ABŞ prezidenti Donald Tramp NATO-nu yenidən sərt tənqid edib. O, alyansın baş katibi Mark Rutte ilə Vaşinqtonda görüşündən az sonra üzv ölkələrin "lazım olanda" Birləşmiş Ştatların yanında olmadığını bildirib.
"NATO bizə lazım olanda yanımızda deyildi, yenə ehtiyac olsa, olmayacaq. Qrenlandiyanı xatırlayın, o böyük, pis idarə olunan buz parçasını!!!", – Tramp aprelin 8-də "Truth Social"da böyük hərflərlə yazıb.
Tramp uzun müddətdir 77 illik transatlantik alyansı "köhnəlmiş" adlandırır, üzvlərin müdafiə xərclərindən öz paylarına düşəni ödəmədiyini deyir. NATO qurulandan ABŞ onun əsas tərəfdaşıdır.
ABŞ və İsrailin İranla müharibəsi başlayandan Tramp tənqidlərini daha da gücləndirib. O bildirib ki, ehtiyacı olanda alyans ABŞ-yə kömək etməyib.
NATO-nun əksər üzvləri isə bildirib ki, müharibə başlamazdan onlarla məsləhətləşmə aparılmayıb, onların iştirakı istənilməyib. İtaliya, İspaniya və Böyük Britaniyanın ərazilərində ABŞ bazaları yerləşir. Onlar bu bazaların İrana qarşı hücum əməliyyatları üçün istifadəsinə icazə verməyə tərəddüd göstəriblər.
"Bir çox NATO müttəfiqlərindən açıq narazıdır"
Tramp həmçinin Qrenlandiyanın ABŞ-nin suverenliyinə keçirilməsini tələb edib, NATO-dan adanın alyans üzvü Danimarkanın nəzarətindən alınıb ABŞ-yə verilməsini istəyib. Bu isə alyans daxilində gərginliyi artırıb. Üzv ölkələr Trampın açıqlamalarını tənqid edib, Danimarkanın mövqeyini dəstəkləyiblər.
NATO rəhbəri M.Rutte CNN-ə bildirib ki, Trampla görüş "açıq və səmimi" keçib. Tramp isə ABŞ-nin NATO müttəfiqlərindən narazılığını ifadə edib.
Ruttenin sözlərinə görə, o, ABŞ prezidentinə Avropa ölkələrinin böyük əksəriyyətinin İranla müharibədə ABŞ-nin hərbi səylərinə dəstək verdiyini bildirib.
"Tam açıq deyim, Tramp bir çox NATO müttəfiqlərindən açıq narazıdır, onun mövqeyini anlaya bilirəm", – Rutte söyləyib.
Baş katib əlavə edib ki, İranın nüvə və ballistik raket potensialının zəiflədilməsi geniş dəstək qazanıb, bunu yalnız ABŞ həyata keçirə bilib.
ABŞ-ni NATO-dan çıxaracağını demişdi
Tramp görüş zamanı Birləşmiş Ştatların NATO-dan çıxa biləcəyi fikrini təkrarlayıbmı? Rutte bu sualı belə cavablandırıb: "Dediyim kimi, açıq narazılıq var, amma o, arqumentlərimi diqqətlə dinlədi. Ona xatırlatdım ki, Haaqa razılaşmasına uyğun olaraq, müdafiə xərcləri öhdəliyinin yerinə yetirilməsində onun liderliyi mühüm rol oynayıb".
Tramp aprelin 1-də "Reuters"ə demişdi ki, İran məsələsində alyansın yetərincə dəstək vermədiyini düşünür və "qətiyyətlə" ABŞ-nin NATO-dan çıxmasını nəzərdən keçirir.
Ekspertlərə görə, Trampın Konqresin razılığı olmadan ABŞ-ni birtərəfli qaydada NATO-dan necə çıxaracağı aydın deyil.
"The Wall Street Journal" yazıb ki, Tramp İranla müharibədə ABŞ və İsrail qüvvələrinə yetərincə dəstək vermədiyini düşündüyü bəzi NATO ölkələrini cəzalandırmaq planını nəzərdən keçirir. Qəzetin adını açıqlamadığı administrasiya rəsmilərinə istinadən yazdığına görə, bu plan ABŞ qoşunlarının bəzi NATO ölkələrindən çıxarılıb daha çox dəstək verən ölkələrə yerləşdirilməsini nəzərdə tutur.