Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 20:48

“Rusiya parlamentinin keçmiş üzvü Ukrayna paytaxtı Kiyevdə, günün günorta çağı güllələnir. Rusiyanın uzun müddət BMT-də səfiri olmuş şəxs işdə yerə yıxılır. Ukraynanın separatçı Donetsk vilayətindıə Rusiya tərəfindən dəstəklənən komandan liftdə törədilmiş partlayışla göyə sovrulur. Rusiyanın media başçılarından biri Vaşinqton otelində ölü tapılır”.

USA Today qəzetinin müxbiri Oren Dorrel belə bir sual verir: “Bu adamları nəsə birləşdirirmi? Bu adamlar 2014-cü ildən bəri müəmmalı qətllərin qurbanı olmuş 38 nəfərin sırasındadırlar”.

Yeri gəlmişkən, bu siyahının özünü USA Today qəzeti və Rusiyada araşdırma aparmış Britaniya jurnalisti Sarah Hurst tərtib ediblər.

Məlum olanı 38-dirsə…

Dorrel bu siyahının analitik statistikasını da verir: Bu siyahıda Vladimir Putinin 10 tanınmış tənqidçisi, yeddi diplomat və sonradan korrupsiya zəminində Kremlin gözündən düşmüş 6 biznes fiquru, bu və ya digər dərəcədə Ukraynanın şərqindəki münaqişə ilə əlaqəsi olan (Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin komandanları da daxil) 13 siyasi və hərbi lider var.

Boris Nemtsov 2015-ci ildə qətlə yetirilib
Boris Nemtsov 2015-ci ildə qətlə yetirilib

Bunlardan ikisi prezident Trump-ın seçki kampaniyası ilə Moskva rəsmiləri arasında iddia olunan bağlara dair dosye ilə əlaqədar ola bilər.

Bu dosye Britaniya kəşfiyyatçısı tərəfindən tərtib edilərək FTB-yə verilib.

12 nəfər güllələnib, bıçaqlanıb və ya döyülərək öldürülüb. 6 nəfər partlayışda həlak olub. 10 nəfər iddia olunduğuna görə təbii səbəblərdən vəfat edib.

Bir nəfər başından aldığı müəmmalı xəsarətdən ölüb, daha bir nəfər isə hamamda sürüşərək yıxılıb və başı döşəməyə dəyib. Bir nəfər də həbsxana kamerasında asılıb. Başqa bir şəxs qəhvə içdikdən sonra ölüb. Daha 6 ölüm hadisəsinin səbəbi bilinmir.

Dorrel yazır ki, Putin uzun müddətdir ki, öz opponetləri ilə qəddar davranır. Senator Patrick Leahy mart ayında demişdi ki, Putin “siyasi opponentlərini qətlə yetirib və ölkəni avtoritar diktator kimi idarə edir.

Jurnalist belə bir nəticəyə gəlir ki, siyahıda 38 nəfərin olması Putinin iddia olunan aktlarının daha geniş olduğunu düşünməyə əsas verə bilər. Bu həm də Putin və onun əlaltıları ilə Trump-ın kampaniya komandası arasında əlaqələr barədə daha ciddi narahatlıq yaradır.

Şübhəli intiharlar, təyyarə qəzaları, nadir xəstəliklər…

USA Today yazır ki, Trump 2016-cı ilin martında Putini tərifləyərək onun “güclü lider” olduğunu deyib. O bu il fevralın 6-da isə Fox News kanalına müsahibəsində aparıcı Bill O’Reilly-nin Putini qatil adlansdırmasının cavabında “elə bilirsiniz ki, bizim ölkəmiz günahsızdır” replikasını verib.

Hazırda FTB və Konqres Kremllə Trump-ın kampaniya müşavirləri arasında iddia edilən əlaqələri təhqiq edir.

Putinin qatı tənqidçisi Kara Murza ABŞ Senatında
Putinin qatı tənqidçisi Kara Murza ABŞ Senatında

Leahy-nin Putin barədə yuxarıdakı şərhi verdiyi eyni Konqres dinləməsində Rusiya siyasi fəalı Vladimir Kara Murza da dəvətli idi. Bu jurnalist Kremlin qatı tənqidçilərindən sayılır.

Kara-Murza USA TODAY qəzetinə deyib ki, şübhəli intiharlar, təyyarə qəzaları, çox nadir və qorxulu xəstəliklərdən ölənlər olur. Bəzən isə adamları birbaşa qətlə yetirilər.

Kara-Murza Rusiya baş nazirinin keçmiş müavini və Putinin siyasi opponenti Boris Nemtsovla işləyib. Nemtsov 2015-ci ildə Moskvada qətlə yetirilib.

Kara-Murza son vaxtlara qədər Rusiyanın antikorrupsiya kampaniyaçısı Aleksey Navalnı ilə əməkdaşlıq edib. O da Putin hökumətinə qarşı ölkə boyunca etiraz aksiyaları təşkil etdikdən sonra kimyəvi maddə ilə hücuma məruz qalıb.

Kara Murza Senat dinləməsində deyib ki, onun özünü iki dəfə zəhərləmək istəyiblər: 2015-ci ilin mayında və bu ilin fevralında.

O deyib ki, bu qəsdlərin hər ikisində həkimlərin qiymətləndirməsinə görə onun sağ qalmaq şansı 5 faizdən də az olub.

Söhbət təkcə puldan getmir

Senator Marco Rubio həmin dinləmədə Kara Murzaya deyib ki, “bizim sistemdə kimsə səhv edəndə, seçkini uduzur və gedib hansısa telekanalda təhlilçi işləyir, amma sizdə adamlar ölürlər”.

USA Today yazır ki, Rubio və başqa senatorlar dövlət katibi Rex Tillersonu, Moskva səfəri zamanı Rusiya müxalifətinin nümayəndələri ilə görüşməyə çağırıblar, lakin sözçü Mark Tonerin dediyinə görə onun buna vaxtı olmayıb.

ABŞ-ın Demokratiyaları Müdafiə Fondundan Rusiya üzrə təhlilçi Boris Silbermanın firkrincə, diplomatların həyat tərzləri nəzərə alınarsa Rusiyanın BMT-dəki səfiri, 64 yaşlı Vitali Çurkinin infarktdan vəfat etməsi izah olunandır.

Lakin ötən ilin 20 dekabrında üzərində güllə yarası olan meyiti Moskva mənzilindən tapılmış Pyotr Polşikovun ölümünün araşdırılmasına ehtiyac var. O Rusiya Xarici İşlər Nazirliyində Latın Amerikası departamentinin rəhbəri idi.

Müəmmalı ölümlərin hökumət korrupsiyası ilə əlaqədar olmasına görə, Kara Murza ABŞ Konqresini, öz xalqından oğurluq etmiş rusiyalıların bu vəsaiti Birləşmiş Ştatlarda investisiya yatırmasına blok qoymağa çağırıb.

"Burda söhbət təkcə puldan getmir. Bunun ən əsas önəmi ABŞ-ın Rusiyaya göndərdiyi mesajdadır” – deyib Kara Murza.

Günün bütün mövzuları

XS
SM
MD
LG