Keçid linkləri

2026, 03 İyun, çərşənbə, Bakı vaxtı 21:35

Hökumət şahidlərin 'STOP'una görə kompensasiya ödəməlidir

update
Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva
Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva

AzadlıqRadiosu bu məqaləni dərc etdikdən sonra yerli media orqanları Zeynəb Abdullayevanın müraciətini yayıblar. Müraciətində o, Avropa Məhkəməsinin onun xeyrinə çıxardığı qərardan imtina etdiyini bildirib. Z.Abdullayeva oğlu Hüseyn Abdullayevlə bağlı humanist münasibət göstərilməsini xahiş edərək, "ölkəmiz və dövlətimizə qarşı yönələn heç bir qərarı dəstəkləməyəcəyik", – deyə vurğulayıb.

+++

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vətəndaşların ölkədən çıxışının qadağan edilməsi (STOP) ilə bağlı Azərbaycana qarşı növbəti qərarını açıqlayıb. Budəfəki qərar həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva ilə deputat Fazil Mustafanın güllələnməsinə görə ömürlük həbs cəzası almış Azər Səricanovun xanımı Elnarə Səricanovanın şikayətləri əsasında qəbul edilib.

Avropa Məhkəməsi həm Abdullayeva, həm də Səricanovaya tətbiq edilən məhdudiyyəti onların hərəkət azadlığı hüququnun pozulması kimi qiymətləndirib. Məhkəmə həmçinin qənaətə gəlib ki, ərizəçilərin şikayətləri üzrə ölkə daxilində lazımi araşdırma aparılmayıb. Bu səbəbdən Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci (hərəkət azadlığı) maddəsi ilə yanaşı, Konvensiyanın 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddəsinin da pozulduğu müəyyən edilib.

Ərizəçilər dəymiş mənəvi ziyana görə 6 min avro, məhkəmə xərcləri üçün isə 2 min avro kompensasiya tələb etsələr də, Avropa Məhkəməsi onların hər birinə 3 min avro kompensasiya təyin edib. Qərara əsasən, Azərbaycan hökuməti məhkəmə xərclərinin əvəzi olaraq hər bir ərizəçiyə əlavə 500 avro da ödəməlidir.

Qanunvericilikdə şahidin ölkədən çıxışına qadağa nəzərdə tutulmayıb

Həm Abdullayeva, həm də Səricanova ölkədən çıxışlarına qadağa qoyulduğunu 2023-cü ildə öyrəniblər. Onlar bir-biri ilə əlaqəsi olmayan müxtəlif cinayət işləri üzrə şahid qismində dindirildikdən sonra istintaq orqanları onların ölkədən çıxışına məhdudiyyət qoyub. Ərizəçilər istintaq orqanlarının bu qərarlarından yerli məhkəmələrə şikayət ediblər. Azərbaycan məhkəmələri Səricanovanın şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina edib, Abdullayevanın şikayəti isə təmin olunmayıb. Yerli məhkəmənin qərarında qeyd edilib ki, Abdullayevanın dindirildiyi iş üzrə istintaq hələ yekunlaşmayıb və gələcəkdə ona da ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb oluna bilər. Azərbaycan məhkəmələri məhz bu əsasla onunla bağlı məhdudiyyəti qanuni sayıblar.

Ərizəçilərin Avropa Məhkəməsinə şikayətlərində isə vurğulanıb ki, mövcud qanunvericilikdə şahid qismində çıxış edən şəxslərin ölkədən çıxışına qadağa qoyulması nəzərdə tutulmayıb.

Avropa Məhkəməsi bundan əvvəl də ölkədən çıxış məhdudiyyətləri ilə bağlı şikayətlər əsasında Azərbaycana qarşı çoxsaylı analoji qərarlar çıxarıb. Hazırda eyniməzmunlu onlarla şikayət kommunikasiya mərhələsindədir və Avropa Məhkəməsi bununla bağlı hökumətə rəsmi sorğular göndərib. Bu şikayətləri edən şəxslərin əksəriyyəti ictimai-siyasi fəallar və jurnalistlərdir.

Azər Saricanov
Azər Saricanov

Xatırlatma

Keçmiş deputat Hüseyn Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, dələduzluq və vergidən yayınma kimi ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin martında – cəzasının bitməsinə 40 gün qalmış onun barəsində yenidən cinayət işi başlanıb. Keçmiş deputata bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə 9 il həbs cəzası verilib. H.Abdullayev özünü təqsirli bilmir və həbsinin siyasi sifariş olduğunu iddia edir.

Azər Səricanov isə 2023-cü ilin martında deputat Fazil Mustafaya qarşı törədilən sui-qəsdə görə həbs olunan beş nəfərdən biridir. Hadisənin təşkilində ittiham olunan Səricanova ömürlük, digər dörd nəfərdən birinə 4 il, qalan üç nəfərə isə 18 ildən 20 ilədək həbs cəzası verilib. A.Səricanov məhkəmədə deputatı öldürmək niyyətlərinin olmadığını, sadəcə onun dini mövzularda səsləndirdiyi fikirlərə görə cəzalandırmaq istədiklərini bildirib. O vurğulayıb ki, bu səbəbdən hadisə zamanı deputatın həyati orqanlarına deyil, çiyin və ayaq nahiyələrinə atəş açılıb.

A.Səricanova hökm oxunmasından bir müddət sonra onun oğlu Əbülfəzl Səricanov da həbs edilib. "Telegram" kanalındakı paylaşımlarına görə məsuliyyətə cəlb edilən Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai-siyasi şəxsin həyatına sui-qəsd cəhdi) maddəsi ilə 10 il həbs cəzası verilib. Ə.Səricanov ittihamları qəbul etmir və heç kimin həyatına sui-qəsd etmək niyyətinin olmadığını bildirir.

XS
SM
MD
LG