Aprelin 7-si səhər tezdən ABŞ və İsrail Tehran və Qum şəhərlərində bir neçə obyektə hava zərbələri endirib. Bu hücumlar Vaşinqtonun müharibəni dayandırmaq üçün İrana verdiyi möhlətin daraldığı bir vaxtda baş verir. Tərəflər geri çəkilmək niyyətində olmadığını göstərir.
İran mediası Tehranın müxtəlif yerlərində çoxsaylı partlayışlar, hava hücumundan müdafiə sistemlərinin atəş səslərinin gəldiyini yazıb. Bəzi məlumatlara görə, paytaxt üzərində alçaqdan uçan döyüş təyyarələri görünüb.
Tehranın mərkəzində yerləşən tarixi sinaqoq da zərbəyə tuş gəlib. Yəhudi icmasının İran parlamentindəki təmsilçisi Hümayun Sameh dövlət mediasına deyib ki, bina qədim idi, Tövrat əlyazmaları dağıntılar altında qalıb.
Təl-Əvivə zərbələr
İran da Tel-Əvivə zərbələr endirib. İsrail televiziyası şəhərdə təxminən 10 məkana zərbə dəydiyini, binaların, nəqliyyat vasitələrinin ziyan gördüyünü bildirib. Xəsarət alanlar barədə məlumat verilməyib.
İsrail ordusu İranı kaset sursatlardan istifadə etməkdə suçlayıb. Bu silahlar havada xırda bombacıqlara parçalanır, adi hava hücumundan müdafiə sistemləri onları, demək olar, tuta bilmir. Eylat liman şəhərinin də bu tip sursatlarla hədəf alındığı xəbər verilir.
ABŞ prezidenti Donald Tramp İrana aprelin 8-i, Bakı vaxtı ilə gecə 4-dək möhlət verib. O, xəbərdarlıq edib ki, İran "bütünlükdə bir gecədə məhv edilə bilər, bu, sabah gecə də ola bilər".
Tramp razılaşma əldə olunmasa, İranın elektrik stansiyalarını və körpülərini hədəfə alınacağına dair açıq təhdid səsləndirib. O, Hörmüz boğazının açılmasını tələb edir.
Qalibafın müşaviri ultimatum verir
İran isə Vaşinqtonun tələblərinə uyğun cavab verməyib. Tehran Pakistan vasitəsilə 10-bəndlik sülh planı təqdim edib, müvəqqəti atəşkəsi rədd edərək daimi sülh tələb edib.
Parlamentin sədri Məhəmməd Baqer Qalibafın müşaviri Mehdi Məhəmmədi X platformasında yazıb ki, "İran müharibəni açıq-aşkar qazanıb" və yalnız regionda yeni təhlükəsizlik nizamı yaradan nəticəni qəbul edəcək.
"Trampın İrana təslim olmaq üçün təxminən 20 saat vaxtı var, əks halda, onun müttəfiqləri daş dövrünə qaytarılacaq. Biz geri çəkilməyəcəyik!", – o vurğulayıb.
Münaqişədə "dönüş nöqtəsi" yaranar
İran daxilində isə infrastruktura təhdidlərlə bağlı xəbərdarlıqlar artır.
İranın Enerji Sənayesi Sindikatının katibi Mehdi Məsaili aprelin 7-də bildirib ki, elektrik stansiyalarına, ötürücü xətlərə və yarımstansiyalara hücumlar genişmiqyaslı elektrik kəsintilərinə səbəb olar.
İranın elektrik sistemi enerjinin ötürülmə marşrutunu müəyyən qədər dəyişmək qabiliyyətinə malikdir. Amma Məsaili xəbərdarlıq edib ki, ciddi ziyan münaqişədə "dönüş nöqtəsi" yaradar.
"Problemlər ikiqat artmayacaq, dəfələrlə artacaq", – o deyib.
Əvvəlki zərbələr artıq əsas sənaye sahələrinə təsir göstərib.
Mübarəkə polad kompleksinə hücumlar polad istehsalını azaldıb. Bəndər İmam neft-kimya müəssisəsinə zərbələr isə PVC və kabel materiallarının istehsalına təsir edib, nəticədə qara bazar fəaliyyəti yaranıb. Bunu da Məsaili deyib.