İran prezidenti Məsud Pezeşkian deyir ki, ölkəsi ABŞ və İsraillə müharibəni bitirmək üçün zəruri iradəyə malikdir, bundan ötrü şərtləri var. Bu açıqlama tərəflərin münaqişəni həll edə biləcəyinə mümkün işarə kimi görür.
ABŞ-nin müdafiə naziri Pit Heqset martın 31-də deyib ki, qarşıdakı günlər münaqişədə "həlledici" olacaq. Onunla eyni gündə Pezeşkian son vaxtlar İranın sərgilədiyi sərt mövqedən müəyyən qədər geri çəkilmiş kimi görünüb. Axı, Tehran israrla Vaşinqtonla danışıqlar aparmadığını deyirdi.
"Bu münaqişəni sona çatdırmaq üçün zəruri iradəmiz var, əsas şərtlərimiz yerinə yetirilsə, xüsusilə təcavüzün təkrarlanmasının qarşısını almaq üçün gərəkən zəmanətlər verilsə", – Pezeşkian martın 31-də Avropa Şurasının prezidenti Antoniu Koşta ilə telefon danışığı zamanı deyib.
İran prezidenti əlavə edib ki, vəziyyəti normallaşdırmaq "onların aqressiv hücumlarını dayandırmasından keçir".
Bəzi ekspertlər Pezeşkianın prezident tituluna baxmayaraq, İran rəhbərliyində əsas qərarverici fiqur olmadığını deyir. Bununla belə, onun açıqlamaları ABŞ bazarlarına müsbət təsir göstərib, neftin qiyməti düşüb.
Əraqçi Uitkoffdan mesajlar alırmış
ABŞ ötən həftə 15-bəndlik plan irəli sürdüyünü açıqlayıb. Planda İranın nüvə obyektlərinin ləğvini, raket imkanlarını məhdudlaşdırmasını, regiondakı proksi qüvvələrə dəstəyi dayandırması nəzərdə tutulub.
İranın yüksəkvəzifəli rəsmiləri Tehranın Vaşinqtonla danışıqlar apardığını inkar ediblər. Amma İran martın 25-də ABŞ-nin 15-bəndlik təklifini nəzərdən keçirdiyini, münaqişənin başa çatması üçün özünün beş şərt irəli sürdüyünü açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi martın 31-də "əl-Cəzirə" telekanalına müsahibəsində bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdan mesajlar alır, ancaq bu, Tehran və Vaşinqton arasında danışıqların getdiyi anlamına gəlmir.
Bu fikirlər fevralın 28-də başlayan münaqişəni dayandırmaqla bağlı tərəflərdən gələn növbəti ziddiyyətli açıqlamadır.
ABŞ prezidenti Donald Tramp son günlər bir neçə dəfə deyib ki, müharibəni bitirəcək razılaşma yaxındır. Eyni zamanda, Yaxın Şərqə əlavə ABŞ qüvvələri göndərilib.
Heqsetin açıqlaması, diplomatik gəlişmələr
Müdafiə naziri Heqset isə vurğulayıb ki, müharibəni sülh razılaşması ilə bitirməyə üstünlük verərdi: "Biz hərbi baxımdan gərəkəndən artıq addım atmaq istəmirik. Amma bu arada bombalarla danışıqlar aparacağımızı da elə-belə demirdim".
Daha bir xəbər razılaşmaya ümidləri artırıb. Çin və Pakistan martın 31-də vasitəçilik səyləri çərçivəsində "strateji kommunikasiya və koordinasiyanı gücləndirmək" öhdəliyi götürüb.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Pekində çinli həmkarı Van İ ilə görüşüb, İran və ABŞ-ni bir daha müharibəni dayandırmaq üçün işləməyə çağırıb. Münaqişə azı doqquz ölkədə minlərlə insanın həyatına son qoyub, dünya iqtisadiyyatına hər gün milyardlarla dollar zərər vurur.
Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Nin bildirib ki, tərəflər gərginliyin azaldılması üçün fəaliyyət göstərməyə razılaşıblar.
Təkziblərin səbəbi
Siyasi təhlilçi Anton Penkovski deyir ki, Tehranın açıq təkzibinə baxmayaraq, İran və ABŞ, görünür, təmasları davam etdirir. O, "Current Time"a müsahibəsində təkziblərin sırf ölkəiçi siyasi səbəblərlə bağlı olduğunu deyib - rejim zəif görünmək istəmir, xüsusilə də İranda sosial gərginliyin yüksək olduğu bir vaxtda.
O, sülh yolunda hələ də ciddi maneələrin qaldığını da vurğulayıb.
"Birinci məsələ İranın nüvə proqramına qoyulacaq məhdudiyyətlərin miqyasıdır. Buraya İranın nüvə infrastrukturunun sökülməsi, bütün nüvə materiallarının ABŞ-yə ötürülməsi daxildir. ABŞ bu mövqedə israr edir, geri addım atmaq və ya kompromisə getmək istəmir", – Penkovski deyib.
"İran üçün isə bu, suverenlik məsələsi, regiondakı düşmənlərinə qarşı strateji çəkindirmə vasitəsidir", – təhlilçi əlavə edib.
Taktiki yubatma
İran taktiki gecikdirmədən danışıqlarda strategiya kimi istifadə edir. Bunu isə ABŞ ordusunun ehtiyatda olan generalı Cozef Votel AzadlıqRadiosuna müsahibəsində deyib. Onun fikrincə, qoşunların Yaxın Şərqə yerləşdirilməsi İrana "mesaj" xarakteri daşıyır: "Məqsəd həm də hərbi və mülki rəhbərləri mümkün qədər çox seçimlə təmin etməkdir".