ABŞ və İran 60 günlük yol xəritəsini razılaşdırıb
Qətər və Pakistan ABŞ-İran danışıqlarının ilk raundunun yekunlarına dair birgə bəyanat yayıb. Bildirilib ki, İsveçrənin Bürgenştok şəhərində keçirilən görüş "müsbət və konstruktiv atmosferdə" baş tutub, həmçinin növbəti texniki danışıqlar üçün mexanizmin yaradılması da daxil olmaqla, ümidverici tərəqqiyə nail olunub.
Görüşün nəticəsi olaraq tərəflər danışıqlar prosesinə nəzarət üçün Yüksək Səviyyəli Komitə təsis ediblər. Komitənin nəzdində fəaliyyət göstərəcək işçi qruplar nüvə proqramı və sanksiyalar məsələləri ilə məşğul olacaq, razılaşmanın icrasına nəzarət edib mübahisələri çözəcək. Komitə artıq 60 gün ərzində yekun sazişə nail olmaq üçün "yol xəritəsi"ni razılaşdırıb.
Bundan əlavə, tərəflər Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti və yarana biləcək problemlərin qarşısını almaq üçün birbaşa rabitə xətti açmaq, eləcə də Livandakı atəşkəsə nəzarət edəcək koordinasiya mərkəzi yaratmaq barədə razılaşıblar. Bütün məsələlər üzrə texniki danışıqlar həftənin sonuna qədər Bürgenştokda davam edəcək.
ABŞ hələlik Qətər və Pakistanın bəyanatlarını şərh etməyib. Tərəflərin distant şəkildə imzaladığı memoranduma əsasən, onlar Hörmüz boğazını blokadadan azad etmək öhdəliyi götürüb, ABŞ isə sənəd imzalanan kimi İrana neft satışına icazə verib. Medianın yaydığı layihə mətninə görə, yekun saziş bağlandıqdan sonra ABŞ mərhələli şəkildə bütün növ sanksiyaları ləğv etməyi, dondurulmuş İran aktivlərini qaytarmağı, habelə İran üçün bərpa planı hazırlamağı öhdəsinə götürüb.
Vaşinqton hələlik Qətər və Pakistanın birgə bəyanatını rəsmi olaraq şərh etməyib. ABŞ vitse-prezidenti C.D.Vens daha öncə bildirmişdi ki, tərəflər həm gələcək razılaşma, həm də Livanda İsraillə "Hizbullah" arasında davam edən toqquşmalarla bağlı bir çox məsələni hələ də yoluna qoymalıdırlar.
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə açıldığını elan edib. O, iyunun 21-də bildirib ki, boğazdan rekord həcmdə neft daşınıb: "Boğaz tam açıqdır. İki mühüm nəticə əldə etdik: su yolu açıqdır və İran heç vaxt nüvə silahına sahib olmayacaq."
ABŞ Senatı İranla müharibənin dayandırılmasını tələb edən qanun layihəsini az səs fərqi ilə təsdiq edib.
Yeni sənədə əsasən, prezident Donald Tramp yenidən hərbi əməliyyata başlamaq istədikdə, Konqresdən mütləq icazə almalıdır. Bu, ABŞ tarixində hərbi səlahiyyətlərlə bağlı həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul edilən ilk qətnamədir.
Fars körfəzində 1150 gəmi gözləyir – 125 milyard dollarlıq tıxac
Tehran və Vaşinqton arasında hərbi əməliyyatların dayandırılması barədə ilkin razılıq əldə olunsa da, 1150-yə yaxın gəmi hələ də Fars körfəzini tərk edə bilmir. Almaniyanın ən böyük sığorta şirkəti olan "Allianz" həmin gəmilərin və onlardakı yüklərin ümumi dəyərini təxminən 125 milyard dollar həcmində qiymətləndirir.
"Allianz"ın eksperti Yustus Haynrix bu müharibədə gəmiçiliyin girov götürüldüyünü vurğulayıb. Onun sözlərinə görə, Hörmüz boğazında vəziyyət tamamilə normallaşsa belə, gəmilərin regionu tərk etməsi və yüklərin təyinat məntəqələrinə çatdırılması həftələrlə vaxt aparacaq.
İran və ABŞ arasındakı razılaşmaya rəğmən, gəmiçilik şirkətləri Fars körfəzi regionunda risk səviyyəsini hələ də yüksək qiymətləndirirlər. Livanda döyüşlərin yenidən alovlanması fonunda İranın Hörmüz boğazını müvəqqəti olaraq bağladığını elan etməsi biznes dairələrinin narahatlığını daha da artırıb.
Haynrix bildirib ki, beynəlxalq dənizçilik təşkilatları ilə alman gəmi sahibləri hələ ki ekipaj, eləcə də gəmilər üçün riskləri dəqiq proqnozlaşdıra bilmirlər. Bu səbəbdən, vəziyyət köklü şəkildə dəyişməyənə qədər gəmilər lövbər dayanacaqlarını tərk etməyəcəklər.
Ekspert İranın qlobal iqtisadiyyata təsir etmək üçün güclü rıçaqa sahib olduğunu xatırladıb: dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (MTQ) daşımalarının 20-25 faizi məhz Hörmüz boğazından keçir.