Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:26

Boqota toplantısına Azərbaycandan iki fərqli müraciət


İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yığıncağı. 30 aprel 2016

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə Beynəlxalq İdarə Heyətinin Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək iclası ərəfəsində Azərbaycanın daha bir qrup QHT-si bu quruma müraciət edib.

APA-nın xəbərinə görə, müraciət yenə Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyası adından yayılıb.

Bir gün əvvəl, martın 6-sı da Koalisiya adından müraciət yayılmışdı və orada Azərbaycana münasibətdə qurumun standartlarına uyğun davranmağa çağırılırdı. Müraciətdə qeyd edilirdi ki, QHT-lərin köklü problemləri həll edilməmiş qalır. Üstəlik, hökumət Dövlət Neft Fondu vasitəsilə Koalisiyanın daxili işlərinə müdaxilə edir.

Koalisiya adından göndərilən növbəti müraciəti isə üzvlərinin çoxunun müdafiə etdikləri bildirilir. Artıq müraciət MHŞT üzrə Beynəlxalq İdarə Heyəti və Katibliyə göndərilib.

«Martın 6-da Beynəlxalq Katibliyin nümayəndəsi xanım Oliana Valigura ilə «Skype» vasitəsilə yaranmış vəziyyətin bütün aspektləri barədə geniş müzakirələr aparılıb. Müraciət barədə məlumat verilib. O.Valigura müraciəti İdarə Heyətinə təqdim edəcəyini bildirib»,-deyə müraciətdə bildirilir.

İkinci müraciətin müəllifləri fərqli düşünürlər.

«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev APA-ya bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti mühitində çox ciddi islahatların aparılır.

Ə.Nuriyevin fikrincə, Azərbaycanın EITI-dən kənarda qalması vətəndaş cəmiyyətinə ciddi zərbə vuracaq.

XATIRLATMA

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) martın 8-də Azərbaycanın öhdəliklərini müzakirə edəcək. Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edir ki, bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

EITI 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb. Həmin vaxt bu addım Azərbaycanda Koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG