Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 18:19

Qüdrət, patriotizm, patriarxal dəyərlər, əsl kişi gücü Rusiya prezidenti Vladimir Putin-i xarakterizə edən cəhətlərdir. Qəribədir ki, bu ənənəvi avtoritar gündəmi ən çox qadınlar irəli aparırlar. Bunu «The Guardian» qəzetində Ekaterina Sokirianskaia yazır.

Rusiyada ən yüksək federal postlarda çox az qadın təmsil olunur. Dumadakı deputatların 15.8%-i, 33 nazirdən 3-ü və 85 regional qubernatordan 3-ü qadındır. Onlar da ən çox sosial siyasət – səhiyyə, təhsil və sosial məsələlərlə məşğuldurlar. Müəllif yazır ki, qadın deputatların çoxu tanınmışlar, kosmonavtlar, Olimpiya çempionları, TV aparıcılarıdır. Çoxu ailəsinə bağlı görünür. Dekabrda bir neçə qadın deputat iclasların uzanmasına etiraz edir, ərlərini yedizdirməkdən ötrü evə getməli olduqlarını deyirdilər.

ANTİFEMİNİSTLƏR

Yazıda Putin-in qadınların bir qrupuna özəlliklə bel bağladığı vurğulanır – mühafizəkar, din tərəfdarı olan antifeministlərə. Putin-in bu «dəmir ledi»ləri təbliğatda, siyasətdə, həlledici qanunların irəli sürülməsində aparıcı rol oynayırlar.

Belə qadınların arasında senator Yelena Mizulina da var. Bir deyimiylə məşhurdur: «Heç nə alçaltmanın bir kişini incitdiyi qədər ağrılı deyil, hətta bir kişinin qadını döyməsi belə». Mizulina məişət zorakılığının dekriminallaşdırılması, eləcə də 2013-cü ildə gey təbliğatını yasaqlayan qanunların təşəbbüskarıdır. O, davamlı olaraq aborta qadağanı təşviq edir, baxmayaraq ki, Rusiyada qadınların yalnız 12 %-i belə bir qadağa tərəfdarıdır.

Müəllif yazır ki, Putin-in antifeministləri repressiv, ziddiyyətli qanunları təbliğ edirlər. Buraya yürüş və nümayişlərin yasaqlanması, «xarici agentlər» qanunu, vətəndaş azadlıqları və intellektual debatlara məhdudiyyətlər daxildir.

İnsan haqları ombudsmanı Tatyana Moskalkova.
İnsan haqları ombudsmanı Tatyana Moskalkova.

PUTİN BRENDİ

İnsan haqları ombudsmanı, polis generalı Tatyana Moskalkova Çeçenistan hakimiyyətinin yaraqlıların ailə üzvlərinin evlərini yandırmaq siyasətini dəstəkləyib.

«Bu yolla, Putin-in mühafizəkar qadınlar qrupu dövlət ideologiyası və təbliğatının formalaşdırılması və legitimləşdirilməsinə xidmət edir… ictimai dəstəyin formalaşdırılmasında bu qadınlardan asılı olan rejimi möhkəmləndirir», – müəllif yazır.

Sonucda «Putin brendi»nin satışı asanlaşır: praqmatik, güclü, ənənəvi lider yenidən güc toplayan Rusiyanı təmsil edir və «əxlaqı korlanmış Qərb»ə alternativ ortaya qoyur. Rusiyanın təhsil və elm naziri Olga Vasilyeva deyir ki, «gələcəyi təməlsiz qurmaq mümkün deyil və həmin təməl vətənpərvərlikdir – başqa heç nəyi ağla gətirmək mümkün deyil». O, sovet diktatoru Joseph Stalin-dən müsbət danışıb, onun vətənpərvərliyə həyat verdiyini vurğulayıb.

Putin-in qadın elitası müxtəlif nəsilləri təmsil edir, fərqli siyasi tarixçələri var. Yeni uşaq ombudsmanı Anna Kuznetsova 35 yaşlı ultra-mühafizəkar, 6 uşaq anası, pravoslav keşişinin həyat yoldaşıdır. Deputat Natalia Poklonskaya «Rusiyanın ən gözəl prokuroru» kimi tanınıb, Krımın ilhaqına dəstək toplayıb. O, Ukraynaya görə Qərbin sanksiya siyahısına da salınıb.

Uşaq ombudsmanı Anna Kuznetsova və V.Putin
Uşaq ombudsmanı Anna Kuznetsova və V.Putin

54% QADIN PREZİDENT İSTƏMİR

Müəllif yazır ki, Kreml bu mühafizəkar qadınlardan Rusiyanın dəst-xəttinin legitimləşdirilməsində faydalanır. Amma kimsə aşırı təklif irəli sürəndə, Kreml onun ağzından vurur və cəmiyyətə belə bir siqnal vermiş olur ki, Putin olmasa, qara qüvvələr hakimiyyətə gələr.

«Yenə də bu qadınların kişilərdən çox siyasi azadlığı var, çünki onlara siyasi rəqib kimi baxılmır. «Levada» Mərkəzinin bu yaxınlarda apardığı sorğu üzə çıxarıb ki, rusiyalıların 54%-i qadın prezident istəmir, 38% qadını hökumətdə yüksək vəzifədə görmür, bu, ötən ildəkindən 10% artım deməkdir. Bu arada Rusiyanın gələcək ictimai liderləri, əsasən də kişilər, qapalı müəssisələrdə saxlanır, onların sədaqəti ciddi nəzarət altındadır», – yazan müəllif Rusiyada «ənənəvi» dəyərlər barədə təbliğatın səmərəli olduğunu vurğulayır. Belə ki, cəmiyyət yeni fərmanlara tez alışır, qadınların üzləşdiyi kəskin problemlər – məişət zorakılığı, maaşlardakı bərabərsizlik, zorlama qurbanlarının dışlanması, Şimali Qafqazda qadın hüquqlarının kobud pozuntuları isə həllini gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG