reaksiyasını ancaq istifadəçilərin internetdəki şərhlərindən görmək olar.

"Onun özü də, dəstəklədiyi də murdardır. Kazirov üzdəniraq Çeçenistan müftisini uşaq qatili Bashar-ı dəstəkləməyə göndərib!" – deyə küveytli sələfi din xadimi Hamid al-Aliy “Twitter”də yazıb.

Bu yazıda o, bilərəkdən bir hərfi dəyişərək Çeçenistan rəhbərinin soyadını təhrif edib. Belə ki, "kazir" ərəbcə "murdar" deməkdir. Bu Küveyt şeyxi Ramzan Kadyrov barədə bütün postlarında "Kadyrov" əvəzinə "Kazirov" yazır. Özü də bunu edən təkcə o deyil. “Twitter”in ərəbdilli seqmentində "Kazirov" haqqında postlara çox rast gəlinir.

Buna da bax: Putin-in 'dəmir ledi'ləri

Məsələn, səudiyyəli yazıçı Khalid al-Alkami-nin səhifəsində oxuyuruq: "Kazirov Ayatollah Putini ilə birlikdə..."

"Kazirov Ayatollah Putini ilə birlikdə..."
"Kazirov Ayatollah Putini ilə birlikdə..."

“AYATOLLAH PUTİN”

Qeyd edək ki, ərəb dünyasının sünni hissəsi çox zaman Rusiya prezidenti Vladimir Putin-i zarafatla "Abu-Ali Putin", yaxud da "Ayatollah Putin" adlandırır. Bununla onlar Putin-in Yaxın Şərqdəki şiə hökumətlərini dəstəkləməsinə eyham vururlar. Məlum olduğu kimi, şiə müsəlmanlar Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni Ali ibn Abu Talibi ilk imam və müqəddəs kimi qəbul edirlər. Buna görə də "Ali" adına şiə müsəlmanlar arasında daha çox rast gəlinir. "Abu-Ali" ləqəbinin hərfi tərcüməsi "Alinin atası"dır. Putinə şamil edildikdə isə bu ifadə "şiələrin atası" mənasını verir. "Ayatollah"sa şiə ali dini rəhbərlər arasında ən yüksək ruhani tituludur. İranın bir çox dini lideri, o cümlədən Ali Khamenei bu titula malikdir.

Buna da bax:​ Suriyadakı çeçen batalyonunu xüsusi təlimatçılar hazırlayıb

Suriyanın "Shamuna TV" telekanalı bildirir ki, Mezhiyev-ə hədiyyə kimi üzərində belə qəribə yazı həkk edilmiş sandığın seçilməsinin səbəbi, bunun arxasında hansı sirr və mesajların gizləndiyi, hələlik, bəlli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG