Tramp: ABŞ aralıq seçkilərinədək İrana hücum etməyəcək
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla "məhsuldar" müzakirələr apardığını və Konqresə noyabrda keçiriləcək aralıq seçkilərinədək bu ölkəyə hücum edilməyəcəyini bildirib.
Tramp İranın "çox pis" vəziyyətdə olduğunu iddia edib. O deyib ki, ABŞ qüvvələrinin İran limanlarına dəniz blokadası qüvvədə qaldığı müddətdə bu ölkə iqtisadi və hərbi çətinliklər yaşamağa davam edəcək.
Tramp oktyabrın 8-də "Truth Social" platformasında yazıb ki, "blokada tam qüvvədə qalacaq, Hörmüz boğazından isə rekord həcmdə neft daşınır".
Prezident təkcə ötən gecə Hörmüzdən 22 milyon barel neft keçdiyini bildirib.
Bu arada, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) son günlər boğazda gəmilərə qarşı bir neçə hücumun qeydə alındığı barədə məlumat yayıb.
Son vaxtlar bu strateji dəniz yolu vasitəsilə neft daşımaları xeyli bərpa olunmuşdu. Lakin tankerlərə edilən yeni hücumlar gəmilərin hərəkətini yenidən zəiflədib.
Son həftələrdə Tehran və Vaşinqton arasında müharibəni bitirmək və boğazda təhlükəsizliyi bərpa etmək üçün təkliflər mübadiləsi aparılır. Buna baxmayaraq, İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.
Hörmüzdən keçən kapitanlara 100 min dollar təklif olunur
Neft tankerlərinin Hörmüz boğazından keçməsi üçün kapitanlara ayda 100 min dollaradək maaş, hər keçidə görə isə 50 min dollaradək bonus təklif olunur. "The Financial Times" (FT) nəşrinin oktyabrın 6-da yazdığına görə, bu təklifi gəmi sahibləri edirlər.
Qəzet tanker sahiblərinə və gəmi heyətlərinə yaxın üç mənbəyə istinadən yazır ki, bu ödənişlər boğazdan keçməyin və Körfəzdən neft ixracını davam etdirməyin yaratdığı risklərə görə əlavə kompensasiya kimi nəzərdə tutulub.
Tanker kapitanları adətən ayda təxminən 15 min dollar qazanırlar. Digər heyət üzvlərinin aylıq qazancı isə cəmi 1500 dollar ola bilər. FT-nin yazdığına görə, Qırmızı dənizin cənubunda və Oman körfəzində işləyən heyət üzvləri adi maaşlarının iki qatını, Hörmüz boğazından keçənlər isə dörd-altı mislini ala bilərlər.
Təhlükələr səbəbindən boğazdan neft daşınmasının qiyməti də kəskin artıb. FT yazır ki, yükdaşıma tarifləri gündəlik 1.3 milyon dollara çatıb. Üstəlik, bəzi tankerlər üçün müharibə riskindən sığorta haqqı hər səfərə görə 20 milyon dollaradək yüksələ bilər.
Beynəlxalq Dəniz Təşkilatı oktyabrın 6-dək Hörmüz boğazında və ətraf regionda 93 dəniz insidentinin baş verdiyini təsdiqləyib, bu hadisələrdə 24 dənizçi həlak olub.
"Kpler" analitik şirkətinin məlumatına görə, sentyabrın son həftəsində Yaxın Şərqdən gündəlik orta hesabla 18.3 milyon barel xam neft ixrac edilib. "Reuters" də sentyabrın ilk iki həftəsində ixracın müharibədən əvvəlki səviyyəni keçdiyini xəbər verib.
Hörmüz boğazından adi vaxtlarda gündə təxminən 125 iri ticarət gəmisi keçir. Dünyada daşınan xam neft və mayeləşdirilmiş təbii qazın 20 faizi məhz bu strateji boğazın payına düşür.
ABŞ ordusu: İranın blokadası zamanı 13 gəmi məhv edilib
ABŞ qüvvələri oktyabrın 5-də Yaxın Şərqdə 130-cu ticarət gəmisinin istiqamətini dəyişdirib. ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Vaşinqtonun İrana qarşı dəniz blokadası qüvvədədir.
Məlumata görə, İran limanlarına daxil olmaq və ya oradan çıxmaq istəyən gəmilərə qarşı blokada prezident Donald Trampın göstərişi ilə iyulun 14-də bərpa olunub. ABŞ qüvvələri tələblərə əməl etməyən üç gəmini dayandırıb.
CENTCOM son 12 həftə ərzində blokadanı pozduqları və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) gizli şəbəkəsinə daxil olduqları deyilən 13 ticarət gəmisini məhv edib.
"Ordu bu missiyaya daha çox fokuslanıb", – CENTCOM-un komandanı, admiral Bred Kuper bildirib. Onun sözlərinə görə, qüvvələr blokadanı yarmağa çalışan istənilən gəmiyə qarşı dərhal hərəkətə keçəcək.
CENTCOM Oman körfəzi və Hörmüz boğazı yaxınlığındakı dənizçilərə ABŞ Hərbi Dəniz Qüvvələrinin bildirişlərini izləməyi tövsiyə edib.
ABŞ blokadanı əvvəlcə aprelin 13-dən iyunun 18-dək tətbiq edib. Tehranla hərbi qarşıdurma müvəqqəti səngiyəndə blokada aradan qaldırılıb. Vaşinqton iyulun 14-də - İranla döyüşlər bərpa olunanda blokadanı yenidən tətbiq edib. ABŞ ordusu hazırda İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatını hədəf almağa davam edir.
İran İsfahandakı etirazlarla bağlı daha iki nəfəri edam edib
İsfahandakı "Əlixani meydanı işi" üzrə təqsirləndirilən daha iki şəxsin oktyabrın 5-də səhər tezdən şəhərin Dəstgerd həbsxanasında edam edildiyi bildirilir. Əlirza Sepahi və Əlirza Rəisi 2026-cı ilin yanvar etirazları zamanı saxlanılmışdılar.
Bundan əvvəl İranın insan haqları təşkilatları 25 yaşlı Sepahinin edam hökmünün icrasının yaxınlaşması ilə bağlı narahatlıq ifadə etmişdilər. "İran İnsan Haqları" təşkilatı və Vaşinqtonda yerləşən İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) Sepahinin təkadamlıq kameraya köçürüldüyünü, ailəsinin isə son görüş üçün həbsxanaya çağırıldığını xəbər vermişdi. Bu addımlar onun tezliklə edam ediləcəyi qorxusunu artırmışdı.
Oktyabrın 4-də axşam "İran İnsan Haqları" təşkilatı Sepahinin hər an edam edilə biləcəyini bildirmişdi. Oktyabrın 5-də isə artıq edam xəbəri yayılıb. Rəisinin yaxınları da onun edam edildiyini sosial şəbəkələrdə təsdiqləyiblər.
"Əlixani meydanı işi" yanvarın 8-də İsfahanda ölkəboyu kütləvi etirazlar fonunda İran təhlükəsizlik qüvvələrinin dörd əməkdaşının ölümü ilə bağlı açılıb. İranın dövlət mediası bəzi təqsirləndirilən şəxslərin etirafları kimi təqdim olunan videoları, dindirmələrin görüntülərini yayıb. İnsan haqları təşkilatları isə bu etirafların etibarlılığını şübhə altına alıblar. Təqsirləndirilən şəxslər buna məcbur edildiklərini, pis rəftara məruz qaldıqlarını bildiriblər.
Sepahi və Rəisidən əvvəl həmin iş üzrə beş nəfər edam olunub: İrfan İsfəndiyari, Gülməhəmməd Məhəmmədi, Əbülfəzl Sepahi Badcani, Əmirhüseyn Səfəri Hüseynabadi və Qaim Hüseyni.
İnsan haqları təşkilatları və xarici ölkələr İranı etirazçılara ölüm cəzası verdiyinə görə dəfələrlə kəskin tənqid ediblər. Onlar bu edamların cəmiyyətdə qorxu yaratmaq və yeni etiraz dalğalarının qarşısını almaq məqsədi daşıdığını vurğulayırlar.
"Amnesty International"in məlumatına görə, İran 2025-ci ildə azı 2 min 159 nəfəri edam edib. Bu, təşkilatın son 40 ildə İranda qeydə aldığı ən yüksək illik göstəricidir.