Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:01

 Bəzi yerlərdə imtahanın növbəti mərhələsi başa çatıb


arxiv foto

İyunun 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Azərbaycanın bir sıra şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrində IX sinif şagirdlərinə keçirdiyi buraxılış imtahanının ikinci mərhələsi başa çatıb.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.

“İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb”,DİM bildirir.

Qurumdan verilən məlumata görə, iyunun 10-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan edilməlidir.

“İmtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Şagirdlər Apelyasiya Komissiyasına 10–12 iyun 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.”, DİM-in açıqlamasında yazılıb.

--

Bu gün, iyunun 9-da Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanın bir sıra şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdlərinin buraxılış imtahanının ikinci mərhələsini keçirir.

Söhbət Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil məktəblərindən gedir.

DİM-nin yaydığı məlumata görə, imtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış (saat 10:45-də) buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd olunan şəhər və rayonlarda ümumilikdə 89 imtahan mərkəzi ayrılıb.

İmtahanda 40234 IX sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Prosesin idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 3340 nəzarətçi‑müəllim, 286 buraxılışı təşkil edən əməkdaş, 89 bina nümayəndəsi ayrılıb.

Bildirilib ki, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.

Bir həftə öncə, iyunun 2-də isə DİM Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin IX sinif şagirdlərinin buraxılış imtahanının ikinci mərhələsini keçirmişdi.

Həmin imtahanalara isə 37 min 300 civarında şagird qatılmışdı.

Xatırlatma

Dövlət İmtahan Mərkəzi ölkənin yuxarıda qeyd edilən şəhər və rayonlarında IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsini martın 10-da keçirmişdi. Ondan bir həftə öncə də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin IX sinfində oxuyan şagirdlərin imtahanı olmuşdu. Qalan bölgələrin ümumtəhsil müəssisələrinin IX sinfində təhsil alan şagirdlərinin imtahanı da başqa vaxtda keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG