Bill Qeyts hər il Yeni İl ərəfəsində ilin ən yaxşı kitablarının siyahısını dərc edir.
Qeyts uşaqlıqdan bəri kitab oxumağa çox həvəsli olub. Çox kitab oxuduğundan valideynləri bəzi qaydalar qoymağa məcbur olublar. Məsələn, nahar masası arxasında kitab oxumağı qadağan ediblər.
Qeyts builki kitab seçimlərini ötən həftə özünün "GatesNotes" adlı bloqunda dərc etdiyi postda sadalayıb. Əvvəlki illərdəki kimi, bu il də bayram qiraətinin xüsusi bir mövzuda olduğunu bildirib. Builki mövzu elmi fantastikadır.
2021-ci ilin ilsonu siyahısında elmi fantastika janrında yazılmış iki kitab var. Siyahıdakı daha iki kitab da elm fokusludur. Qeytsin sonuncu tövsiyəsi isə tarixin ən tanınmış dramaturqlarından biri haqdadır.
A Thousand Brains: A New Theory of Intelligence. (Min beyin: yeni zəka nəzəriyyəsi). Ceff Hokins
Qeyts "PalmPilot" cihazlarının yaradıcılarından olan bu müəllifi "mobil kompüterlərin pionerlərindən biri" adlandırıb. Kitab maşınlarda "ümumi zəka"nın, başqa sözlə, maşınların dünyanı insanlar kimi qavrama qabiliyyətinin inkişafına kömək etmək məqsədi daşıyan yeni zəka nəzəriyyəsi haqdadır. Qeyts kitabın ekspert olmayanlara uyğun yeni yanaşma ortaya qoyduğunu, bu sahəninsə son nəticədə tibbin inkişafı kimi həqiqətən mürəkkəb, çoxsahəli sınaqların öhdəsindən gəlməyimizə kömək edəcəyini yazır. Qeyts atasının Altsheymer xəstəliyindən göz qabağında çökdüyünü xatırlayır. Bu təcrübə onu insan beyni ilə bağlı hələ nə qədər şeyin öyrənilməli olduğunu düşünməyə vadar edib.
The Code Breaker: Jennifer Doudna, Gene Editing, and the Future of the Human Race. (Kod sındıran). Uolter Ayzekson
Qeyts hesab edir ki, Stiv Cobs, Albert Eynşteyn və Bencamin Franklin kimi şəxsiyyətlərin bioqrafı olan Ayzeksonun bu işi Cennifer Daudnenin portretindən daha geniş bir kitabdır. Cennifer Daudne CRISPR gen redaktəsinin ixtirasına töhfə vermiş Nobel mükafatı laureatıdır. Bu kitab sözügedən texnologiyaya dərin baxış imkanı verir. Bu texnologiya alimlərə insan və digər canlıların genomunu dəyişmək imkanı verir. Qeyts son illərdə CRISPR texnologiyasına marağının son dərəcə artdığını yazır. O həm də hesab edir ki, cəmiyyət bu texnologiyadan istifadədə etik sərhədlərin qoyulmasında yaxından iştirak etməlidir.
Klara and the Sun. (Klara və Günəş). Kadzuo İsiquro
Gənc xəstə qıza yoldaşlıq edən robotun bədii hekayəsi robotların bizim həyatımızı yaxşılaşdırdığı gələcək haqdadır. Romanda hadisələr uşaqların daha ağıllı olması üçün genlərinin dəyişdirildiyi, bu səbəbdən, əsasən, təcrid olunmuş mövcudiyyət sürdüyü distopik cəmiyyətdə cərəyan edir. Cozi adlı gənc qız riskli bir prosedur nəticəsində xəstələnib. "Kitabı oxuduqca qeyri-ixtiyari onun hansı hissəsinin bizim real gələcəyimizi təsvir etdiyi haqda düşünürdüm. …Bir gün həyatımızda həm yoldaş, həm də utilitar robotlar olacaq", –Qeyts yazır.
Hamnet. (Hemnet). Meqqi O'Farrell
Bu bədii əsər real hadisələrlə bir qədər bağlıdır. Kitab Şekspirin oğlu Hemnet və onun 11 yaşında faciəvi ölümünün dünyanın ən çox oynanılan pyeslərindən birinə təsiri haqdadır.
"Hamlet" uşağın ölümündən cəmi iki il sonra yazılıb. Qeytsin diqqətini cəlb edən Şekspirin öz kədər və günah hissini yazıya keçirməsi və O'Farrellin bunu gözəl ifadə etməsidir.
Project Hail Mary ("Yaşasın Mariya" layihəsi). Endi Uir
"Marslı"nın müəllifinin bu yeni kitabı yuxarı siniflərə dəqiq elmlərdən dərs deyən müəllimin hekayəsini nəql edir. Baş qəhrəman bir yadplanetli ilə dostlaşır. Onlar birlikdə Günəş sistemini günəşyeyən mikroorqanizmlərdən xilas etməyə çalışırlar. Kitab elmi olmasa da, Qeyts kainatda həyatın başqa formalarının olması haqda düşünməyin maraqlı olduğunu yazır.