Keçid linkləri

2026, 25 Mart, çərşənbə, Bakı vaxtı 23:36

Yaxınları Bəşir Süleymanlıdan narahatdır

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

Bakı İstintaq Təcridxanasında saxlanan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlıya təzyiq edildiyi bildirilir.

Bu barədə B.Süleymanlının yaxınları məlumat verib. Onların sözlərinə görə, o, təcridxanada təxribatla üzləşəcəyindən narahatdır.

Onların vurğulamasına görə, B.Süleymanlının yaxınları ilə telefon danışığına da məhdudiyyət qoyulub: "Martın 22-də Bəşir Süleymanlının zəng günü olsa da, ona bu şərait yaradılmayıb".

Bu deyilənlərə Ədliyyə Nazirliyinin rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma Ədliyyə Nazirliyinin rəsmiləri bundan əvvəl oxşar şikayətlərlə bağlı bildiriblər ki, məhkum və digər saxlanılan şəxslərlə yalnız qanun çərçivəsində davranırlar, onların şəraiti beynəlxalq standartlara cavab verir.

B.Süleymanlı ötən ilin martında saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda məhkəməsi gedən hüquq müdafiəçisi ittihamları qəbul etmir.

"QHT işi" üzrə həbslər...

"QHT işi" üzrə son həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.

İqtisadçı Qalib Bayramov barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ona qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri cəlb olunub.

Bundan başqa, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

Ölkə xaricində olan Sübhan Həsənli Aytac Ağazadə isə axtarışa verilib. Onlar da ittihamları qəbul etmirlər.

Xatırlatma

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi əvvəlcə 2014-cü ilin yayında başlanıb, ardından da ölkədə bir sıra təşkilat başçıları həbs edilib. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və əri, tarixçi-alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov da olub. Oxşar ittihamlarla üzləşən adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadankənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.

Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edərək təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.

XS
SM
MD
LG