Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 21:25

Anar Bağırov: 'Vəkillik anarxiya deyil'


A.Bağırov

«Bütün qərarlar kollegial orqan olan Rəyasət Heyəti tərəfindən qəbul olunur...».

APA-nın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Adil İsmayilovla bağlı verilən sorğuya cavab olaraq bildirib. O qeyd edib ki, vəkillərin fəaliyyəti qanunla məhdudlaşdırılır: «Bizim üçün bütün vəkillər bərabərdir. Vəkillik sərbəst və azad peşədir. Təbii ki, vəkillər də öz fəaliyyətlərində qanuna və vəkillərin etik davranış qaydalarına əməl etməlidir. Bizim hüquqlarımız qanunla məhdudlaşdırılıb. İstəyimiz bütün vəkillərin etik məcəlləyə, davranış qaydalarına əməl etməsidir».

A.Bağırov əlavə edib ki, vəkillik anarxiya deyil: «Vəkillik o demək deyil ki, mən nə istəyirəm onu deyə bilərəm. Vəkil digər şəxslərin maraqlarına uyğun hərəkət etməlidir və öz həmkarlarına hörmətlə yanaşmalıdır. İcraatımızda olan intizam işləri ilə bağlı Vəkillər Kollegiyasının sədri olaraq mən şərh vermək səlahiyyətində deyiləm. Çünki qəbul olunan bütün qərarlar kollegial orqan olan Rəyasət Heyəti tərəfindən qəbul olunur. Vəkillər Kollegiyasının sədri də Rəyasət Heyətindəki digər üzvlərlə bərabər səs hüququna malikdir. Onunla (Adil İsmayolovla) bağlı məsələ Vəkillər Kollegiyasının daxilində həll olunan məsələdir. Mən istəmirəm ki, bəzi adamlar bu mövzu ərafında spekulyasiya qursunlar. Onun tərəfdarı deyiləm. Bu gün vəkillik bir ailədir, bütün vəkillər bu ailənin üzvüdür, o cümlədən Adil İsmayılov da bu vəkil ailəsinin hörmətli üzvlərindən biridir».

Bir həftə öncə, A.İsmayılovun vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb.

Bu barədə məlumatı Vəkillər Kollegiyasından (VK) da təsdiq ediblər. Oradan qeyd edilib ki, qərar Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında verilib.

Açıqlamaya görə, bu qərar intizam icraatı çərçivəsində qəbul edilib. Amma qurumdan intizam icraatının nədən ibarət olmasını söyləməyiblər.

A.İsmayılov isə, hələlik, məsələ ilə bağlı danışmaq istəməyib.

Xatırlatma

Son illər Azərbaycanda fəaliyyət göstərən bəzi vəkillər ya Vəkillər Kollegiyasından çıxarılıb, ya da fəaliyyətləri müddətli dayandırılıb.

Bu şəxslərin bir çoxu müxalif siyasətçilərin, gənc fəalların və tənqidçi jurnalistlərin vəkilləri olublar. Həmin şəxslər siyasi təzyiq nəticəsi olaraq cəzalandırıldıqlarını açıqlayıblar. Amma Vəkillər Kollegiyasının rəhbərliyindən bunu onların mövcud qanunun tələblərini pozması ilə izah ediblər.

A.İsmayilov isə son zamanlar sosial şəbəkələrdə müdafiə etdiyi şəxslərlə bağlı keçmiş cinayət işlərinə aid bəzi paylaşımlar yayırdı. Həmin paylaşımların bir neçəsi qətl və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirliyinin keçmiş zabiti, mərhum Hacı Məmmədovun işi ilə bağlı idi. Orada bəzi cinayətlərdən hüquq-mühafizə orqanlarının əvvəlcədən xəbərdar olmalarından bəhs edilirdi. Həmin statuslara hüquq-mühafizə orqanlarından hər hansı münasibət bildirilməmişdi.

Üstəlik, A.İsmayilov daim Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığa tərəfdar olduğunu vurğulayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG