Keçid linkləri

2026, 03 İyun, çərşənbə, Bakı vaxtı 21:35

Avropa Məhkəməsi 'gecikən' şikayətləri rədd edir – Azərbaycandan nümunələr

Avropa Məhkəməsi hakimləri
Avropa Məhkəməsi hakimləri

Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən şikayətlər bəzən mahiyyəti üzrə araşdırılmadan qəbuledilməz sayılır. Azərbaycandan göndərilən bəzi şikayətlər də məhz bu cür aqibətlə üzləşib. Bu məhkəməyə müraciət edərkən konkret qaydalara ciddi riayət olunmalıdır.

"Basta" informasiya portalının baş redaktoru, Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəylinin şikayətini də Avropa Məhkəməsi qəbuledilməz sayaraq araşdırmaqdan imtina edib. Məhkəmə bugünlərdə həmin qərarını elan edib.

54 yaşlı M.Hacıbəylinin şikayəti 2018-ci ildə Gəncənin ovaxtkı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və ardınca şəhərdə baş verən etirazlar barədə bastainfo.com saytında yazılanlara görə məhkum edilməsi ilə bağlıdır. Həmin dövrdə Gəncə hadisələrinə görə bir neçə sayt rəhbəri dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərini aşma və digər ittihamlarla cinayət məsuliyyətinə cəlb olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2019-cu ildə M.Hacıbəyliyə 5 il 6 ay şərti cəza verildi. O, yuxarı instansiya məhkəmələrinə şikayət versə də, hökm dəyişmədi.

2020-ci ildə Avropa Məhkəməsinə şikayət göndərən M.Hacıbəyli ərizəsində Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən Konvensiyadan kənar məqsədlərlə istifadə olunmaması) maddələrinin pozulmasının tanınmasını istəyib. Amma Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, o, şikayət üçün tələb olunan 6 aylıq müddət qaydasına əməl etməyib. Bu səbəbdən jurnalistin şikayətini araşdırmaqdan imtina olunub.

Fariz Namazlı
Fariz Namazlı

Sonuncu məhkəmə instansiyasının qərarından sonra 4 ay ərzində

Vəkil Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, Avropa Məhkəməsi şikayətlərə baxarkən prosessual qaydalara əməl olunması məsələsinə ciddi diqqət yetirir. Müəyyən edilən müddətin, hətta bir gün ötürülməsi belə, şikayətin qəbuledilməz sayılması üçün əsas ola bilər. Avropa Məhkəməsinə müraciət şərtlərindən danışan vəkil deyir ki, mütləq həmin iş üzrə ölkədaxili bütün hüquqi müdafiə vasitələri tükəndirilməlidir. Ölkədəki sonuncu məhkəmə instansiyasının qərarından sonra 4 ay ərzində (əvvəl bu müddət 6 ay idi – red.) Avropa Məhkəməsinə ərizə göndərilməlidir: "Bəzən müəyyən edilən müddətin sonu qeyri-iş günlərinə təsadüf edir. Azərbaycan qanunvericiliyinə görə, şikayət üçün son müddət qeyri-iş gününə düşürsə, növbəti iş günü son müddət sayılır və həmin gün şikayət verəndə problem yaranmır. Avropa Məhkəməsi isə belə yanaşmır; son müddət təqvimlə hansı günə düşürsə, o vaxtadək şikayət mütləq göndərilməlidir".

Əksər hallarda məhkəmə qərarı elan olunduğu gün hazır şəkildə tərəflərə təqdim edilmir. Qərar mətninin hazırlanması və tərəflərə göndərilməsi həftələrlə, bəzən isə aylarla vaxt aparır. Belə olan halda Avropa Məhkəməsi ərizəçinin qərarı vaxtında əldə edə bilməməsini nəzərə alırmı? Vəkil deyir ki, Avropa Məhkəməsi müddəti vətəndaşa qərarın rəsmən verildiyi vaxtdan hesablayır. Amma bu halda da qərarın əldə edilmə müddəti ağlabatan olmalıdır: "Bu yaxınlarda Avropa Məhkəməsi oxşar bir işə baxmışdı. Vətəndaş ölkədaxili sonuncu məhkəmə instansiyasının qərarını təxminən bir il sonra əldə etmiş və ardınca Avropa Məhkəməsinə şikayət göndərmişdi. Amma onun şikayəti qəbuledilməz sayıldı. Məhkəmə bunu onunla əsaslandırdı ki, vətəndaş uzun müddət işinin nəticəsi ilə özü maraqlanmalı, qərarı almaq üçün müvafiq addımlar atmalı idi. Əgər bir ilə yaxın müddətdə bunu etməyibsə, deməli, işin nəticəsində maraqlı olmayıb".

Kommunikasiya gecikdirilib, işlər siyahıdan çıxarılıb

Müddətlə bağlı tələb təkcə şikayət göndərmək üçün keçərli deyil, sonrakı mərhələlərdə iş araşdırılarkən də bu qaydaya ciddi əməl olunmalıdır. Kommunikasiya mərhələsində Avropa Məhkəməsi həm ərizəçi, həm də dövlətlə internet üzərindən yazışmalar həyata keçirir. Tərəflərə öz arqumentlərini və sənədlərini göndərmək üçün konkret vaxt verilir. "Kommunikasiya başlayanda əvvəlcə hökumətə suallar göndərilir və qeydlərini təqdim etməsi üçün vaxt verilir. Hökumətin qeydləri Avropa Məhkəməsinə daxil olduqda məhkəmə onları ərizəçinin vəkilinə göndərir və konkret vaxt qoyur ki, vəkil həmin müddət ərzində öz qeydlərini təqdim etsin. Bu mərhələdə də qeydlər göstərilən müddətdən gec göndərilsə, Avropa Məhkəməsi onları qəbul etməyə və işi siyahıdan çıxara bilər", – deyə F.Namazlı bildirib.

O əlavə edib ki, işin həcminin çoxluğundan və mürəkkəbliyindən asılı olaraq, kommunikasiya mərhələsində tərəflər Avropa Məhkəməsindən əlavə vaxt istəyə bilərlər. Amma hər bir halda qeydlər məhkəmənin müəyyən etdiyi son tarixə qədər göndərilməlidir.

Kommunikasiya mərhələsində qeydlərin gec göndərilməsi səbəbindən Azərbaycandan olan bir sıra ictimai-siyasi fəalların şikayətləri baxılan işlər siyahısından çıxarılıb.

İnsan hüquqları müdafiəçiləri hazırda Azərbaycanda 328 siyasi məhbusun olduğunu bildirirlər. Aralarında ictimai-siyasi fəalların və jurnalistlərin də olduğu bu şəxslər hakimiyyəti tənqid etdikləri üçün təqib olunduqlarını vurğulayırlar. Rəsmi Bakı "siyasi məhbus" terminini qəbul etməsə də, bir sıra beynəlxalq təşkilatlar hökuməti ölkədə siyasi təqiblərə son qoymağa və haqsız yerə həbs olunanları azad etməyə çağırır.

XS
SM
MD
LG