Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi layihəsinin yekunlaşmasını "mühüm mərhələ" kimi qiymətləndirib. Mirzoyan bu barədə martın 14-də Ermənistan parlamentinin komitə iclasında danışıb. O bildirib ki, sənəd layihəsinin yekun mətnində hər iki ölkə arasında əlaqələrin normallaşması ilə bağlı müzakirələrin davamı üçün mexanizmlər nəzərdə tutulub: "Ümumiyyətlə, tarixdən bilirik ki, heç bir sülh müqaviləsi bütün mümkün suallara bir anda cavab verə bilməz. Sehrli çubuqla iki ölkəni və ya xalqı dərhal barışdıra bilməz... Təbii ki, çox həssas məsələlər də daxil, daha sonra müzakirə və həll edilməli məsələlər var".
Mirzoyanın sözlərinə görə, razılaşdırılmış mətndə qaçqınların qaytarılması və "dəhliz" ilə bağlı heç bir müddəa yoxdur: "Ümumiyyətlə, saziş layihəsinin mətnində blokadanın götürülməsi mexanizmləri haqqında heç nə yoxdur".
Rəsmi Bakı daha əvvəl Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan quru yolun – Ermənistanın Sünik bölgəsindən keçməli olan "Zəngəzur dəhlizi"nin açılmasını tələb edib. Rəsmi Yerevan "dəhliz" termininə qarşı çıxır, təkidlə bildirir ki, hər iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində yurisdiksiyanı saxlamalıdır.
Nazir Mirzoyan habelə bildirib ki, sülh sazişinin mətnində hər hansı birtərəfli şərtlər və ya iki ölkənin konstitusiyaları ilə bağlı bənd yoxdur.
"Ümumilikdə, sazişin mətnində birtərəfli qaydalar yoxdur. Həmçinin, konstitusiyalarla bağlı heç bir tənzimləmə yoxdur", - o deyib.
Azərbaycan rəsmiləri dəfələrlə bəyan edib ki, Ermənistanın konstitusiyasında ölkələrinə qarşı ərazi iddiası var və buna görə də o dəyişdirilməlidir.
Mirzoyan sülh sazişi imzalanarsa, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının taleyinə də toxunub. Bildirib ki, Yerevan Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasından sonra Monitorinq Missiyası ilə əməkdaşlığa dair "məqbul və qarşılıqlı faydalı" həll yolunu Brüssel ilə müzakirə edəcək.
ABŞ: 'Münaqişə səhifəsini çevirmək üçün bir fürsətdir'
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında "tarixi" sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır.
"Bu, hər iki ölkə üçün prezident Trampın daha dinc dünya vizyonuna uyğun olaraq, çoxillik münaqişə səhifəsini çevirmək fürsətidir. İndi sülh öhdəliyi götürmək, sazişi imzalamaq və ratifikasiya etmək, Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrü açmaq vaxtıdır", - ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilir.
37 ildən sonra razılıq - Əliyevlə Paşinyan bu il sülh müqaviləsini imzalayacaq?
"Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb". Bunu martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
"Sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb. Son iki açıq maddə qalmışdı, yaxınlarda Ermənistan tərəfi həmin iki maddə üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini bizə əlaqə kanallar vasitəsilə çatdırıb. Ona görə mətn üzrə işlərin yekulaşdırıldığını qeyd edə bilərik. Növbəti addım olaraq... Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiyaya dəyişikliklər edilməsi yoluyla aradan qaldırılması baş tutmalıdır. Bu, sazişin imzalanması üçün labüd ilkin şərtdir", - C.Bayramov deyib.
Razılaşdırılmayan məsələlərin sərhəddə üçüncü tərəfin silahlı qüvvələrinin saxlanmaması və beynəlxalq məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı olduğu deyilirdi.
+++
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişi layihəsinin mətni üzrə işin yekunlaşdığını və daha əvvəl razılaşdırılmamış iki bənd üzrə razılığın əldə olunduğunu təsdiqləyib.
Qurumun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki, Azərbaycan XİN-ə diplomatik kanallarla birgə bəyanat verməyi təklif edib. Ermənistan XİN əlavə edib ki, "rəsmi Bakı birtərəfli bəyanat verməyi üstün tutub".
Yerevan sazişin imzalanmasının tarixi və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirir.
"Sirr yoxdur"
Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda jurnalistlərə deyib ki, sülh sazişi layihəsi "məqbul kompromis variant" sayılır, ölkəsi sazişin nə zaman və harada imzalanmasını müzakirə etməyə hazırdır.
"Həmin mətndə cəmiyyətdən saxladığımız sirr yoxdur, o, maddə-maddə dərc olunub. Düşünmürəm ki, cəmiyyət onun məğzi ilə tanış deyil", – Paşinyan deyib.
O vurğulayıb ki, saziş imzalanandan sonra Ermənistan Azərbaycanla sərhəd boyunca xarici qüvvələr yerləşdirməyəcək.
"Ehtimal sıfıra bərabərdir"
Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, hətta tərəflər sülh sazişi imzalamaq üçün razılığa gəlsələr belə, bunun yaxın vaxtda gerçəkləşməsi mümkün deyil: "Tam tutumlu hər hansı bir sülh sazişi dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasından keçir. Yaxın bir-iki ayda Ermənistan konstitusiyasına dəyişikliklər ediləcəyi ehtimalı sıfıra bərabərdir. Əgər bu sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü mütləq tanımasını əhatə etmirsə, bu, sülh sazişi deyil. Adının nə olmasının əhəmiyyəti yoxdur".
"2026-cı ilin iyunundan tez olmayacaq"
Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Qiraqosyan da razılaşır ki, konstitusiya dəyişikləri uzun çəkən bir prosesdir, amma o bunu mümkünsüz də saymır: "Konstitusiya dəyişikliklərini Ermənistan tərəfi qəbul edir. Lakin konstitusiya dəyişikliyi hüquqi proses kimi 2026-cı ilin iyunundan tez başa çatmayacaq. Tərəflərin açıqlamaları çoxdan gözlənilən ikitərəfli müqaviləni yekunlaşdırmaq və imzalamaq üçün real fürsətdən xəbər verir".
Qiraqosyan inanır ki, son dəqiqədə hansısa əlavə tələblər qaldırılmasa, Azərbaycan və Ermənistan diplomatiyada çıxılmaz durumu geridə buraxa bilər.
Aİ sülh prosesinin yekunlaşmasına dəstəyə hazır olduğunu bildirir
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın "Sülh və dövlətlərarası münasibətlərin qurulması" haqqında saziş layihəsini tamamlaması xəbərinə münasibət bildirib.
"Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm ikitərəfli, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayırıq. Aİ Ermənistanın mətnin yekunlaşmasına yol açmasını təqdir edir", - (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında bildirilir.
K.Kallas həmin xəbəri regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan "həlledici addım" kimi xarakterizə edib: "Hər iki tərəfin eyni perspektivli və kompromis yönümlü yanaşma ilə bu prosesin problemsiz başa çatmasını təmin etməsi vacibdir".
O, Aİ-nin iki ölkə arasında normallaşma prosesini tam müdafiə etdiyi və tərəflərin istəyi olarsa, əlavə dəstək və mütəxəssis yardımı göstərməyə hazır olduğunu vurğulayıb.
Reaksiyalar
Fransa prezidenti Emmanuel Makron: "Mən Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşmasının elan edilməsini alqışlayıram. İndi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına heç bir maneə qalmayıb və bu, Cənubi Qafqazda davamlı sülhün yolunu açmalıdır".
Almaniya xarici işlər naziri Annalena Berbok: "Ermənistan və Azərbaycanın sülh sazişi üzərində razılığa gəlməsi xəbəri ümid üçün əsas yaradır. Onilliklər boyu davam edən düşmənçilik və müharibədən sonra davamlı sülhün əlçatan olması region və onun hüdudlarından kənarda mühüm əhəmiyyət kəsb edir. Uzun müzakirələrdən sonra Ermənistanın cəsarətli güzəştləri bu yolun son addımını mümkün edib – biz hər iki ölkəni bu yolda müşayiət etmişik. Hər iki tərəfi indi sülh sazişini imzalamağa çağırıram".
Avropa Şurasının baş katibi Alen Berse: "2001-ci ildə Avropa Şurasına daxil olarkən hər iki ölkə sülh əməkdaşlığı istiqamətində işləmək öhdəliyi götürdü. Bu Saziş layihəsi hər iki üzv dövlətin bu potensialı reallaşdırmaq və regionda sabit, davamlı sülh yaratmaq iradəsinin sübutudur. İndi bu impulsu qorumaq və Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, bu prosesi mehriban qonşuluq münasibətləri ruhunda, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə rəvan başa çatdırmaq son dərəcə vacibdir".
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.