Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 20:57

ABŞ Almaniyada qoşun sayını azaltmağı nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp Ağ evin Oval kabinetində Almaniya kansleri Fridrix Merts ilə görüşür.
ABŞ prezidenti Donald Tramp Ağ evin Oval kabinetində Almaniya kansleri Fridrix Merts ilə görüşür.

ABŞ administrasiyası Almaniyadakı hərbi kontingentinin sayının azaldılması imkanlarını araşdırır. Bu barədə prezident Donald Tramp özünün "Truth Social" platformasındakı paylaşımında bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar yaxın zamanda qəbul olunmalıdır.

Tramp dəfələrlə NATO-nu müttəfiqlərin İranla müharibə məsələsindəki mövqeyinə görə tənqid edib. Mətbuatda yayılan məlumatlara görə, Vaşinqton ABŞ-nin kursunu dəstəkləməyən və ya hərbi əməliyyatları tənqid edən ölkələrə qarşı "cəzalandırıcı" tədbirlər görməyə hazırlaşır. Mümkün tədbirlər arasında Avropadakı Amerika hərbi kontingentinin azaldılması da qeyd olunub.

Pentaqonun aprelin ortalarına olan məlumatına görə, hazırda Almaniyada təxminən 39 min ABŞ hərbçisi yerləşdirilib.

Merts nə demişdi

Trampın son bəyanatlarına Almaniya kansleri Fridrix Mertsin aprelin 27-də səsləndirdiyi fikirlər səbəb olub. Merts Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatlarda hər hansı aydın strategiyasının olmadığını bildirib. Onun sözlərinə görə, İran rəhbərliyi gözləniləndən daha dözümlü çıxıb və "Tehran danışıqlar prosesini böyük ustalıqla idarə edir".

Kansler həmçinin ABŞ-nin əməliyyatlara müttəfiqləri ilə məsləhətləşmədən başlamasına irad bildirib.

Tramp isə buna cavab olaraq belə bir ehtimal səsləndirib ki, Merts İranın nüvə silahına sahib olmasını istəyir, həmçinin Almaniyada iqtisadiyyat və digər sahələrdə işlərin pis getdiyini iddia edib.

Tramp Avropa liderlərini tez-tez tənqid edir. Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer də onun tənqidlərindən yan keçə bilməyib. ABŞ prezidenti bəzən onlar haqqında müsbət də danışıb – məsələn, Mertsi təriflədiyi də olub.

Tramp və administrasiya nümayəndələri son hadisələr fonunda ABŞ-nin NATO müttəfiqləri ilə münasibətlərinə yenidən baxa biləcəyinə dair siqnallar veriblər. Müttəfiq ölkələr isə, öz növbəsində, Vaşinqtonla sıx əməkdaşlığın və birliyin qorunmasında maraqlı olduqlarını vurğulayırlar.

XS
SM
MD
LG