Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 11:01

N.Məmmədov: 'AB Azərbaycanın ərazi bütövlüyünü tanımırdı'


Novruz Məmmədov

«200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycanın əleyhinə olub. Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb».

APA-nın xəbərinə görə, bunu fevralın 22-si «Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar» mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Ermənistanda tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı 1988-ci ildən sonra qovulub. Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində köçkünlərin sayı artıb: «1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, məhrumiyyətlər yaşayıb. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addımlar atıb. Ancaq bu itki və ağrılar beynəlxalq ictimaiyyətə çatdırılmalıdır».

N.Məmmədov qeyd edib ki, işğal olunmuş ərazilərdə çox münbit torpaqlar var. Bu torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tuta bilərdi: «Bu gün Azərbaycan torpaqlarının 25 faizindən istifadə etmək mümkün deyil. Otlaq ərazilərinin 70 faizi işğal olunmuş torpaqlardadır. 900-dən artıq yaşayış məntəqəsi dağıdılıb, qəbiristanlıqlar belə qalmayıb. Niyə beynəlxalq təşkilatlar 1 milyondan çox insanın fundamental hüquqlarının pozulmasından danışmırlar? 2015-ci ildə Azərbaycanı Assosiasiya sazişi imzalamağa dəvət edən Avropa Birliyi sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin işğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür. Avropa Birliyi və böyük dövlətlər, əsasən, öz iqtisadi maraqlarını güdür».

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir. 2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi olan Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib. Bu il fevralın 6-da tərəflər bu məqsədlə Brüsseldə yenidən bir araya gəlmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG