Keçid linkləri

2017, 27 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:57

Azərbaycan Şəffaflıq Təşəbbüsündən çıxdı


Şahmar Mövsümov

«Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm». Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov belə deyib

Bəyanatda Azərbaycanın MHŞT sahəsində bir çox ilklərə imza atdığı, hasilat sənayesində ən yüksək şəffaflığı təşviq etdiyi, beynəlxalq təşəbbüsləri dəstəklədiyi vurğulanır. Belə ki, ölkənin 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olduğu vurğulanır.

«Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər», – bəyanatda deyilir.

Ş.Mövsümov qeyd edir ki, ilk gündən Azərbaycan hökuməti MHŞT-nin prinsip və standartlarına tam əməl edib, Təşəbbüsün uğurlu tətbiqindən ötrü bütün zəruri addımları atıb. 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb.

Bəyanatda vurğulanır ki, Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc edəcək.

Azərbaycanın EITI-dəki fəaliyyəti dayandırılıb

Martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilir ki, (sənədin mətni ilə burada tanış olun) Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Qərarda bu da qeyd olunur ki, Azərbaycanın islahedici hərəkətlər sahəsində tələbləri yerinə yetirib-yetirmədiyi məsələsinə bir daha 2017-ci il 26 iyul tarixindən başlanacaq üçüncü qiymətləndirmə çərçivəsində baxılacaq.

Sənəddə deyilir ki, bununla da Azərbaycana “vətəndaş cəmiyyəti mühitini yaxşılaşdırmaq… və təbii ehtiyatlardan cəmiyyətin nəfinə istifadənin idarə olunmasını təkmilləşdirmək imkanı” verilir.

“Bu yaxşılaşdırmlara nail olunmaması ölkənin təşəbbüs siyahısından tamamilə çıxarılmasına səbəb ola bilər” – deyilir qərarda.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu: “Azərbaycan qurumu tərk edə bilər”

Baqotada Azərbaycanla bağlı müzakirələrini izləyən iqtisadçı alim Qubad İbadoğlu AzadlıqRadiosuna deyib ki, Azərbaycanın EİTİ-də üzləşdiyi problemin məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir:“Hakimiyyət yaxın günlərdə qurumu tərk etmək haqda qərar versə, yenə bunun da məsuliyyəti indiki iqtidarın boynuna düşür”.

Onun sözlərinə görə, qərar gərgin və uzun müzakirələrdən sonra qəbul edilib. Hərçənd o, bu qərarın gözlənilməz olmadığı qənaətindədir:

“Gözlənilən qərar idi. Azərbaycan islahedici tədbirlər planını həyata keçirmədi. Beynəlxalq katibliyin qiymətləndirməsi də göstərdi ki, nəzərdə tutulan tələblər yerinə yetirilməyib”.

Müzakirələrdən öncə Azərbaycanın qurumda üzvlükdən çıxarılması barədə ehtimallar da səslənirdi. Ancaq iqtisadçı bunun mümkün olmayacağını əvvəlcədən bildiklərini qeyd edir. O müzakirələrə qatılan hökumətlərin, investorların və vətəndaş cəmiyyətlərinin hər birinin öz maraqları olduğunu da vurğulayır.

Qubad İbadoğlunun sözlərinə görə, indi narahatlıq doğuran başlıca məqamlardan biri, bəlkə də birincisi hökumətin reaksiyasının necə olacağıdır:

Məndə olan məlumata görə, Azərbaycan hakimiyyəti bu qərardan sonra Mədən Hasilatı Şəffaflıq Təşəbbüsünü tərk edə bilər. Belə bir qərarın verilməsi gözlənir.”

Qubad İbadoğlu düşünür ki, Azərbaycan xüsusən də indiki ağır iqtisadi vəziyyətində bu qurumda qalmağa çalışmalıdır.

Bəs, Azərbaycanla bağlı müzakirələrin gərgin keçməsinə səbəb nəydi? Bu suala Qubad İbadoğlunun cavabı:

“Azərbaycan məsələsi ölkə səviyyəsindən kənara çıxıb artıq. Burda çox müxtəlif maraqlar da var. Məsələn, Azərbaycan Cənub qaz dəhlizi layihəsinin reallaşdırılmasına çalışır. Amma bugünkü qərar həmin layihəyə əhəmiyyətli dərəcədə olmasa da, müəyyən təsir göstərə bilər. Eyni zamanda, bundan sonra Azərbaycana investisiya cəlb etmək çətinləşəcək, ölkənin kredit reytinqi aşağı düşəcək. SOCAR, BP və digər qurumlar da belə bir qərarın qəbulundan narahatıydılar. Azərbaycanın bu qurumda qalması onların maraqlarına uyğun idi. Bu, çox ciddi qərardır.”

İqtisadçı ekspert əlavə edib ki, əgər Azərbaycan bu üçüncü qiymətləndirmədən keçməsə, onun təşəbbüs siyahısından tam çıxarılması variantlardan biri ola bilər.

Azərbaycanın EITI-də statusu: Dayandırılıb
Azərbaycanın EITI-də statusu: Dayandırılıb

İlqar Məmmədovun azadlığa buraxılması əsas tələblərdəndir

Azərbaycanın qarşısında qoyulmuş tələblər EITI-nin son qərarında konkret olaraq xatırladılır.

“Azərbaycan vətəndaş cəmiyyəti üçün hüquqi və de facto mühiti yaratmalı və hərəkətə gətirməli idi...”

Sənəddən anlaşılır ki, bu mühitin yaradılması üçün vətəndaş cəmiyyəti təşkilatlarına maliyyələşməyə azad çıxış verilməli və açıq ictimai müzakirə şəraiti yaradılmalıdır.

“Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutu (NGRİ) məşvərət şurasının üzvü İlqar Məmmədov da daxil ədalətsiz olaraq həbs edilmiş, saxlanmış, mühakimə və məhkum edilmiş və və saxta ittihamlarla məhbus olunmuş şəxslərin azadlığa buraxılması kimi tədbirlər düzgün istiqamətdə atılmış mühüm addımlar hesab edilə bilər” – deyilir sənəddə.

Beləliklə, indi REAL hərəkatının lideri İlqar Məmmədovun azadlığa buraxılması Azərbaycana EITI üzvlüyündə qalmaq imkanı verəcək mühüm tələblərdən biridir.

Buna da bax:​ Azərbaycanla bağlı konsensus alınmayıb

Ermənistan EITI-yə üzv oldu, ancaq Qarabağ şərti ilə

Ermənistan EITI-yə üzv qəbul edilib. Qərar EITI-nin rəhbər komitəsinin bu gün, martın 9-da keçirilən toplantısında çıxarılıb.

Bu haqda komitənin üzvlərindən iqtisadçı Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycandan olan nümayəndələr müzakirələrdə yaxından iştirak ediblər.

“Ermənistanın təşkilata qəbulu ilə bağlı müzakirələr çox uzun çəkdi. Azərbaycan hökumətinin Boqotaya ezam olunan nümayəndəsi Şahmar Mövsümövla birlikdə beynəlxalq idarə heyətinin üzvləri arasında apardığımız işin nəticəsi olaraq demək olar ki, çıxış edənlərin hamısı Ermənistanın işğal etdiyi ərazilərdə hasilatla bağlı məlumatları onların açıqlayacağı MSŞT hesabatlarına daxil etməsinin əleyhinə oldular”.

Buna da bax:​ Boqota toplantısına Azərbaycandan iki fərqli müraciət

Qubad İbadoğlunun bildirməsinə görə, müzakirələrin yekununda MSŞT-nin rəhbəri Fredrik Reinfeldt çıxış edərək qeyd edilənlər əsasında xüsusi olaraq ayrıca məktubla açıqlama verəcəyini bildirib.

Yekunda Ermənistan MSŞT-nin 52-ci üzv dövləti olub. Q.İbadoğlunun sözlərinə görə, bu qərar, şərtlə verilib.

“Ermənistan dərc edəcəkləri MSŞT hesabatlarına işğal altında olan Qarabağ ərazisindəki hasilat məlumatlarını daxil etməyəcəklər”, Q.İbadoğlu bildirib.

Buna da bax:​ Qubad İbadoğlu: 'Azərbaycanın üzvlüyünün dayandırılması mümkündür'

XATIRLATMA

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) martın 8-dən 9-na kimi Azərbaycanın öhdəliklərini müzakirə edib.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edirdi ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG