'Qatarı təyyarə aparacaq?' – Bakı-Tbilisi qatarının qiyməti şəbəkəni qarışdırdı
Bakıdan Tbilisiyə dəmir yolu ilə səfər etmək istəyən sərnişinlər bundan sonra ən azı 81 manat ödəməli olacaqlar. Altı illik fasilədən sonra, mayın 26-dan etibarən Bakı-Tbilisi marşrutu üzrə qatarların hərəkəti bərpa edilir və "Azərbaycan Dəmir Yolları" (ADY) artıq minimum tarifləri elan edib. Multimedia Mərkəzinin direktoru Osman Gündüz qurumun qiymət siyasətini tənqid edərək ictimaiyyətə yalnız ən ucuz tarifin təqdim olunmasını "manipulyasiya" adlandırıb. Ekspert "lüks" (SV) vaqonlarda gediş haqqının 230 manata qədər yüksələcəyini proqnozlaşdırır.