Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 09:17
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp: İranla müharibə 'çox tezliklə' başa çatacaq

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp: İranla müharibə 'çox tezliklə' başa çatacaq

ABŞ prezidenti Donald Tramp avqustun 6-da deyib ki, İranla müharibənin tezliklə başa çatacağına inanır. O, Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqların davam etdiyini də söyləyib.

Oval kabinetdə jurnalistlərə danışan Trampa görə, İran münaqişəni daha uzun müddət davam etdirə bilməyəcək.

"Məncə, çox tezliklə başa çatacaq. Düşünmürəm ki, onlar bu vəziyyəti daha uzun müddət davam etdirə bilsinlər", – Tramp İranı nəzərdə tutaraq deyib.

Bu arada, İran və Oman Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma üzərində işləyir. Amma bir sıra vacib detallar hələ də razılaşdırılmayıb. "Reuters" avqustun 5-də yazırdı ki, təklif olunan saziş İrana boğaza daxil olan gəmilərin hərəkətinə nəzarət etmək hüququ verə bilər.

ABŞ Oman sularından keçən cənub gəmiçilik marşrutunu Hörmüz boğazından alternativ keçid kimi irəli sürüb. Bu marşrut Hörmüz boğazındakı mərkəzi kanalın minalara görə təhlükəli elan edilməsindən sonra yaradılıb.

ABŞ və İsrail fevralın 28-də İrana zərbələr endirməyə başlayıb. İran Hörmüz boğazı və onun ətrafındakı ticarət gəmilərinə, eləcə də Oman sularından keçən cənub marşrutundan istifadə edən gəmilərə dəfələrlə zərbələr endirib.

Tramp ABŞ ordusunda bəzi silah-sursatların çatışmadığını da etiraf edib.

"Bizim çox güclü bəzi sursat növlərimiz var ki, onların ehtiyatı, demək olar, qeyri-məhduddur. Digər növlər üzrə isə vəziyyət bir qədər gərgindir", – Tramp deyib.

Tramp bildirib ki, ABŞ müdafiə şirkətləri əlavə istehsal müəssisələri, o cümlədən "Patriot" və "Tomahawk" raketlərinin istehsalı üçün zavodlar tikirlər.

"Reuters" avqustun 4-də xəbər vermişdi ki, ABŞ ordusu İranla müharibədə yüksək dəqiqlikli və uzaqmənzilli ATACMS və PrSM raketlərinin qlobal ehtiyatının böyük hissəsini tükədib. İki mənbə "Reuters"ə bildirib ki, ABŞ ordusu bu silahların "demək olar ki, hamısını" istifadə edib.

Husilər Səudiyyə Ərəbistanını vurdu: 11 yaralı

Yəməndə İranın dəstəklədiyi husilərin avqustun 6-da Səudiyyə Ərəbistanının cənubuna hücumu nəticəsində 11 mülki şəxs yaralanıb. Krallıq yaxın vaxtlarda husilərlə İranın İraqda dəstəklədiyi silahlıların koordinasiyalı hücumlar keçirə biləcəyi barədə xəbərdarlıq edib.

Nəcran vilayətinə hücum zamanı yeddi Səudiyyə Ərəbistanı, bir Yəmən, iki Misir və bir Pakistan vətəndaşı yaralanıb. Yaralananlar arasında ikinci dərəcəli yanıq xəsarətləri alan dördyaşlı bir uşaq da var.

Husilər və İran hələlik bu açıqlamaya münasibət bildirməyiblər.

Tramp: 'İranla müharibədənsə, razılaşmaya üstünlük verirəm'

ABŞ prezidenti Donald Tramp avqustun 5-də bildirib ki, İrana qarşı yeni hərbi əməliyyatlara başlamaqdansa, Tehranla diplomatik razılaşma əldə etməyə üstünlük verir. Onu da vurğulayıb ki, İran nüvə silahı əldə etməməlidir.

"Ya razılaşma əldə edəcəyik, ya da işi başa çatdıracağıq. Və onu başa çatdırmaq çətin olmayacaq. Mən razılaşmaya üstünlük verərdim, çünki 91 milyon insana zərər vurmaq istəmirəm", – Las-Veqasda çıxış edən Tramp söyləyib.

Tramp həm də iddia edib ki, ABŞ daha genişmiqyaslı hərbi zərbə endirməyə hazırlaşdığı bir vaxtda İran danışıqlara başlamaq istəyib. Onun sözlərinə görə, məhz hərbi təzyiqlər Tehranı danışıqlar masasına qayıtmağa vadar edib.

Bu arada, Tramp administrasiyası İranla danışıqları davam etdirəcəyini bildirir. Müzakirələrdə Hörmüz boğazının yenidən açılması məsələsi də əsas yer tutur.

Hörmüz boğazında neft tankeri yaxınlığında partlayışlar olub

Oman sahilləri yaxınlığında, Hörmüz boğazından keçən neft tankeri bir neçə partlayış səsi eşitdiyini xəbər verib. Məlumatı Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı (UKMTO) avqustun 6-da yayıb.

"Neft tankerinin kapitanı Hörmüz boğazından keçərkən iki partlayış səsi eşitdiyini bildirib", – UKMTO X platformasında yazıb.

Hadisənin avqustun 5-i gecə saatlarında Oman sahillərindən təxminən 9 dəniz mili cənub-şərqdə baş verdiyi qeyd olunub.

Təşkilat bildirib ki, daxil olan məlumata əsasən, gəmi və heyət üzvləri təhlükəsizdir, ətraf mühitə də heç bir ziyan dəyməyib.

Bu arada, İran Xarici İşlər Nazirliyi Hörmüz boğazının birgə idarə olunması ilə bağlı Omanla danışıqlar apardıqlarını açıqlayıb.

ABŞ və İsraillə müharibə başlayandan İran Hörmüz boğazını bir neçə dəfə bağlayıb. Tehran daha əvvəl də özünün müəyyən etdiyi marşrutlardan kənara çıxan və müvafiq icazəsi olmayan gəmilərə atəş açmışdı.

Davamı

XS
SM
MD
LG