Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:08

Hesabat: Azərbaycanda ən çox ədalətli məhkəmə hüququ pozulur


Avropa İnsan Haqları Məhkəməsi 2020-ci il üçün hesabatını dərc edib.

Hesabatda Azərbaycanla bağlı rəqəmləri də əhatə edən maraqlı statistik məlumatlar var.

Söhbət icraata götürülmüş, barəsində qərar qəbul edilmiş və baxılması gözlənilən şikayətlərdən gedir.

Hesabatda deyilir ki, 2020-ci ildə AİHM-ə ümumilikdə 41,700 ərizə verilib. Bu, 2019-cu ildə verilmiş ərizə sayından (44,500) 6 faiz azdır.

Amma 2020-ci ildə Azərbaycandan 525 yeni ərizə daxil olub. Bu rəqəm 2019-cu ildə 397 idi və deməli bir ildə 25 faiz artım qeydə alınıb.

Əhalinin hər 10 min nəfəri hesabı ilə

İcraata götürülmüş işlərin sayı ölkələr üzrə hər 10 min nəfərə hesabı ilə təsnifatlanır.

Beləliklə, bu rəqəm Montenegro üçün 3.5, Serbiya üçün 2.65, Bosniya və Herseqovina üçün 2.49, Latviya üçün 2.17 və Rumıniya üçün 1.55-dir.

Azərbaycan üçün bu rəqəm 0.52-dir və əsasən Avropa orta göstəricisinə (0.5) uyğundur.

2020-ci ildə AİHM 7681 ərizə üzrə üzv ölkə ilə kommunikasiyaya daxil olub. Bu, 2019-cu ildə olduğundan 19 faiz çoxdur. O vaxt belə ərizələrin sayı 6442 idi.

2020-ci ildə AİHM Azərbaycan hökuməti ilə 159 ərizə üzrə kommunikasiyaya daxil olub.

AİHM 2020-ci ildə 39,190 ərizə üzrə qərar qəbul edib. 2019-cu ildə bu rəqəm 40,667 idi.

2020-ci ildə 39,190 ərizədən 1901-i (4.85 faiz) barəsində qərar qəbul edilib. Ərizələrin 95.15 faizi və ya 37,289-u rədd edilib.

Ərizə sayında böyük artım

2020-ci ildə AİHM-in çıxardığı 871 qərardan 762-də (87.49 faiz) konvensiyanın azı bir maddəsinin pozulduğu qeydə alınıb. 84 qərarda (9.64 faiz) heç bir pozuntunun qeydə alınmadığı deyilir.

Barələrində çıxarılmış qərarlarda azı bir pozuntu göstərilən işlərin sayına görə ölkələr aşağıdakı şəkildə qiymətləndirilib:

1. Rusiya (173 qərar)

2. Türkiyə (85)

3. Ukrayna (82)

4. Rumıniya (64)

Azərbaycan üçün bu rəqəm 2020-ci ildə 37 olub. Hesabatda deyilir ki, bu, 2019-cu illə müqayisədə böyük artımdır.

O vaxt belə qərarların sayı 18 idi. 2018-ci ildə 9 belə qərar olmuşdu.

Barəsində qərar çıxarılmış ərizələrdə şikayətlər ədalətli mühakimə, azadlıq və təhlükəsizlzik hüququ, mülkiyyətin qorunması, həyat haqqı barədə idi.

Azərbaycandan gələn ərizələr üzrə çıxarılmış qərarlardan 18-i ədalətli mühakimə, 17-si isə azadlıq və təhlükəsizlik hüququnun pozulması barədə olub.

1959-2020-ci illər üzrə statistika

AİHM-in 1959-2020-ci illər arasında çıxarılmış qərarlarından konvensiyanın azı bir maddəsinin pozulduğunu qeydə alan qərarların sayına görə ölkələr aşağıdakı kimi yerləşdirilib:

1. Türkiyə (3,309)

2. Rusiya (2,724)

3. İtaliya (1,857)

4. Ukrayna (1,465)

5. Rumıniya (1,393)

Sözü gedən müddət ərzində Azərbaycan üzrə qərarlardan 206-sında konvensiyanın azı bir maddəsinin pozulduğu deyilir.

Bu rəqəmlərə görə Azərbaycanda insanların ən çox pozulan hüquqları - ədalətli mühakimə (84) və azadlıq və təhlükəsizlik hüququ (78) olub.

AİHM 2020-ci ildə Azərbaycandan gələn ərizələrin 74-ü barədə qərar çıxarıb. Bu rəqəm 2019-cu ildə 56 idi.

Baxılması gözlənilən ərazilər üzrə ən yüksək göstəricilər Rusiya (13,645), Türkiyə (11,750), Ukrayna (10,408), Rumıniya (7561) və İtaliyaya (3459) aiddir.

Azərbaycan üçün bu rəqəm 2040, Ermənistan üçün 1407-dir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG