Keçid linkləri

2026, 12 İyun, cümə, Bakı vaxtı 22:27

Avropa Məhkəməsi gülləsi çıxarılmayan Nardaran məhbusu barədə qərar verib

Bəhruz Əsgərov
Bəhruz Əsgərov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2015-ci ilin noyabrında Nardarandakı xüsusi əməliyyat zamanı güllə yarası alan və ardınca həbs edilən Bəhruz Əsgərovun işgəncə şikayəti üzrə qərarını açıqlayıb. Qərara əsasən, Azərbaycan hökuməti Əsgərova qarşı pis rəftarı etiraf edib. Rəsmi Bakı bu hüquq pozuntusuna görə ona 8 min avro (maddi-mənəvi ziyana görə 7 min 500, məhkəmə xərclərinə görə isə 500 avro) kompensasiya ödəmək öhdəliyi götürüb, ərizəçi də bununla razılaşıb.

"Həbsim boyu güllə bədənimdən çıxarılmadı"

Hazırda 39 yaşında olan B.Əsgərovun şikayətində bildirilir ki, o, 2015-ci il noyabrın 26-da Nardarandakı əməliyyat zamanı güllələnsə də, polislər onu və digər yaralıları hadisə yerində qoyub gediblər. Kənd sakinləri onu xəstəxanaya çatdırıb. Şikayətçi xəstəxanada olduğu dörd gün ərzində çarpayıya qandallanmış vəziyyətdə saxlanıldığını bildirib. Onun iddiasına görə, xəstəxanada polislər ona təzyiq göstərərək həm özünün, həm də digər Nardaran məhbuslarının əleyhinə ittiham xarakterli ifadələr alıblar.

B.Əsgərov Avropa Məhkəməsinə ünvanladığı ərizədə vurğulayıb ki, xəstəxanada bədənindəki güllənin çıxarılmasına imkan verilməyib. Haqqında həbs-qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına yerləşdirildikdən sonra da ona lazımi tibbi yardım göstərilməyib. Məhkəmə hökmündən sonra cəzaçəkmə müəssisəsinə köçürülməsinə baxmayaraq, bədənindəki güllə yenə də çıxarılmayıb: "Həbsdə olduğum müddətdə güllə bədənimdən çıxarılmadı. Halbuki cərrahiyyə əməliyyatının aparılmaması üçün hansısa tibbi əks-göstəriş və ya ciddi səbəb yox idi".

B.Əsgərovun vəkili ona qarşı törədilən pis rəftarla bağlı prokurorluğa müraciət edib. Amma prokurorluq şikayəti əsassız sayaraq cinayət işinin başlanılmasını rədd edib. Bu qərardan yerli məhkəmələrə verilən şikayətlər də nəticəsiz qalıb.

Ardınca Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi göndərilib. Müraciətdə Avropa Konvensiyasının 3-cü (işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın yolverilməzliyi) maddəsinin pozulduğunun tanınması istənilib.

Şikayət üzrə Avropa Məhkəməsində kommunikasiya başladıqdan sonra Azərbaycan hökuməti Əsgərova qarşı hüquq pozuntusunu etiraf edərək ona kompensasiya ödənilməsi ilə bağlı rəsmi təklif göndərib. Ərizəçi də bu təkliflə razılaşıb. Tərəflər arasındakı razılaşmanı nəzərə alan Avropa Məhkəməsi Konvensiyanın 39-cu (dostcasına həll etmə) maddəsinə əsasən şikayətin icraat siyahısından çıxarılmasına qərar verib.

Avropa Məhkəməsi bundan əvvəl "Nardaran məhbusları"ndan Taleh Bağırov, Abbas Hüseynov və digərlərinin işgəncə şikayətləri üzrə də bənzər pozuntu qərarları çıxarıb.

Nardaran hadisələrindən 10 il keçir - Nə baş vermişdi?
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Xatırlatma

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla ümumilikdə altı nəfərin ölümü ilə nəticələnən xüsusi əməliyyat keçirilib.

Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və təşkilatın çoxsaylı üzvləri həbs olunub. Saxlanılanlardan bir neçəsi, o cümlədən Əbülfəz Bünyadov, Şamil Abduləliyev və Bəhruz Əsgərov əməliyyat vaxtı güllə yarası alıb. Ə.Bünyadov onurğa nahiyəsindən ağır yaralandığı üçün hərəkət qabiliyyətini tamamilə itirib.

Həmin şəxslərə terrorçuluq, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və qəsdən adam öldürmə kimi ağır ittihamlarla 10 ildən 20 ilədək həbs cəzası verilib. Təqsirləndirilənlər ittihamları rədd edərək Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. DİN bu iddiaların əsassız olduğunu bəyan edib.

"Nardaran məhbusları"nın bir qismi 2021-ci ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbsdən buraxılan 31 nəfərin arasında B.Əsgərov da var idi.

XS
SM
MD
LG