Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 11:15

Kurz-un dedikləri Gürcüstan və Rusiyanın xoşuna gəlməyib


ATƏT-in sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz

Avstriyanın xarici işlər naziri Sebastian Kurz-un təklifləri Gürcüstanda qızğın müzakirə doğurub.

Kurz Almaniyanın "Bild am Sonntag" nəşrinə müsahibəsində Gürcüstan, Misir və Qərbi Balkan ölkələrində miqrantları qəbul mərkəzlərinin yaradılmasını təklif edib. Təklif Tbilisinin heç xoşuna gəlməyib. Ancaq Gürcüstan siyasətçilərindən əvvəl rus siyasətçilər dilə gəliblər.

Buna da bax:​ Gürcülərin Avropaya vizasız gedişi üçün sonuncu maneə də qaldırıldı

“Vacib olan odur ki, miqrantların təhlükəsizliyi təmin edilsin”

Sebastian Kurz "Bild"ə Almaniya maliyyə nazirinin müavini Jens Spahn-la birgə müsahibə verib. Bəziləri Spahn-ı Almaniyanın növbəti kansleri kimi görür. Müsahibənin xeyli hissəsi Angela Merkel-in Yaxın Şərq ölkələrindən gələn qaçqınlarla bağlı "liberal" siyasətinin tənqidinə həsr olunub. Spahn Avropaya miqrant axınının qarşısını almaq üçün Türkiyə ilə olduğu kimi, Şimali Afrika dövlətləri ilə də razılaşmağın tərəfdarıdır. Avstriyalı nazir Sebastian Kurz-sa Avropa Birliyi xaricində qaçqınları qəbul mərkəzlərin yaradılmasını vacib sayır. Onun sözlərinə görə, belə mərkəzlərin harada yerləşməsi o qədər də önəmli deyil:

“Vacib olan odur ki, miqrantların təhlükəsizliyi təmin edilsin. Avropaya qanunsuz yollarla girmək istəyən adamları isə həmin ölkələrə qaytarsınlar. Belə qurumlar Misir, Gürcüstan, yaxud Qərbi Balkan ölkələrinin birində yerləşə bilər”.

Buna da bax:​ Avropa Parlamenti ABŞ vətəndaşlarına qarşı viza rejimi tətbiq etməyə çağırıb

Gürcüstan mediası avstriyalı nazirin bu fikrinə yalnız rusiyalı həmkarlarından sonra diqqət yetiriblər. Müsahibə dərc ediləndən bir neçə saat keçməmiş, bu məsələyə Rusiya siyasətçilərinin baxışları yayılıb. Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Frants Klintsevich deyib ki, Gürcüstan ərazisində qaçqın qəbul mərkəzlərinin yaradılması Rusiya ərazisində də təhlükəsizliyə təsir göstərəcək.

Digər senator - Aleksei Pushkovsa “tvitter”də belə yazıb:

“Avstriya Xarici İşlər Nazirliyinin başçısı qaçqınları AB-dən Gürcüstana göndərməyi təklif edib. Görünür, vizasız rejimin müqabilində. Maraqlıdır, Gürcüstan AB-yə yox deyə biləcəkmi?”.

Buna da bax:​ Rusiya: AB Ukraynada atəşkəsin saxlanmasını istəmir

“Əlavə öhdəliklər mümkün deyil”

Gürcülər bu şərhləri sosial şəbəkələrdə qızğın dartışmağa başlayıblar. Artıq günortaya doğru Gürcüstan XİN bəyanat yayaraq bildirib ki, AB-yə üz tutmuş qaçqınların qəbulu üçün hər hansı mərkəzlərin yaradılmasına dair hər hansı səviyyədə danışıqlar aparılmır. Bəyanatda o da deyilir ki, avstriyalı nazir Sebastian Kurz-un özü bir ay öncə, ATƏT sədri olaraq, Gürcüstana səfər edib, amma bu barədə bircə kəlmə də danışmayıb.

Gürcüstanın qaçqın məsələləri üzrə naziri Sozar Subari də məsələ haqqında açıqlama verib:

“Gürcüstanda qaçqınlar üçün düşərgələrin açılması planlaşdırılmayıb və planlaşdırılmır. Biz öz beynəlxalq öhdəliklərimizi yaxşı yerinə yetiririk. Əlavə öhdəliklər mümkün deyil, xüsusən nəzərə alanda ki bizim özümüzün ölkə daxilində 274 min qaçqınımız var. Onların 2/3-si yaşayış yeri ilə təmin edilməyib”.

Buna da bax:​ N.Məmmədov: 'AB Azərbaycanın ərazi bütövlüyünü tanımırdı'

“Rusiya heç nədən rahatsız olmasın”

Politoloq Kakha Gogolashvili sosial şəbəkələrdə və mediada baş qaldıran çaxnaşma arxasında antiqərb təbliğatının izlərini görür. O deyir ki, Gürcüstan artıq viza prosedurlarının liberallaşdırılması üçün bütün tələbləri yerinə yetirib və buna görə heç nə ödəməli deyil:

“Bizim Rusiya ilə vizasız rejimimiz yoxdur. Bu üzdən Rusiya heç nədən rahatsız olmasın. Heç Gürcüstan vətəndaşlarının da Rusiyaya getməsi asan deyil. Qaçqınlardansa heç söhbət gedə bilməz. Rusiyanın özü bunu istəməsə, qaçqınların Gürcüstandan Rusiyaya keçməsi, demək olar, imkansızdır. Buna görə də, Rusiya tərəfinin bəyanatları təxribat xarakteri daşıyır. Bu, Gürcüstanın suveren işlərinə qarışmaqdır. Özü də elə işlərinə ki heç baş verməyib və baş verə də bilməz”.

Buna da bax:​ Gürcüstanda toy-bayramdır

“Ümid edirəm ki...”

Beynəlxalq münasibətlər mütəxəssisi Tornike Sharshenidze deyir ki, AB-dən Gürcüstana belə bir təklif gəlsə, Gürcüstan imtina etməlidir:

“Bu, bizi qane etmir. Bu, ölkəmizdə AB və Qərbə qarşı əlavə isterika doğuracaq. Biz görürük ki, rusiyapərəst və antiqərb gürcü KİV-ləri həmin təklifdən yeni antiqərb isterikası yaratmaq üçün çox yaxşıca yararlandılar. Ümid edirəm ki, hökumət məsələni vaxtında aydınlaşdıracaq və Avropa Birliyi də bildirəcək ki, bu, bir nazirin ideyasından başqa bir şey deyildi”.

Günün bütün mövzuları

XS
SM
MD
LG