Keçid linkləri

2026, 20 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:41

'NetBlocks': İran hökuməti internetə selektiv çıxışı sınaqdan keçirir


İnternetin davamlı kəsilməsi İranda rəqəmsal iqtisadiyyata böyük ziyan vurub.
İnternetin davamlı kəsilməsi İranda rəqəmsal iqtisadiyyata böyük ziyan vurub.

İranda artıq 280 saatdır ölkə üzrə internet kəsilib, 90 milyondan çox əhalisi olan ölkənin 13 gündür qlobal kommunikasiya ilə əlaqəsi yoxdur. Bunu "NetBlocks" internet monitorinqi təşkilatı bildirir.

"NetBlocks"in vurğulamasına görə, bəzi məhdudlaşdırılmış xidmətlər və platformalardan trafik onu deməyə əsas verir ki, hökumət "ağ siyahı" əsasında əlaqəni sınaqdan keçirənə oxşayır. Bu internet senzurası o deməkdir ki, hakimiyyət qlobal internetə çıxışı, əsasən, bloklayır, çox az sayda vebsaytlar, tətbiqlər və xidmətlərə selektiv icazə verilir.

İnternetin davamlı kəsilməsi İranda rəqəmsal iqtisadiyyata böyük ziyan vurub. İranın İnternet Biznes Assosiasiyasının katibi Rza Olfatsefat deyib ki, internet kəsilməsi kiçik və böyük müəssisələrə 400 trilyon rial (286 milyon dollar) maddi ziyan vurub.

İran prezidenti Məsud Pezeşkian yanvarın 18-də hökumətin iclasında Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə internetə məhdudiyyətin mümkün qədər tez aradan qaldırılmasını tövsiyə edib. Pezeşkian özü Ali Milli Təhlükəsizlik Şurasının başçısıdır. O, məsul qurumlara birbaşa göstəriş vermək əvəzinə, niyə tövsiyə verdiyini açıqlamayıb.

İranlılar faktiki blokada şəraitində yaşayırlar

İran paytaxtı Tehranın küçələri adətən izdihamlı olurdu. Ölkədə dini hakimiyyətə qarşı misli görünməmiş etirazlar zorakılıqla yatırılandan sonra təhlükəsizlik qüvvələri nəzarəti bərpa edib və küçələr, əsasən, boş görünür.

Tehran sakinləri şəhərdə faktiki hərbi vəziyyət hökm sürdüyünü deyirlər: küçələrə təhlükəsizlik əməkdaşları yerləşdirilib, əhali isə, əsasən, evlərindən çıxmır. Axşamlar mağaza və restoranlar bağlanır.

"Gecələr tam bir hərbi vəziyyət hökm sürür. Silahlı qüvvələri avtomobilləri saxlayır, maşını tam yoxlayır, mobil telefonlara baxırlar. İnsanlardan telefonlarını açmalarını tələb edirlər", – yanvarın 17-də İrandan çıxmış 70 yaşlı bir kişi AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) danışıb.

İranda dekabrın 28-də başlanan etirazları hökumət qüvvələri zorakılıqla yatırdıb. Etirazlar müddətində ölkədə internet və rabitə kəsilib.

İnsan haqları qrupları son üç həftədə bir neçə min etirazçının öldürüldüyünü, 20 mindən çox şəxsin saxlanıldığını bildirir. Real ölü sayının xeyli çox olduğu güman edilir.

"Axşam saat 8-dən sonra evdən çıxmamağı tövsiyə edirlər"

"Radio Fərda"ya danışan şəxs deyib ki, təhlükəsizlik qüvvələri vətəndaşların sosial şəbəkələrdəki fəaliyyətini, telefonlardakı fotoları yoxlayır, etirazlarda iştiraka dəlil tapmağa çalışırlar. O, Tehranın şimalında saxlanıldığını, başqalarından da eyni şeyləri eşitdiyini söyləyib: "Buna görə insanlar bir-birinə axşam saat 8-dən sonra evdən çıxmamağı tövsiyə edirlər".

Tehran sakinlərinin dediyinə görə, İran əsgərləri, mülki geyimli agentlər, "Bəsic" yarımhərbi qüvvəsinin üzvləri təkcə şəhər mərkəzində deyil, yaşayış məhəllələrinə də yerləşdirilib.

Təhlükəsizlik qüvvələri İranın digər bölgələrində, kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə də müşahidə olunur. Bu şəhərlərə o qədər hərbi və təhlükəsizlik qüvvələri yerləşdirilib ki, adamlar bir növ hərbi idarə-üsulu haqda danışırlar. Bunu Kürdüstan İnsan Haqları Şəbəkəsinin üzvü Kaveh Kermanşahi "Radio Fərda"ya deyib: "Adi insanların hərəkəti yasaqlanmayıb, amma bütün hərəkətlərə ciddi nəzarət olunur".

Yaşayış məkanlarında təqib

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi bildirir ki, təhlükəsizlik qüvvələrinin əməliyyatları yaşayış binalarına, mənzillərə belə keçib. Bu isə ictimai etirazla şəxsi həyat arasındakı sərhədin qarışması deməkdir.

Aktivistlərin idarə etdiyi "Vahid Online" Telegram kanalı Tehrandakı bir yaşayış binasına aid təhlükəsizlik kamerası görüntüsünü yayımlayıb. Görüntülərdə yanvarın 7-də mülkigeyimli agentlərin binaya girərək etirazçıları pilləkənlərdə dəyənəklə, odlu silahlarla qovaladıqları görünür.

Görüntülər özəl məkanlara sığınan nümayişçilərin sistemli təqib olunması ehtimalını gücləndirir. Üstəlik, indiyədək etiraz yerlərindən uzaqda yaşayanlar da qapı-qapı reydlərin, həbslərin keçirildiyini dilə gətiriblər.

XS
SM
MD
LG