Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:57

Avropadan gələn tövsiyələrə Azərbaycanda belə baxırlar…


AŞPA
AŞPA

Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb. Sessiyada Danimarkadan deputat Maykl Aastrup Yensenin hazırladığı hesabat əsasında "AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı" adlı qətnamə qəbul edilib.

Sənəddə monitorinq altında olan ölkələrin əldə etdiyi proqres alqışlanıb, Azərbaycan daxil olmaqla, bəzi ölkələrdə problemlərin qalmasından narahatlıq ifadə olunub və tövsiyələr irəli sürülüb.

11-ci bənddə qurum Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəfləri siyasi dialoqa mane olan qızışdırıcı ritorikadan çəkinməyə, 9 (10) noyabr üçtərəfli bəyanatının humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini aparmağa, mədəni irsə hörmət etməyə çağırıb.

Qurumun qətnaməsində insan haqlarına da toxunulub. Ötən ilin aprelində REAL Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsi alqışlanılsa da, bunun Avropa İnsan Haqları Məhkəməsi qərarının icrası üçün qoyulmuş zaman çərçivəsində həyata keçirilməməsindən təəssüf bildirilib. Sənəddə Azərbaycanda hökumətin opponentlərinin həbsinin, sərbəst toplaşma, birləşmə, ifadə və din azadlığına məhdudiyyətlərin qaldığı vurğulanır.

"Bütün bunlar Azərbaycanın şüurlu, məqsədyönlü seçimi idi"

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və planlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Turan" agentliyinə bildirib ki, Azərbaycan müstəqilliyini, demokratiyanı, insan hüquqlarını hüquqi demokratik dövlət quruluşu ilə bağlayır: "Hələ AŞPA-ya üzv olmamışdan Azərbaycan 1993-cü il 15 iyundan – Heydər Əliyevin hakimiyyətə gələn günü ölüm cəzasına moratorium işə salındı, 1995-ci ildə demokratik Konstitusiya qəbul edildi. 1998-ci ildə ölüm hökmü ləğv edildi, eyni zamanda, mətbuat üzərindən senzura götürüldü, siyasi partiyaların fəaliyyətinə şərait yaradıldı və s. Bütün bunlar Azərbaycanın şüurlu, məqsədyönlü seçimi idi".

A.Mirzəzadə
A.Mirzəzadə

Siyasətçi qeyd edib ki, Azərbaycan Avropa Şurasına daha demokratik, insan hüquqların qorunmasında daha mübariz olması üçün daxil olub: "Hesab edirəm ki, biz öhdəliklərimizi kifayət qədər yerinə yetiririk. Azərbaycan bu gün Avropa Şurasının dayaqlarından biridir".

A.Mirzəzadənin sözlərinə görə, Avropa Şurasının qəbul etdiyi qətnamə anlaşılan deyil: "Həlak olan hərbçilərin cəsədlərinin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan Rusiya vasitəçiliyi ilə çox sıx işləyir. Hətta Ermənistan tərəfinə daha çox əsirlər qaytarılıb, nəinki Ermənistanda olan Azərbaycan əsirləri. Bu gün işğaldan azad olunmuş zonada Ermənistan nümayəndələri Azərbaycan və Rusiya nümayəndələri ilə birlikdə həlak olmuş hərbiçilərin cəsədlərini tapıb Ermənistan tərəfinə çatdırmaqdadır".

"Bununla bağlı dəfələrlə izahat verilib"

Deputat bildirib ki, söhbət 10 noyabr sazişindən sonra Azərbaycan ərazisində həbs olunmuş diversant qrupundan gedirsə, həmin şəxslər artıq hərbi əsir deyil: "Bunlar artıq Azərbaycana cinayət törətmək üçün göndərilmiş diversantlardır. Şübhəsiz ki, bunlara qarşı Azərbaycan olmasın, istənilən digər dövlət olsun hüquqi mexanizmi işə salmalıdır. Bununla bağlı dəfələrlə izahat verilib".

Siyasətçi mədəni irs məsələsinə toxunaraq vurğulayıb ki, Azərbaycan torpaqları işğal altında olanda dəfələrlə beynəlxalq təşkilatlardan, o cümlədən AŞPA-dan həmin ərazilərə nümayəndələrin göndərilməsi, mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı arayış hazırlanmasını xahiş etmişdi: "Çox təəssüf ki, biz bunu nə ATƏT-in Minsk qrupundan, nə də AŞPA-dan gördük".

A.Mirzəzadənin sözlərinə görə, torpaqlar işğaldan azad ediləndə məlum olub ki, nəinki mədəni abidələri, bütün yaşayış obyektlərini, kommunikasiyaları tamamilə dağıdıblar: "Bu gün onların bərpası üzərində çox ciddi iş gedir. Cənab prezident Şuşaya səfər edərkən həm məscidi, həm kilsəni ziyarət etdi. Bu, Azərbaycanın mədəni abidələrə münasibətini göstərir. Bundan sonra da heç bir fərq qoymadan Azərbaycan bütün abidələri qoruyacaq. Bu baxımdan çağırışların edilməsi açıq olan qapının təkidlə döyülməsinə bənzəyir".

A.Məmmədli
A.Məmmədli

"Bir sıra məsələlər öz əksini tapmayıb"

Hüquq müdafiəçisi Anar Məmmədli isə hesab edir ki, AŞPA-nın son qəbul olunmuş hesabatının Azərbaycanla bağlı bölümü ölkədəki reallıqları əks etdirir: "Hətta mən deyərdim ki, bir sıra məsələlər öz əksini tapmayıb".

Hüquq müdafiəçisi AzadlıqRadiosuna bildirib ki, ötən ilin parlament seçkiləri ilə bağlı həm yerli, həm beynəlxalq müşahidəçilər ciddi çatışmazlıqları qeyd etmişdilər: "Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı ölkədə ciddi çatışmazlıqlar var. Konkret olaraq siyasi məhbuslarla bağlı qəbul olunmuş qərarların icrasında problemlər var. Məsələn, İlqar Məmmədov qrupuna aid olan işlərdən yalnız ikisi üzrə Ali Məhkəmə tərəfindən bəraət verildi, digər yeddi nəfərin işi isə hələ də qalmaqdadır".

"Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir"

A.Məmmədlinin fikrincə, ölkədə repressiyalar səngiməyib: "Keçən ilin mart ayından bəri xeyli sayda siyasi və ictimai fəal müxtəlif motivlərlə azadlıqdan məhrum edilib. Beləliklə ölkədə siyasi məhbus problemi hələ də həll olunmayıb".

Hüquq müdafiəşisinə görə, ölkədə məhkəmə-hüquq islahatlarına ehtiyac var: "Çünki bütünlükdə bu proseslərin Avropa standartlarına uyğunlaşdırılması üçün siyasi motivlərlə həbslər dayandırılmalıdır, ölkədə qanunun aliliyini təmin etmək üçün məhkəmə-hüquq islahatları aparılmalıdır. Hesabatda deyildiyi kimi, siyasi azadlıqların müdafiəsi yönündə, xüsusilə də söz və mətbuat, birləşmə azadlığı ilə bağlı problemlər qalır. Onların həlli yönündə Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir".

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə hələ də bu qurumun monitorinqi altındadır.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG