Keçid linkləri

2026, 03 Aprel, Cümə, Bakı vaxtı 23:29

TIME: Tramp İran müharibəsindən çıxmağın yolunu axtarır

Trampın İranla müharibə ilə bağlı xalqa canlı müraciətini göstərən televiziya ekranının yanından keçən Tokio sakini.
Trampın İranla müharibə ilə bağlı xalqa canlı müraciətini göstərən televiziya ekranının yanından keçən Tokio sakini.

TIME jurnalı ABŞ prezidenti Donald Trampın İranla müharibədən çıxmağın yollarını axtardığını yazır. Məqalədə deyilir ki, artıq müharibənin üçüncü həftəsində prezidentin etibar etdiyi müşavirləri ona xoş olmayan xəbəri çatdırıblar. Benzinin qiyməti bir qallona (4.5 litr) 4 dolları aşır, səhm bazarları çoxillik minimuma enir, milyonlarla amerikalı etiraz üçün küçələrə çıxmağa hazırlaşırdı.

Dərgi ötən həftə prezidentlə danışmış iki müşaviri və Konqresin iki üzvünə istinadla yazır ki, Tramp onlara müharibənin tempini azaltmaq istədiyini deyib. Amma o, həm də qəti qələbə istəyir. Müttəfiqlərinin sözlərinə görə, o, qələbə elan etməyin, əməliyyatları dayandırmağın yolunu axtarır, ümid edir ki, iqtisadi şərait yaxşılaşar, siyasi ziyan artmaz.

"Müharibənin noyabrda Konqresə aralıq seçkilərinə necə təsir göstərəcəyi və bu nəticələrin onun prezidentliyinin qalan hissəsi üçün nə demək olacağı Trampın qərarlarından asılı suallardır. Şəxsi söhbətlərdə o, tez-tez hakimiyyətdə olan partiyanın seçkiöncəsi mövqelərini itirməkdə olduğuna diqqət çəkir", - məqalədə vurğulanır.

İranın reaksiyası gözləntiləri aşıb

Tramp aprelin 2-də deyib ki, ABŞ İranı məhv etməyə hələ başlamayıb. O, aprelin 1-də zərbələrin daha iki-üç həftə çəkəcəyini bildirirdi. "Onları daş dövrünə qaytaracağıq", – prezident hədələyib.

Ertəsi gün Tramp "TIME"a deyib ki, İran müharibəni bitirmək üçün saziş əldə etməyə çalışır.

Dərgi müdafiə naziri Pit Heqsetin Tehranın regiondakı ABŞ və İsrail hədəflərinə cavab zərbələrindən təəccübləndiyini yazır.

Məqalədə deyilir ki, "Epik Qəzəb" əməliyyatının ilk günündə İranın ali liderinin qətlinə Tehranın regiondakı hədəflərə raket və dron hücumları ilə cavab verməsi, üstəlik, Hörmüz boğazını bağlaması administrasiyanı təəccübləndirib. İqtisadi şokun ölkədə doğurduğu əks-səda Trampın yaxın çevrəsinin gözləntilərini aşıb.

Heqsetin əsas sözçüsü Şon Parnell isə bu fikri təkzib edib: "İranın etdiyi heç nə bizi təəccübləndirmir. Hazırıq, üstünlük bizdədir, qalib gəlirik".

Çətin seçim

Müşavirlər narahatdırlar ki, müharibə siyasi müttəfiqləri uzaqlaşdırar.

"Administrasiya indi çətin bir akrobatik seçimlə üz-üzədir: vəziyyətdən elə bir çıxış yolu tapmağa çalışır ki, çox az nəticə əldə etmiş kimi görünməsin. Devirməyə çalışdığı rejimdən daha sabit və qərbyönlü bir varis hakimiyyəti qurmaq Trampın düşündüyündən daha çətin imiş. Müharibə isə, bir administrasiya rəsmisinin dediyi kimi, "köstəbəki vur" oyununa bənzəməyə başlayıb: liderlər zərbələrlə aradan götürülür, rəsmilər isə dağıntılar arasından ortaya çıxacaq alternativ axtarırlar", – məqalədə deyilir.

ABŞ və İsrail fevralın 28-də İrana aviazərbələr endirməyə başlayıb. Tehran isə cavabında İsrailə, regiondakı hədəflərə raket və dron zərbələri həyata keçirir.

XS
SM
MD
LG