Keçid linkləri

2026, 08 Aprel, çərşənbə, Bakı vaxtı 18:08

Trampdan İrana 'bir gecə' xəbərdarlığı

Donald Tramp Ağ evin brifinq otağında mətbuat konfransında.
Donald Tramp Ağ evin brifinq otağında mətbuat konfransında.

ABŞ prezidenti Donald Tramp İranın bir gecəyə məhv edilə biləcəyini deyir. Prezident İranın elektrik stansiyalarını və körpülərini məhv edəcəyi ilə bağlı təhdidini yenidən dilə gətirib, Tehranın müharibəni dayandırmağa, Hörmüz boğazını açmağa razılaşmayacağı halda buna gedəcəyini deyib.

Aprelin 6-da Ağ evdə mətbuat konfransında müdafiə naziri Pit Heqset, Baş Qərargah rəisi Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff də iştirak edib.

"Bütün ölkə bir gecədə məhv edilə bilər – və bu, sabahkı gecə ola bilər", – Tramp bildirib. O, İranın ABŞ-nin tələblərinə əməl etməsi üçün aprelin 7-sinin son tarix olduğunu vurğulayıb: "Bu, kritik dövrdür. Onların sabah saat 8-dək vaxtı var".

Tehran isə geriyə addım atmaq niyyətində olmadığını göstərib. Aprelin 6-da İran rəsmiləri Vaşinqtonun 15-bəndlik atəşkəs təklifini "aşırı" və "məntiqsiz" adlandıraraq rədd edib. İsraillə döyüşlər isə ötən gecə daha da şiddətlənib.

Elektrik stansiyalarının və körpülərin bombalanmasının müharibə cinayəti sayıla biləcəyindən narahat olub-olmaması haqda sualı Tramp belə cavablandırıb: "Xeyr. Ümid edirəm ki, bunu etməyə məcbur qalmaram".

İranın birgə hərbi komandanlığı Trampın sözlərini "kobud, təkəbbürlü ritorika və əsassız təhdidlər" adlandırıb. Bu komandanlıq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə nizami ordu arasında əməliyyatları əlaqələndirir.

Tramp Ağ evin brifinq otağında mətbuat konfransı keçirir.
Tramp Ağ evin brifinq otağında mətbuat konfransı keçirir.

"Əməliyyat 100 ölü ilə nəticələnə bilərdi"

Tramp brifinqi "çox tarixi" adlandırdığı xilasetmə əməliyyatından danışmaqla başlayıb. Söhbət İran səmasında vurulan F-15 qırıcısının iki pilotunun qurtarılmasından gedir.

Tramp və hərbi rəhbərlik əməliyyatda 150-dən çox təyyarənin düşmən atəşi altında işlədiyini bildirib.

"Heç bir amerikalını atıb getmirik. Əməliyyat 100 ölü ilə nəticələnə bilərdi", –Tramp risklərin olduğunu deyib.

Yaralı pilotlardan biri düşmən tərəfdə təxminən 48 saat qalıb, SEPAH-ın nəzarət etdiyi ərazidə tutulmaqdan yayına bilib.

Tramp pilotun "qayalara dırmaşaraq, xeyli qan itirərək" həm öz yaralarına baxmasından, həm də olduğu yerin koordinatlarını ötürməsindən danışıb.

General Keyn xilasetməyə sipər olmuş "hava armadası"ndan söz açıb, Retkliff isə İran qüvvələrini çaşdırmaq üçün aldadıcı əməliyyatdan istifadə olunduğunu bildirib.

"Bu, zamanla yarış idi", – Retkliff deyib.

Hərbi analitiklər əməliyyatın mürəkkəbliyi ilə seçildiyini vurğulayırlar.

ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-leytenantı Devid Deptula bu əməliyyatı "nadir" və "yüksək dinamik hərbi xilasetmə" adlandırıb. Onun sözlərinə görə, belə missiyalar kəşfiyyat, hava qüvvələri və kommunikasiya arasında koordinasiya tələb edir, İran üzərində əməliyyatların təhlükəli olduğunu göstərir.

Tramp brifinqdə deyib ki, hərbi rəhbərlərin heç də hamısı əməliyyatı dəstəkləməyib, çünki yüzlərlə şəxsin güclü müdafiə olunan əraziyə göndərilməsi riskli sayılıb.

"Adətən belə edilmir. Yüzlərlə insan ölə bilərdi", – o əlavə edib.

O, əməliyyatı şəxsən təsdiqlədiyini və hər iki pilotun itkisiz xilas edilməsini, "demək olar, mümkünsüz" adlandırıb.

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Ultimatum və eskalasiya

Hörmüz boğazından danışan Tramp deyib ki, boğazda gəmilərin hərəkətinin hətta məhdud pozulması belə beynəlxalq gəmiçiliyi iflic edər.

O, ABŞ qüvvələrinin İranın donanma və hava qüvvələrini, əsasən, zərərsizləşdirdiyini iddia edib, müəyyən təhlükələrin qaldığını da etiraf edib.

"Cəmi bir terrorçu, bir yük maşını və sualtı mina kifayətdir", – o vurğulayıb. Bu isə dünya neftinin təxminən 20 faizinin keçdiyi bu marşrutun həssaslığını önə çıxarır.

Prezident sərt ritorikasına baxmayaraq, danışıqların davam etdiyini, "yaxşı niyyətlə" aparıldığını deyib, diplomatik çıxış yolunun mümkünlüyünə işarə edib.

Trampın iddiasına görə, bir çox iranlı ABŞ hücumlarını azadlığa gedən yol kimi dəstəkləyir: "Onlar deyirlər: "Zəhmət olmasa, bombardmanı davam etdirin"".

Eyni zamanda o, etirazçıların təhlükə ilə üzləşdiyini, nümayişçilərin güllələndiyini yada salıb: "Onlara deyirəm ki, küçəyə çıxmayın. Bu, cəsarət yox, ağıldır".

Tramp xilasetmə tamamlanmadan öncə bu haqda məlumat yayan jurnalisti cəzalandırmaqla hədələyib, bunu milli təhlükəsizliklə əsaslandırıb.

Bu arada regiondakı münaqişə qızışmaqdadır. İsrail aprelin 6-da İranın enerji obyektlərinə zərbələr endirdiyini, İran isə cavab hücumları həyata keçirdiyini bildirib.

ABŞ və İsrailin Tehran yaxınlığına zərbələri nəticəsində azı 19 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu haqda İranın dövlət mediası aprelin 6-da xəbər yayıb.

XS
SM
MD
LG