Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:45

Bakı-Naxçıvan-Bakı avtobusları İranda gömrükdən keçməyəcək


Gömrük-keçid məntəqələrində Azərbaycanın paytaxtı Bakı şəhərindən İran ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səfər edən sərnişinlərin əl yükləri, baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilib:

“Sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə... gömrük nəzarəti avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək. Bu məqsədlə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində, Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib”.

Məlumatda qeyd edilib ki, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı: “Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı”.

Komitə bildirib ki, son bir il ərzində bu məsələlər İran İslam Respublikasının gömrük xidməti qarşısında qaldırılıb. Bu il iyunun 13-də isə Azərbaycanla İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında bu məsələyə dair razılıq əldə olunub:

“Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir...”

Bu təminatdan sonra avtobuslar İran İslam Respublikasında gömrük yoxlamasından keçirilməməlidir:

“Pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir. Belə ki, əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində də gömrük nəzarəti zonası yaradılıb”.

Dövlət Gömrük Komitəsi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG