Keçid linkləri

2026, 01 Aprel, çərşənbə, Bakı vaxtı 23:33

Tramp deyir, İranla müharibə tezliklə bitə bilər. NATO-dan çıxmaq xəbərdarlığı edir

Donald Tramp
Donald Tramp

ABŞ İranla müharibəni tezliklə başa çatdıra, lakin gələcəkdə məhdud zərbələr endirmək seçimini saxlaya bilər. Bunu ABŞ prezidenti Donald Tramp bildirib. O, aprelin 1-də xalqa müraciətindən bir neçə saat öncə "Reuters"ə danışıb.

Münaqişənin nə vaxt başa çatacağına dair suala Tramp "çox tezliklə oradan çıxacağıq" deyib. Prezident müharibənin nə vaxt bitəcəyini dəqiq deyə bilməyəcəyini söyləyib. Amma iddia edib ki, ABŞ-nin hərbi əməliyyatları İranın nüvə imkanlarını zərərsizləşdirib və əsas məqsədinə çatıb.

"Onların nüvə silahı olmayacaq, çünki artıq buna qadir deyillər. Sonra da mən oranı tərk edəcəyəm, hamını da özümlə aparacağam. Lazım gəlsə, qayıdıb hədəfli zərbələr endirəcəyik", – o bildirib.

Tramp "Reuters"ə onu da deyib ki, aprelin 1-də xalqa müraciətində ABŞ-nin NATO-dan çıxmağı "qətiyyətlə" nəzərdən keçirdiyini açıqlayacaq. O, bunu alyansın İranla bağlı ABŞ-nin hədəflərinə dəstək verməməsi ilə izah edib.

Reaksiyalar

Böyük Britaniyanın baş naziri Kir Starmer Trampın müsahibəsini belə şərh edib: "Birincisi, NATO dünyanın gördüyü ən effektiv hərbi alyansdır və onilliklər boyu bizim təhlükəsizliyimizi təmin edib, biz də NATO-ya tam sadiqik. İkincisi, üzərimdə və başqaları üzərində nə qədər təzyiq, səs-küy olursa-olsun, bütün qərarlarımda Britaniyanın milli maraqlarını rəhbər tutacağam… Məhz buna görə də açıq demişəm ki, bu, bizim müharibəmiz deyil və biz bu münaqişəyə qarışmayacağıq".

Starmer onu da deyib ki, Böyük Britaniya bu həftə Hörmüz boğazının yenidən açılması ilə bağlı təxminən 35 ölkənin iştirakı ilə danışıqlar aparacaq. Onun sözlərinə görə, görüşdə naviqasiya azadlığının bərpası, digər məsələlər müzakirə olunacaq.

Almaniya hökumətinin sözçüsü də Berlinin alyansa sadiq qaldığını vurğulayıb. Fransanın müdafiə nazirinin nümayəndəsi Elis Rufo isə aprelin 1-də bir konfransda bildirib ki, NATO "Avroatlantik regionunun təhlükəsizliyi ilə məşğul olan hərbi alyansdır. O, Hörmüz boğazında əməliyyatlar aparmaq üçün nəzərdə tutulmayıb, bu, beynəlxalq hüququn pozulması olardı".

Marko Rubio
Marko Rubio

Rubio İranda 'finiş xətti'ni görür

ABŞ dövlət katibi Marko Rubio İranla müharibədə "finiş xətti"nin artıq göründüyünü deyir. O, münaqişə bitincə ABŞ-nin NATO ilə münasibətlərini yenidən nəzərdən keçirməli olacağını bildirib. Bu açıqlama bir sıra Avropa ölkələrinin İranla münaqişəni dəstəkləməkdən imtina etməsi fonunda səslənib.

Rubio martın 31-də "Fox News"un "Hannity" proqramına deyib ki, müharibəni bitirmək üçün danışıqlar gedir və "müəyyən məqamda" birbaşa görüş ehtimalı var.

"Finiş xəttini görə bilirik. Bu gün deyil, sabah da deyil, amma yaxınlaşır", – o deyib, amma detallara varmayıb.

Gözləntilər artır

Son günlər fevralın 28-də başlamış müharibəni bitirəcək razılaşma ilə bağlı ehtimallar artıb.

İran prezidenti Məsud Pezeşkian martın 31-də bildirib ki, ABŞ və İsraillə münaqişəni bitirmək üçün ölkəsinin zəruri iradəsi var, amma bu, təhlükəsizlik zəmanətləri kimi bəzi şərtlərdən asılıdır.

ABŞ ötən həftə 15-bəndlik plan irəli sürdüyünü açıqlayıb. Planda İranın nüvə obyektlərinin ləğvi, raket imkanlarını məhdudlaşdırması, regiondakı proksi qüvvələrə dəstəyi dayandırması nəzərdə tutulub.

ABŞ prezidenti Donald Tramp isə martın 31-də döyüşlərin iki-üç həftəyə ərzində başa çata biləcəyini söyləyib. Bu açıqlama münaqişənin həllinin yaxın olmasına dair gözləntiləri daha da artırıb.

"NATO birtərəfli küçəyə çevrilir"

Rubio postmüharibə dövrü ilə bağlı təəssüflə bildirib ki, Tramp administrasiyası NATO-nun və bu alyansın ABŞ üçün dəyərini yenidən qiymətləndirməli olacaq.

Rubio və ABŞ-nin digər rəsmiləri daha öncə də deyiblər ki, əgər ABŞ müttəfiq ölkələrdəki hərbi bazalardan öz maraqlarını qorumaq üçün sərbəst istifadə edə bilmirsə, onda alyansın dəyəri sual altına düşür.

Tramp NATO-nu İrana qarşı savaşa qoşa biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

"Artıq bu bazalardan Amerika maraqlarını qorumaq üçün istifadə edə bilməyəcəyimiz bir nöqtəyə çatmışıqsa, onda NATO birtərəfli küçəyə çevrilir", – Rubio vurğulayıb.

ABŞ-nin Avropada bir neçə müttəfiqi onun İsraillə birlikdə İrana qarşı münaqişəsində birbaşa iştirakdan imtina edib. Tehran bu zərbələrə cavabında Yaxın Şərqdə müxtəlif hədəflərə raket və dron zərbələri endirib.

İran dünya neft və qazının təxminən 20 faizinin daşındığı Hörmüz boğazını da faktiki blokadaya alıb, bir neçə gəmini vurub.

Medianın bu həftə yazdığına görə, NATO üzvü İspaniya və İtaliya ABŞ hərbi təyyarələrinin onların hava bazalarından İranla bağlı əməliyyatlar üçün istifadəsinə icazə verməyib.

"Bunu Putin də bilir"

Tramp martın 31-də ABŞ-nin ən yaxın müttəfiqlərindən olan Fransa və Böyük Britaniyanı Vaşinqtona dəstək göstərmədiklərinə görə sərt tənqid edib, dünyaya "Gedib öz neftinizi tapın!", "Özünüz döyüşməyi öyrənin!" mesajlarını verib.

"The Telegraph" qəzeti aprelin 1-də yazıb ki, ABŞ prezidenti ölkəsini NATO-dan çıxarmaq imkanını ciddi nəzərdən keçirir. Tramp nəşrə müsahibəsində alyansı "kağız pələng" adlandırıb.

"NATO mənə heç təsir göstərməyib. Həmişə bilmişəm ki, kağız pələngdir, yeri gəlmişkən, bunu Putin də bilir", – Tramp deyib.

XS
SM
MD
LG