Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:18

Xameneinin müşavirinin vurulması 'İsrailin atəşkəs yollarını bilərəkdən qapatdığına şübhələri artırır'

Tehrana raket zərbəsindən sonra qalxan tüstü
Tehrana raket zərbəsindən sonra qalxan tüstü

ABŞ prezidenti Donald Trampın xalqa televiziya ilə müraciətindən sonra ABŞ və İsrailin İranla müharibəsində səngimə əlamətləri görünmür. Bir sıra hava hücumları barədə məlumatlar yayılıb, Tehran qətiyyətli bəyanatlar verib, ABŞ İraqda İranın proksi qüvvələrinin hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Sosial şəbəkələrdə yayılan videolarda İranın şimal-şərqindəki Məşhəd şəhərində beynəlxalq aeroport üzərində tüstü görünüb. Xəbəri AzadlıqRadiosunun fars xidməti aprelin 2-də yayıb.

İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehranda SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) bazasına zərbə endirdiyini açıqlayıb. İsrail və ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıyır.

SAXAL Təbrizdə ballistik raket anbarının da vurulduğunu bildirib.

Səudiyyə Ərəbistanı İrandan buraxılan dörd dron və bir ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

Bu arada ABŞ hökuməti İraqdakı vətəndaşlarına xəbərdarlıq edib ki, "İranla əlaqəli İraq terrorçu silahlı qrupları yaxın 24-48 saat ərzində Bağdadın mərkəzində hücumlar planlaşdıra bilər".

Trampın çıxışından sonra İranda sərt bəyanatlar səsləndirilib. Tramp çıxışında İranı "aid olduqları daş dövrünə qaytarmaq" üçün bombalamaqla hədələyib, hərbi əməliyyatların daha iki-üç həftə davam edəcəyini deyib.

Hərbi sözçü İbrahim Zülfüqari yerli mediaya bildirib ki, ABŞ və İsrailin İranın nüvə və hərbi obyektləri barədə məlumatı yarımçıqdır, İran "sarsıdıcı" zərbələr endirəcək.

İran müharibəsini Azərbaycanın müttəfiqləri bitirəcək?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Diplomatiya

Döyüşlər fonunda diplomatik addımlar da atılır. Böyük Britaniya 35 ölkənin iştirakı ilə onlayn görüşdə Hörmüz boğazının yenidən açılması üçün qeyri-hərbi tədbirlərin müzakirəsini təşkil edəcək. Fevralın 28-də müharibə başlayandan İran bu boğazı faktiki bağlayıb. Görüşdə Fransa, Almaniya, Avstraliya və Körfəz ölkələrinin iştirakı gözlənilir, ABŞ iştirak etməyəcək. Vaşinqton müttəfiqlərini boğazın təhlükəsizliyini təmin etməyə çağırıb.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, "bu səhər prezident Trampın açıqlamalarına baxmaq imkanımız oldu" və Rusiya münaqişənin yalnız diplomatik yolla həllini dəstəkləyir.

İranla yaxın əlaqələri olan Çinin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Nin Trampın çıxışına cavab olaraq bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. O, Vaşinqtonu tənqid edib, Hörmüzdə gəmiçiliyə maneələrin əsas səbəbinin ABŞ və İsrailin İrana qarşı "qeyri-qanuni" hərbi hərəkətləri olduğunu deyib.

Çinin Pakistanla birlikdə təqdim etdiyi 5-bəndlik planda dərhal atəşkəs və danışıqlara çağırış yer alıb.

Pakistan ABŞ və İran arasında ismarışların ötürülməsi üçün potensial əsas vasitəçiyə çevrilib. İki ölkənin fərqli sülh planları var.

Tehran təzminat və Hörmüz boğazı üzərində nəzarətinin tanınmasını tələb edir. Vaşinqtonun planı açıqlanmasa da, tələblərinin bunlar ola biləcəyi ehtimal edilir – İranın nüvə silahı hazırlamamağa razılaşması; raket imkanlarının məhdudlaşdırılması; regionda proksi qüvvələrə dəstəyi dayandırması.

Trampın dediyinə görə, "İran razılaşma əldə etmək üçün yalvarır", ancaq İran danışıqların getdiyini danır.

Kamal Xərrazi
Kamal Xərrazi

Xərrazinin hədəfə alınması

İranın ali lideri Müctəba Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Kamal Xərrazi ötən gecə hava zərbəsi nəticəsində ağır yaralanıb. Onun Pakistan vasitəçiləri ilə təmaslarda iştirak etdiyi güman edilirdi. Xərrazi xəstəxanaya yerləşdirilib, xanımı isə hücum zamanı həlak olub.

"Diplomatik təmaslar barədə məlumatlar yayıldığı bir vaxtda Kamal Xərrazi kimi potensial danışıqlarla əlaqəli şəxslərin hədəfə alınması İsrailin atəşkəs yollarını bilərəkdən qapatdığı haqda fərziyyələri gücləndirib". Bunu Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Həmidrza Əzizi sosial şəbəkədə yazıb.

"Bu, İsrailin müharibəni uzatmaq istədiyi barədə İranın narrativlərini gücləndirir", – o əlavə edib.

Müharibənin azı bir neçə həftə daha davam edəcəyi ehtimalı isə nefti bahalandırıb, səhm bazarlarında enişə səbəb olub.

"VanEck Australia" şirkətində investisiyalar və kapital bazarları şöbəsinin rəhbəri Rassel Çesler "Reuters"ə açıqlamasında ümumi əhval-ruhiyyəni belə ifadə edib: "Bütün investorların ağlındakı əsas sual budur: ‘Bu nə vaxt bitəcək?"".

XS
SM
MD
LG