ABŞ qüvvələrinin Karibdə ələ keçirdiyi neft tankeri 2022-ci ildən Maliyyə Nazirliyinin sanksiyaları altında imiş. Tankerin İran neftini qanunsuz daşıyan qlobal kölgə donanmasının tərkibində olduğu bildirilir.
Xəzinədarlığın o zaman açıqladığı bəyanata görə, şəbəkəyə Viktor Artyomov adlı ukraynalı başçılıq edir. Onun "Hizbullah", İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı olduğu bildirilir.
ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində tankerin tutulması xəbərini verib. ABŞ Baş Prokurorluğunun yaydığı videoda helikopterlərin gəmiyə endiyi, xüsusi qüvvələrin onu nəzarətə götürdüyü görünür.
"Çox illər ərzində bu neft tankeri Birləşmiş Ştatların sanksiyaları altında olub, xarici terror təşkilatlarını dəstəkləyən qanunsuz neft nəqli şəbəkəsində iştirak edib", – baş prokuror Pem Bondi sosial şəbəkədə yazıb.
Bondi gəminin Venesuelanın sanksiya altında olan neftini daşıdığını söyləyib. Bu arada ABŞ-nin Venesueladan narkotik daşıdığı iddia olunan gəmilərə ölümcül zərbələri mübahisələr doğurur.
Venesuela gəminin tutulmasını "piratlıq", "ağır beynəlxalq cinayət" adlandırıb.
"The Skipper"
Sanksiya qoyulanda "The Skipper" gəmisinin adı "Adisa" idi. 2022-ci ildə Xəzinədarlıq bildirirdi ki, qaçaqçılıq əməliyyatı zamanı neftin İran mənşəyi gizlədilmək üçün qarışdırılır, "Hizbullah", SEPAH-a dəstək məqsədilə dünyaya ixrac olunur.
Rusiya, İran, Venesuela kimi ölkələr sanksiyalardan bu cür kölgə donanmaları vasitəsilə yayınırlar.
2005-ci ildə buraxılmış "The Skipper"in indiki sahibi Nigeriyada yerləşən "Thomarose Global Ventures" şirkətidir.
Kölgə donanmalarının daha bir tipik taktikası gəminin qeydiyyatda olduğu bayrağı tez-tez dəyişməsidir. "The Skipper" ələ keçiriləndə Qayana bayrağı altında üzüb, amma Qayana gəminin orada qeydiyyatda olmadığını bildirib.
İran iqtisadiyyatı neft gəlirlərindən ciddi asılıdır, sanksiyalardan yayınmaq üçün özünün kölgə donanmasından yararlanır.
SEPAH-a dəyən ziyan
İran enerjisi üzrə ekspert Dalğa Xatınoğlu AzadlıqRadiosunun fars xidməti ilə söhbətində SAPEH-in neft ixracına bağlı kölgə tankerlərinin ciddi risk altında olduğunu bildirib.
Onun fikrincə, bu gəmilərin müsadirəsi SEPAH-ın maliyyəsinə xüsusilə ağır zərbə vuracaq, Korpus öz büdcəsini maliyyələşdirmək üçün İran neftinin təxminən üçdə birinin ixracına cavabdehdir.
ABŞ-ın "maksimum təzyiq" siyasəti çərçivəsində Tramp administrasiyası Tehranın neft ixracını azaltmağı prioritetə çevirmişdi.
Noyabrda ABŞ daha altı gəmiyə sanksiya açıqlayıb. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) hesablamasına görə, İranın 2024-cü il üçün xam neft və kondensat ixrac gəlirləri təxminən 43 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 1 milyard dollar artım deməkdir.