Bolqarıstan prezidenti Rumen Radev yanvarın 20-də vəzifəsindən gedəcəyini bildirib. Bu isə onun növbəti addımları ilə bağlı spekulyasiyaya yol açıb. Belə ki, Radevin öz siyasi partiyasını yaradaraq növbədənkənar parlament seçkilərində iştirak edəcəyi ehtimal olunur.
Yanvarın 19-da televiziya ilə xüsusi müraciətində Radev Bolqarıstandakı siyasi mühiti kəskin tənqid edib. O, cəmiyyətdə geniş yayılmış məyusluğun əsas səbəbləri kimi "amansız idarəetmə modeli" adlandırdığı sistemi, ölkə oliqarxiyasını göstərib.
Radev deyib ki, "bolqarlar səsvermədə iştirak etməyi dayandırıblar", artıq mediaya və ədliyyə sisteminə etibar etmirlər.
Ölkədə uzun müddətdir siyasi qeyri-sabitlik hökm sürür. Ötən ay hökumət istefa verib. Son koalisiya hökumətinin dağılması isə Bolqarıstanı son dörd ildə səkkizinci dəfə parlament seçkisinə aparır.
"Bugünkü siyasi sinif bolqarların ümidlərini satıb", – Radev vurğulayıb.
O, artıq vətəndaşların üçdə ikisinin səs vermədiyini deyib.
Radev partiya siyasətinə qoşulmaq planlarını açıq təsdiqləməyib. Amma o, son aylar siyasi hərəkat yarada biləcəyinə eyham vurub, "insanlar bunu hər yerdə tələb edir" deyib.
Dekabr etirazları hökumətin istefası ilə nəticələnib
Keçən ilin sonlarında Bolqarıstanda bir neçə iri etiraz aksiyası keçirilib. Etirazlar əvvəlcə hökumətin 2026-cı il üçün təklif etdiyi büdcəyə narazılıqla başlayıb. Sonradan genişmiqyaslı nümayişlərdə iqtisadi idarəetmə, korrupsiyanın qarşısının alınmaması tənqid olunub. Gərginlik dekabrın 11-də hökumətin istefası ilə nəticələnib. Bundan bir neçə gün sonra parlamentdə etimadsızlıq səsverməsi planlaşdırılırdı.
Radev prezident postunda tez-tez mühafizəkar baxışlar sərgiləyib, eyni zamanda özünü Bolqarıstanda kök salmış korrupsiya modelinə opponent kimi təqdim edib.
2022-ci ilin fevralında Rusiya Ukraynada təcavüzkar müharibəyə başlayandan o, əsasən, Moskvaya rəğbət bəsləyən mövqedən çıxış edib. O, həmçinin Avropanın mühafizəkar siyasi fiqurları ilə yaxınlıq sərgiləyib.
Bolqarıstanda prezident, əsasən, simvolik vəzifə sayılır. Radevin istefasından sonra vitse-prezident İliana Yotovanın bu ilin sonunadək, indiki prezidentlik müddətinin sonunadək dövlət başçısı vəzifəsini icra edəcəyi gözlənilir.