İllərdir Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) poçtla göndərilən məktubların "Azərpoçt"da itməsi barədə şikayətlər var. Şikayətçilərdən biri - Sarvan Kərimov məhz Avropa Məhkəməsinə göndərilən ərizə və məktubların ünvanına çatdırılmamasını təsadüfi saymadığından "Azərpoçt" MMC-ni məhkəməyə verib. O, şikayətində Avropa Məhkəməsinə göndərdiyi ərizələrin dəfələrlə itirildiyini, bunun pozulmuş hüquqlarının bərpasına əngəllər yaratdığını, ona istər maddi, istərsə mənəvi ziyan vurduğunu vurğulayıb.
S.Kərimovun sözlərinə görə, "Azərpoçt" məktubları itirdiyini boynuna alır, ödədiyi rüsumları da geri qaytarır, ancaq bu, həmin qurumu məsuliyyətdən azad etmir.
"Avropa Məhkəməsinə göndərdiyim şikayət məktubunu dəfələrlə itirməklə pozulmuş hüququmun bu məhkəmədə bərpasının qəsdən qarşısını alıblar. Belə davranış məni beynəlxalq müdafiə imkanından məhrum etmək deməkdir", - şikayətçinin məhkəməyə ərizəsində yazdığı sözlərdir.
S.Kərimov ona dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi "Azərpoçt" MMC-dən 39 min manat təzminat tələb edir.
"Vəkillərə də, hüquqlarını qoruduğumuz şəxslərə də ciddi problemlər yaradır"
"Azərpoçt"un nümayəndəsi S.Kərimovun Avropa Məhkəməsinə göndərdiyi şikayət məktubunun ünvanına çatdırılmadığını etiraf etsə də, onun təsadüfən itdiyini vurğulayıb: "Təəssüf ki, poçt göndərişinin itirildiyi məlum olub. Bu hal ortaya çıxan kimi, dərhal xidməti araşdırma başlanıb. Qarşı tərəf poçt göndərişlərinin itməsini "Azərpoçt" əməkdaşlarının qəsdən etdiyi hərəkət kimi qələmə verir. Bu ittihamlar əsassızdır".
Səbail rayon Məhkəməsi də S.Kərimovun şikayətini təmin etməyib.
Avropa Məhkəməsinə şikayət göndərən vətəndaşların özləriylə yanaşı, vəkilləri Elçin Sadıqov, Aqil Layıc, Əsabəli Mustafayev və başqaları da son bir neçə ildə dəfələrlə məktubların ünvana çatmamasından narazılıqlarını dilə gətirərək bu itmələri təsadüfi saymayıblar.
Vəkil Nemət Kərimli deyir ki, özü və həmkarları dəfələrlə bu problemlə üzləşsələr də, "Azərpoçt"a yazdıqları şikayətlər nəticə verməyib: "Avropa Məhkəməsinə göndərilən məktubların vaxtında çatdırılmaması vəkillərə də, hüquqlarını müdafiə etdiyimiz şəxslərə də ciddi problemlər yaradır. Çünki ölkədaxili sonuncu məhkəmə instansiyasının qərarından sonra Avropa Məhkəməsinə şikayət üçün konkret müddət var. O müddət ötürüləndə şikayət qəbul olunmur. Bizə elə gəlirdi ki, şikayət göndərilib, sən demə, "itirilib". Bununla da müddət ötürülür".
Vəkilin sözlərinə görə, belə əngəllər üzündən şikayətlərin göndərilməsindən ötrü alternativ yollar axtarmağa başladılar. Bəzi vəkillər "Azərpoçt"a güvənmədiyindən özəl poçt xidmətlərindən yararlanır.