'X' dezinformasiya araşdırması çərçivəsində 13 min hesabı bloklayıb
"X" sosial media platforması ABŞ-dəki siyasi müzakirələrə təsir göstərməyi hədəfləyən 13 mindən çox hesabı blokladığını bildirib. Bu hesabların İran, Rusiya və Çinlə əlaqəli üç xarici təsir əməliyyatının tərkib hissəsi olduğu vurğulanır.
Şirkətin oktyabrın 14-də verdiyi bəyanata görə, saxta profillərlə müxtəlif namizədləri və ictimai xadimləri hədəf alan bu şəbəkələr siyasi məzmunlu paylaşımları daha geniş auditoriyaya yaymağa çalışıblar.
Sosial platforma noyabrın 3-də ABŞ-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində yeni məzmun qaydalarını açıqlayıb. Qaydalara əsasən, səsvermənin vaxtı, yeri və qaydası barədə yanlış məlumatların yayılması, həmçinin seçici fəallığının qarşısını almaq və seçiciləri qorxutmaq cəhdləri qadağandır.
Bu açıqlamadan əvvəl "OpenAI" şirkəti də bir neçə "ChatGPT" hesabını blokladığını bəyan etmişdi. Həmin hesabların İrandan idarə olunduğu, saxta jurnalist kimlikləri vasitəsilə gizli təsir əməliyyatını dəstəklədiyi bildirilirdi.
Hörmüz boğazında gəmilərə hücumlar müharibə dövrünün pik həddinə çatıb
Son günlər Hörmüz boğazında və onun ətrafında azı 10 gəmi hücuma məruz qalıb. Bu, fevralın sonlarında ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri qeydə alınan ən yüksək gündəlik göstəricidir.
Sinqapurun Dənizçilik və Liman İdarəsinin bildirdiyinə görə, oktyabrın 13-ü və 14-də Sinqapurda qeydiyyatdan keçmiş iki konteyner gəmisi naməlum mərmilərlə vurulub. "GFS Pride" gəmisində yanğın baş verib və gəmi batıb; onun 21 ekipaj üzvü təxliyə edilib. "GFS Giselle" gəmisinin isə gövdəsi zədələnsə də, lövbər salacağı yerə təhlükəsiz çata bilib və gəminin 22 ekipaj üzvünün hamısı salamatdır.
"Vanguard Maritime Security" şirkəti oktyabrın 13-də dörd hücumun qeydə alındığını xəbər verib. Onlardan biri də "Alfonso" tankeridir ki, məlumat yayılan zaman onun taleyi hələ məlum deyil.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri isə bir konteyner gəmisinin Tehranın icazəsiz saydığı marşrutla hərəkət edərkən dəniz minasına toxunaraq batdığını bildirib. Amma bunun məhz "GFS Pride" gəmisi olub-olmadığı hələlik dəqiq deyil.
"France Presse" agentliyinin məlumatına görə, oktyabrın əvvəlindən bəri regionda gəmilərə qarşı 23 hücum qeydə alınıb. Beynəlxalq Dəniz Təşkilatının hesabatında isə oktyabrın 13-dək 106 insidentin təsdiqləndiyi və 24 dənizçinin həyatını itirdiyi qeyd olunur.
Hörmüz boğazı Fars körfəzindən neft ixracı üçün həyati əhəmiyyətli marşrut olduğundan, bu hücumlar qlobal enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb.
Bununla yanaşı, ABŞ-nin İran limanlarına qarşı dəniz blokadası hələ də davam edir.
Gəmilərə edilən ayrı-ayrı hücumlara görə konkret kimin məsuliyyət daşıdığı isə hələlik rəsmən təsdiqlənməyib.
Pentaqon: İranla müharibədə 21 ABŞ hərbçisi həlak olub
Pentaqon İranla müharibədə ABŞ hərbçilərinin itkiləri ilə bağlı məlumatları yeniləyib. İndiyədək müharibədə 18 deyil, 21 hərbçi həlak olub, 865 nəfər yaralanıb. Avqust ayından bəri yaralıların sayı 98 nəfər artıb.
Yeni rəqəmlər Hərbi İtkilərin Təhlili Sistemində (Defense Casualty Analysis System) dərc olunub. Nazirlik statistikanı niyə yenilədiyini açıqlamayıb. ABŞ və İran arasında aktiv döyüş əməliyyatları bir neçə həftə əvvəl dayanıb.
Konqresin Nümayəndələr Palatasının Silahlı qüvvələr komitəsi itkilərlə bağlı hesabatlarda uyğunsuzluqlar aşkarlayandan sonra konqresmenlər Adam Smit və Krissi Hulahan Pentaqondan izahat istəyiblər.
Konqresmenlər bu miqyasda səhvin heç bir bəraəti olmadığını deyərək müdafiə naziri Pit Heqseti məlumatların vaxtında düzəldilməməsinə görə tənqid ediblər.
"The Washington Post" sentyabrda ABŞ hərbçilərinin İranla münaqişədəki real itkilərinin rəsmi rəqəmlərdən çox olduğunu yazıb. Heqset bu xəbəri "yalan" adlandırıb və qəzeti yanlış məlumat yaymaqda ittiham edib.
Statistika ilk dəfə deyil ki, yenilənir. Pentaqon iyulun 20-də heç bir izahat vermədən xəsarət alanların sayının 100 nəfər artdığını açıqlayıb, üç gün sonra isə ölənlərin sayının 18 yox, 14 olduğunu bildirib.
İyulun sonunda nazirlik bildirib ki, İrana qarşı "Epik Qəzəb" əməliyyatı iyunda atəşkəs əldə olunandan sonra başa çatıb və bundan sonrakı itkilər "xarici əməliyyatlar" kateqoriyasında qeydə alınacaq.
"The New York Times"ın yazdığına görə, ABŞ komandanlığı İrana qarşı irimiqyaslı döyüş əməliyyatlarını bərpa etməyi nəzərdən keçirir, lakin, hələlik, yekun qərar qəbul olunmayıb.
İran iddia edir ki, ABŞ danışıqlar üçün bəzi şərtlərlə razılaşıb
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi iddia edir ki, ABŞ danışıqların bərpası üçün İranın bəzi şərtləri ilə razılaşıb.
Möhsün Rzayi oktyabrın 11-də gecə X sosial şəbəkəsində yazıb ki, Tehran diplomatiyanı bərpa etmək üçün ABŞ-nin cavabını hələ də yetərli saymır.
"ABŞ İranın yeddi şərtindən bəziləri ilə razılaşıb, amma onun cavabını QEYRİ-KAFİ hesab edirik. İran diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıtmayacağıq", –Rzayi vurğulayıb.
AzadlıqRadiosu məsələ ilə bağlı Ağ evdən şərh istəyib.
Rzayi ötən ay müharibəni bitirmək üçün irəli sürdükləri yeddi şərtdən beşini açıqlamışdı. Bunlara İranın dondurulmuş aktivlərinin qaytarılması, bütün cəbhələrdə müharibəyə son qoyulması, İranın daxili işlərinə müdaxilənin və ərazisinə hücumların dayandırılması, həmçinin ABŞ-nin dəniz blokadasının ləğvi daxildir.
ABŞ prezidenti Donald Tramp ötən həftə bildirib ki, Vaşinqton noyabrda keçiriləcək aralıq seçkilərindən əvvəl İrana yeni hərbi zərbələr endirməyəcək. Amma o, bunu da vurğulayıb ki, İran daha geniş bir razılaşmanın əldə olunması üçün hələ də uyğun şərtlər təklif etməyib.