Keçid linkləri

2026, 23 May, şənbə, Bakı vaxtı 00:06

ABŞ-nin Polşadakı əsgər sayı dəyişməyəcək

Polşa və ABŞ hərbçiləri "Defender-Europe 20" birgə hərbi təlimlərində
Polşa və ABŞ hərbçiləri "Defender-Europe 20" birgə hərbi təlimlərində

Polşanın xarici işlər naziri bildirib ki, NATO müttəfiqi olan bu ölkədə ABŞ qoşunlarının sayı təxminən əvvəlki səviyyədə qalacaq. ABŞ prezidenti Donald Trampın bundan əvvəl Polşaya 5 min əsgər göndəriləcəyini deməsi qarışıqlıq yaratmışdı.

Radoslav Sikorski bu açıqlamanı mayın 22-də İsveçdə NATO xarici işlər nazirlərinin görüşü ərəfəsində verib. ABŞ dövlət katibi Marko Rubio da həmin görüşdə iştirak edir.

ABŞ-nin niyyətləri onsuz da gərgin olan sammitdə narahatlığı daha da artırıb. Gərginliyə Rusiyanın Belarusda irimiqyaslı nüvə təlimləri və Moskvanın NATO-nun Baltik üzvlərinə yönəlmiş yeni təhdidləri səbəb olub.

Sikorski Trampa Polşadakı Amerika qoşunlarının rotasiyasının və mövcudluğunun təxminən əvvəlki səviyyədə saxlanılacağı barədə açıqlamasına görə təşəkkür edib.

Tramp bir gün əvvəl sosial media postunda ABŞ-nin Polşaya daha 5 min əsgər göndərəcəyini deyib. Bu ayın əvvəlində isə o, Almaniyadan 5 min əsgərin çıxarılacağını bildirmişdi.

Daha sonra Pentaqon Polşaya təxminən 4 min hərbçinin göndərilməsini təxirə saldığını təsdiqləyib.

Almaniyada isə qurudan buraxılan "Tomahawk" qanadlı raket batalyonunun yerləşdirilməsi planı dayandırılıb.

Son həftələr Tramp ilə Almaniya kansleri Fridrix Merts arasında açıq qarşıdurma yaranıb. Əsas fikir ayrılığı NATO-nun ABŞ və İsrailin İrana qarşı müharibəsindəki rolu ilə bağlıdır.

Dövlət Departamentinin məlumatına görə, Rubio müttəfiqlərdən müdafiə xərclərini artırmağı, yükün "daha ədalətli" bölüşdürülməsini tələb etməyi, Arktikada təhlükəsizlik məsələlərinə diqqət yetirməyi planlaşdırır.

AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu görüşün dərin narahatlıq fonunda keçirildiyini yazır. Avropa rəsmiləri Vaşinqtondan qitədəki hərbi mövcudluğunu nə qədər azaltmağı planlaşdırmasına aydınlıq gətirməsini istəyirlər. Pentaqon bundan əvvəl alyansı sarsıdan bir sıra qəfil addımlar atıb.

Polşa xarici işlər naziri Radoslav Sikorski və ABŞ dövlət katibi Marko Rubio İsveçin Helsinqborq şəhərində NATO xarici işlər nazirlərinin toplantısında.
Polşa xarici işlər naziri Radoslav Sikorski və ABŞ dövlət katibi Marko Rubio İsveçin Helsinqborq şəhərində NATO xarici işlər nazirlərinin toplantısında.

Administrasiya rəsmiləri bu addımların strateji geriçəkilmə deyil, müvəqqəti düzəlişlər olduğunu bildirirlər. ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu yaxınlarda administrasiyanın "Avropanın müstəqilliyi və suverenliyi"nə fokuslandığını deyib.

Son bir həftədə isə Ukrayna dronlarının uçuşları ilə bağlı Moskvanın təhdidlərinin artması NATO-nun Baltikyanı ölkələrdən olan üzvlərini narahat edib. Ukrayna Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli dron kampaniyasını gücləndirib; bəzi dronlar Estoniya və Latviyada vurulub, yaxud qəzaya uğrayıb.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti Latviyanı öz ərazisindən Ukraynaya dron buraxmağa icazə verməyi planlaşdırmaqda ittiham edib. Avropa müttəfiqləri bu ittihama sərt reaksiya veriblər.

Rusiya bu həftə Belarusda böyük nüvə təlimlərinə də başlayıb. Təlimlərə minlərlə hərbçi, yüzlərlə təyyarə, gəmi və raket qurğusu qatılıb. Müdafiə Nazirliyi taktiki nüvə başlıqlarından da istifadə olunduğunu bildirib ki, bu da qeyri-adi addım sayılır.

Rubio "sabit" mesaj daşıyıcısı kimi

A.Raufoğlu yazır ki, Rubionun toplantıda iştirakı Avropanın bir çox rəsmisi üçün müəyyən arxayınlıq yaradır. Brüssel və Şərqi Avropa paytaxtlarında o, Tramp administrasiyasındakı bəzi şəxslərlə müqayisədə NATO və Avropa təhlükəsizliyinin daha ənənəvi tərəfdarı kimi qəbul olunur.

Respublikaçı konqresmen, NATO tərəfdarı Don Beykon AzadlıqRadiosuna bildirib ki, Rubio münasibətlərin sabitləşdirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Rubio Vaşinqtonun kollektiv müdafiəyə sadiqliyini bir daha təsdiqləməli, eyni zamanda Avropa müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırmalıdır.

Beykon dəfələrlə vurğulayıb ki, ittifaqlar ABŞ-nin təhlükəsizlik maraqları üçün vacibdir. O, Rusiya, Çin və İrandan gələn artan təhdidlər fonunda təcridə qarşı xəbərdarlıq edib.

Tramp əslində NATO-nu dağıdırmı
Gözlə

No media source currently available

0:00 0:07:19 0:00

ABŞ Polşaya 5 min hərbçi yollayır

ABŞ Polşaya 5 min hərbçi göndərəcək. Bu haqda ABŞ prezidenti Donald Tramp məlumat verib. O, "Truth Social" şəbəkəsində yazıb ki, bu qərar Trampın dəstəklədiyi və Polşada prezident seçkilərində qalib gələn Karol Navrotski ilə yaxşı münasibətlər sayəsində qəbul olunub.

Polşada prezident seçkiləri təxminən bir il əvvəl keçirilib. Navrotskini hazırda müxalifətdə olan sağ-mühafizəkar "Hüquq və Ədalət" Partiyası dəstəkləyib. Prezidentlə Donald Tuskun hökuməti arasında münasibətlər gərgindir.

Trampın paylaşımından tam aydın olmur ki, söhbət Polşada artıq yerləşdirilmiş təxminən 10 min amerikalı hərbçiyə əlavə olaraq daha 5 min nəfərin göndərilməsindən gedir, yoxsa rotasiya məqsədli göndərilmədən.

Bundan əvvəl media ABŞ-nin Polşadakı təxminən 4 min hərbçinin rotasiyasını gözlənilmədən təxirə saldığını yazmışdı. Bu, Polşa mediasında mənfi reaksiya yaradıb və ABŞ-nin Almaniyadan 5 min hərbçini çıxarmaq qərarından sonra Avropadakı Amerika kontingentinin daha da azaldılacağı ilə bağlı narahatlığı artırıb.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, söhbət Polşadakı kontingentin azaldılmasından yox, rotasiya üçün qoşun göndərilməsinin yubanmasından gedir. O əlavə edib ki, ABŞ Avropa ölkələrinin müdafiə məsələlərində daha müstəqil olmasına çalışır.

Mayın 22-də İsveçin Helsinqborq şəhərində NATO müdafiə nazirlərinin toplantısı keçirilir. NATO-nun baş katibi Mark Rutte Trampın Polşaya 5 min hərbçi göndərmək qərarını alqışlayıb. Bununla yanaşı, o bildirib ki, Avropa ölkələrinin müdafiə məsələlərində ABŞ-dən daha az asılı olması tendensiyası davam edəcək.

Polşanın müdafiə naziri, Estoniya və Latviya təmsilçiləri də Trampın qərarını müsbət qarşılayıblar. Polşa prezidenti Navrotski də qərarı alqışlayıb. Amma Polşanın baş naziri hələlik məsələni şərh etməyib.

Helsinqborqdakı görüşdə ABŞ dövlət katibi Marko Rubio da iştirak edir. Görüşdən əvvəl o bildirib ki, İranla münaqişə vaxtı NATO-nun bəzi üzvlərinin ABŞ-yə yardım məsələsində tutduğu mövqedən ciddi məyus olub. Xüsusilə, İspaniyanın ABŞ-yə öz hərbi bazalarından istifadəyə icazə verməməsini tənqid edib. Rubio NATO-nun digər üzv ölkələrini tərifləyib.

XS
SM
MD
LG