Akif Qurbanov MSK-dan çıxa bilər
Akif Qurbanov Mərkəzi Seçki Komissiyasının üzvlüyündən çıxa bilər. O, MSK üzvlüyünə Ümid partiyasından seçilib. Ümid Partiyasının sədri İqbal Ağazadə deputat seçilməyəcəksə, bu partiya MSK-ya üzv verə bilməz.
Əmanətin sığortalanması problemi
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bu ilin 9 ayının nəticələrini açıqlayıb. Hesabata görə, fond üzv bankların 7 milyon 304 min 127 əmanətçisinə xidmət göstərir. Əmanətlərin 91 faizi qorunan qismə daxildir. Qorunan əmanətçilərin 99.6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanıb. Əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür.
«Öhdəlikləri get-gedə artan fondun tələbatı ödəməsi üçün riskləri qarşılaya biləcək ehtiyatları varmı» sualı iqtisadçıları narahat edən suallardan biridir.
İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, son hesabat dövründə ölkədə qorunan əmanətlər 2 milyard manatdan çox artdığı halda, fondun ehtiyatları 17 milyon manat çoxalıb: «Bu il oktyabrın 1-dək ölkə üzrə qorunan əmanətlərin həcmi 5 milyard 44 milyon manata, sığorta ehtiyatlarının həcmi 109,4 milyon manata çatıb. Ehtiyatlar əmanətlərin 2.2 faizini ödəməyə yetir.
Falçılıq qadağan olunur
Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanır.
Bu barədə APA-ya müsahibəsində Komitə sədri Mübariz Qurbanlı bildirib. Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: “Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.
Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.
Dilçilik İnstitutu: Futbolçuların formalarında adların əcnəbi dildə yazılması doğru deyil
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya deyib ki, yerli çempionatda çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının əcnəbi dildə yazılması doğru deyil: “Biz bu məsələ ilə bağlı AFFA-ya məktub göndərəcəyik. Təbii ki, beynəlxalq oyunlar istisnadır. Yerli çempionatda elektron tabloda futbolçunun adı Azərbaycan dilində, amma formada əcnəbi qrafikada yazılır. Bu, doğru deyil”.